525.Az

Ombudsman BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi ilə görüşdü


 

Ombudsman BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi ilə görüşdü<b style="color:red"></b>

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Guido Ambroso ilə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müvəkkil Səbinə Əliyeva Ombudsman institutunun qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyət barədə məlumat verib. O, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında Konstitusiya Qanununa əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin də Ombudsmana müraciət etmək hüququnun olduğunu, bu kateqoriyalardan olan insanlardan müraciətlər aldığını bildirib. Belə müraciətlərə heç bir ayrı-seçkiliyə yol verilmədən hər birinə diqqətlə baxıldığı, müsbət həlli istiqamətində müvafiq işlər görüldüyü qeyd olunub.
Söhbət zamanı Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox azərbaycanlının bütün fundamental hüquqlarının pozulduğu qonağın diqqətinə çatdırılıb. Bu kateqoriyaya aid insanların hüquq və azadlıqlarının təmin edilməsinin Ombudsmanın fəaliyyətində prioritet istiqamətlərdən biri olduğu vurğulanıb.

Görüşdə birgə təlim-seminarların və maarifləndirmə tədbirlərinin təşkili, miqrantların hüquqlarının səmərəli təmini, onların vətəndaşlıq problemlərinin həlli, qanunvericiliyin təkmilləşdirilməsi üzrə əməkdaşlıq istiqamətləri müzakirə olunub. Ombudsman, eyni zamanda, iki qurum arasında mövcud əməkdaşlığın genişləndirilməsi məqsədilə yeni və daha uzunmüddətli anlaşma memorandumunun imzalanmasını təklif edib.

Qonaq Ombudsmanın məcburi köçkün və miqrantların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətini yüksək qiymətləndirib. O, iki qurum arasındakı əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

 





12.02.2020    çap et  çap et