525.Az

Nazir müavini: "Dövlət sifarişi əsasında tələbə qəbulu planı 71 faiz artıb"


 

Nazir müavini: "Dövlət sifarişi əsasında tələbə qəbulu planı 71 faiz artıb"<b style="color:red"></b>

"İnkişaf tendensiyaları və trendləri nəzər alınaraq son illərdə texniki-texnoloji ixtisaslar üzrə kadr hazırlığına xüsusi diqqət yetirilir".

APA-nın məlumatına görə, bunu "Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Təhsil nazirinin müavini İdris İsayev bildirib. Onun sözlərinə görə, builki tədris ilində bilavasitə innovasiyaların tətbiqinə yönəldilmiş  texniki və texnoloji ixtisas qrupu üzrə ötən ilə nisbətən 4,3 faiz artım olub: "Tələbələrin sayı 10756 nəfərə çatdırılıb. Bu artım dövlət sifarişi ilə qəbul planında daha hiss olunan dərəcədədir. Belə ki, dövlət sifarişi əsasında tələbə qəbulu planı texniki və texnoloji ixtisas qrupu üzrə 71 faiz artıb. Həmin ixtisas qrupuna daxil olan informasiya texnologiyaları ixtisaslarına dövlət sifarişi əsasında qəbul planı 2,3 dəfə, o cümlədən kompüter elmləri ixtisası üzrə 1,9 dəfə, kompüter mühəndisliyi ixtisası üzrə 2,4 dəfə, kompüter texnologiyaları ixtisası üzrə 2,6 dəfə, informasiya təhlükəsizliyi ixtisası üzrə 3,9 dəfə artıb".

Nazir müavini deyib ki, bununla yanaşı son illərdə Azərbaycan universitetlərinin dünyanın aparıcı universitetləri ilə beynəlxalq əlaqələri əhəmiyyətli dərəcədə artıb: "Hazırda universitetlərimizdə beynəlxalq akkreditasiyadan keçmiş 11 təhsil proqramı tətbiq edilir ki, bunların da 4-ü məhz texniki-texnoloji ixtisas qrupları üzrədir. Eyni zamanda, ölkəmizin 10 universiteti dünyanın 20 universiteti ilə 25 ixtisas və ixtisaslaşma üzrə ikili diplom proqramları üzrə kadr hazırlığını həyata keçirir ki, bunların da 7-si məhz texniki və texnoloji ixtisaslara aiddir".

 





13.02.2020    çap et  çap et