525.Az

Bu çiçək yağışı... - Loğman Rəşidzadənin yazısı


 

Bu çiçək yağışı... - <b style="color:red">Loğman Rəşidzadənin yazısı </b>

Boz-bulanıq günlərimizin içərisində özümüz də gözləmədiyimiz kimi bəzən elə anlar yaşayırıq ki, yaddaşa, həzin xatirəyə çevrilir. Bu, hərdənbir tale töhfəsi kimi də gəlir. Əslində, biz Tanrının bizə ayırdığı vaxtı necə yaşamağımızı yaxşı bilməli və qiymətləndirməliyik. Onda biz özümüz-özümüzə qayıdırıq, duruluruq, təmizlənirik, yaşamaq qiymətli olur o zaman.

Məhşur qələm əhli, istedadlı şair, publisist, yaxın dostum Adil Cəmil deyəndə ki, Rahib müəllim dünyasını vaxtsız dəyişmiş dostu haqqında yazdığı kitabın təqdimat mərasiminə bizi dəvət edib, təklifi məmnuniyyətlə qarşıladım. Sonsuz hörmət bəslədiyim gözəl qəlbli, həssas, duyumlu insan olan Rahib Qarayev hüquq-mühafizə orqanlarında çalışır, polis polkovnikidir, Respublika Daxili İşlər Nazirliyində məsul bir görəvdə - Şəxsi Heyətlə İş İdarəsinin rəisi vəzifəsində işləyir. Söhbət heç də onun vəzifəsindən, zərli paqonlarından və epoletlərindən getmir. Məsələ burasındadır ki, o, qələm adamıdır, söz xiridarıdır. Çiynində gəzdirdiyi paqonlar ürəyində böyük bir söz dünyası daşımaqda heç də ona mane olmur. Şeirlərində, publisistik qeydlərində doğulub boya-başa çatdığı Laçın dağlarının saf havasını yaşatdığı kimi, çağdaş ictimai-sosial mühitin ziqzaqlarının təsnifatını da geniş analitik təhlillərlə dərindən əks etdirə bilir. Yaradıcılığı da özü kimi səmimidir. Odur ki, onun düzənlədiyi məclis məni doğrudan-doğruya cəlb etdi. Və sıradan bir kitab təqdimatı ovqatıyla da məclisə gəldim.

İlk baxışdan toplantının fərqli aurası ovqatıma hopdu. Elə lap əvvəldən Adil müəllim deyəndə ki, təqdimat “Gənclik” tərəfdə bir "Mərasim zalı" var, orada baş tutacaq, bax, o zaman mənə çöçün gəlmişdi. Kitab təqdimatı hara, "Mərasim zalı" hara?.. İndi burada da fərqli düzən və fərqli statuslu bir məclisə düşdüyümü görəndə əvvəlcə, yüngülvari şaşırdım. Stolların üstünə yas mərasimi ovqatı yaradan şirniyyatlar düzülmüşdü - halva, şorqoğal, xurma və s. Sonra isə təzadlı illüstrasiyalar... Üst-üstə qalanmış kitablar... Sonra isə... sonra isə tünd rəngləri, parlaq görüntüləri ilə insanı alıb aparan çiçəklər - qərənfil, qızılgül dəstələri... Tamam fərqli görüntülər... Bu, nə yas mərasiminə oxşayırdı, nə kitab təqdimatına, nə ad gününə, nə də hansısa yaddaş düzəninə. Sonradan öyrəndim ki, Rahib Qarayevin dostu, uzun müddət Gəncədə, Şəmkirdə, Qazaxda polis rəisi işləmiş, dövlət və xalq qarşısında nümunəvi xidmətləri ilə seçilmiş, yaddaşlarda əbədi iz buraxmış polis polkovniki Şükür Mehdiyevin xatirəsinə bağladığı "Ötən ilin son günü - 9 fevral" adlı kitabın təqdimat mərasimi mərhumun həm anım günü xatirəsinin yaşantısı, həm də kitab haqqında diskussiya məqamı kimi düşünülüb. Tamam yeni bir format. Ənənəyə yeni bir rəng qatan yaradıcı bir düşüncə məhsulu. Bu özü də Rahib müəllimin həssas bir yaradıcılıq nümunəsidir. Xəyalımı bu zərif çiçəklər alıb aparmışdı. Və elə bu anda məşhur həzin və kədərli mahnının sözləri ürəyimdə səslənməyə başladı:

... Bəzən bir ümid,
Bəzən göz yaşı
Gətirir,
Bu çiçək yağışı...

Gözümün qabağına ucsuz-bucaqsız məzarlıqlar gəlir, gül dəstələri, canlı çiçək sərgiləri şəkillənir xəyalımda, qəribə də olsa toxtayıram. Bəlkə insanlar doğma məzarlıqları gül-çiçəyə bürüyərək dünyasını dəyişənə qiymət verməklə yanaşı, eləcə özlərini də toxtadır, dərdi daha yaxşı ovuda bilirlər?.. 20 yanvar günlərində, Xocalı faciəsi anımlarında, Heydər Əliyevin xatirə mərasimlərində bir topa gül dəstəsini üzünə tutub hönkür-hönkür ağlayanları, içini boşaldıb yüngülləşənləri azmı görmüşük? Bəlkə insanlar dərdini gülə danışanda, kədəri çiçəklə süsləyəndə daha çox rahatlıq tapırlar? Yoxsa dərd kimi müqəddəs bir nəsnənin adekvatı eləcə, çiçək kimi zərif və incə duyğu olmalıdır? Belədə insan, olsun, daha çox səmimiləşir?.. Bu çiçək saflığı, bu gül həzinliyi bəlkə ən dəruni hisslərin qutsallığını yaşadır öz saf nəfəsində? Bəlkə eləcə çiçək bakirəliyinə sığınmaq su saflığına güvənmək kimi bir şeydir? Mental mənəvi yaddaşımızda da ta qədimdən dərdi suya söyləyib yüngülləşiblər. Yuxunu, çin olsun deyə, suya danışıb ağırlığını töküblər. Sevincli-kədərli günlərində zərif gül ovqatına bürünmək və ürəyindəkiləri suya danışmaq arasında hər halda, bir yaxınlıq, doğmalıq olmamış deyil. Dəfn mərasimində təzə qəbrin üstünə su çiləmək, sonra tər çiçəklər düzmək də yəqin ki, bu məntiqdən qaynaqlanır...

Dünyadan köçmüşlərin anım günündə mərhumların məzarlarını gül-çiçəyə qərq etmək bizdə son vaxtlar ənənə halını daha çox alıb. Bu da olsun ki, başqa ölkələrdən, məsələn, Rusiyadan, Avropadan sızıb gəlib. Amma buna da inanmaq olmur ki, ata-babalarımız nakam sevgi ünvanına çevrilmiş hansısa bir qəbrin üstünə xəlvəti də olsa, nə vaxtsa zərif bir tər bənövşə dəstəsi də qoymamış olsun. Axtarsaq, tarixdə, həyatımızda, məişətimizdə bu faktlara rast gələ bilərik. Hansısa bir folklor nümunəsində, bayatıda, nəğmədə, nağılda, dastanda belə anıma ən azından bir işarə olmamış olmaz. Məsələn, çox məşhur bir layla var...

... Yastığında gül bitsin,
Döşəyində bənövşə...

Ana öz körpəsini əzizləyə-əzizləyə yastığına gül, döşəyinə bənövşə sərir... Məsələnin bu müstəqim tərəfi aydın. Bəlkə altşüurda, məcazi mənasında bu, həm də əbədiyyətə zərif bir işarə, axirətə incə bir assosiasiyadır? Axı son mənzil də eləcə son yastıq, son döşəkdir, əbədi yataqdır. Hər bir halda, qəbirlərin, insanın son mənzilinin gerçəkdən də gül-çiçəyə tutulması, toy otağı kimi bəzədilməsi haqdandır, məntiqidir. Üstəlik, bizdə qəbirlərin böyür-başına canlı qızılgüllər əkilməsi adəti də ta qədimdən var axı. Belə canlı qızılgüllər isə xatirələrin də daimi canlılığına bir işarədir, yəqin ki...

Düşüncələrimdən ayılıram, yenidən məclisin ab-havasına qayıdıram. Sakit nəzərlərlə göz gəzdirirəm. Məclisdə kənar adam yoxdur. Qohumlar, əqrəbalar, mərhumun ailə üzvləri, yaxın dostları, canbir qəlb sirdaşları... Söz onlara verilir.

Əvvəlcə kitabın ön söz müəllifi şair Adil Cəmil həm əsərin, həm də məclisin dəyərindən danışır. Kitaba çox yığcam, lakin dərin mündəricəli "Dost itkisinə elegiya" adlı ön söz yazmış Adil Cəmil kitab müəllifinin də, qəhrəmanının da obrazını çox dəqiq məntiqi müstəvidə ortaya qoyur. Təkcə bu cümlələr ön söz müəllifinin mətnə nə dərəcədə həssaslıqla yanaşdığını bir daha sübut edir: "Müəllif Şükür Mehdiyevin şəxsində evinə "vətən", ailəsinə "millət" kimi yanaşanların yox, vətəninə öz evi, millətinə öz ailəsi kimi baxan cəsur, qeyrətli, fədakar Azərbaycan oğlunun gerçək obrazını yaradır". Adil müəllim, eləcə çıxışında da kitabın bədii məziyyətləri ilə üst-üstə düşən ədəbi qəhrəmanın şəxsi keyfiyyətinin ekvivalent cəhətlərini dönə-dönə vurğulayır.

Sonra uzun müddət polis orqanlarında rəhbər vəzifələrdə çalışmış kitabın redaktoru Yəhya Əliyev, Sumqayıt şəhər prokuroru Sərdar İmanov, Şirvan şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Hikmət Quliyev, mərhumun qardaşı Məhərrəm Mehdiyev, Əməkdar artist Nuriyyə xanım Hüseynova, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı, polis polkovnik-leytenantı Hafiz Təmirov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə xanım Eldarqızı ürək sözlərini dilə gətirirlər.

... Dostlar bir-bir danışır. Sakit, həzin, duyğulu, Şükürlü günlərini anırlar. Sanki danışmır, ahəstəcə pıçıldaşırlar. Dərd hündürdən, hay-küylə deyilməz axı... Dərdi, ələmi daha çox yaşamalısan. Onlar da bu an Şükürsüzlüyün, dost itkisinin göynərtisini yaşayırdılar. Dostlarının mərd, qorxmaz, sədaqət və dəyanətlə zəngin həyatı, yaşantıları haqqında xatirələrə daldıqca sanki Şükürlə canlı dialoqa girirdilər. Mənsə bu an çoxdan eşitdiyim bir şeiri xatırlayıram:

Dostluq səfa deyil, cəfadır, cəfa,
Dostluğun mənası vəfadır, vəfa.
Əgər olacaqsan sonra vəfasız,
İndidən başını girlə cəfasız.

Mən bu məclisdə dostluğun cəfasını çəkən vəfalı dostlar gördüm. Və düşündüm ki, bütün namərdliyilə üzə duran indiki qarışıq və etibarsız dünyamızda belə vəfalı insanlar varsa, demək dünya xali deyil, demək hələ yaşamağa dəyər. Dəyərə dəyər verən insanlar arasında dəyərin dəyərini hiss etməmək olmur. Nə xoş...

Bu hissi yaşaya-yaşaya dost vəfası və etibarıyla bağlı bu günlərdə şahidi olduğum bir əhvalat da yadıma düşür. Uzun müddət komsomol, partiya-sovet orqanlarında layiqincə çalışmış, Azərbaycan KP MK Aparatında məsul vəzifələrdə işləmiş, bir neçə rayona rəhbərlik etmiş - rayon partiya komitəsinin birinci katibi olmuş, sonralar Baş nazirin müavini kimi fəaliyyətini davam etdirmiş tanınmış dövlət xadimi, təəssübkeş ziyalı Əsgər Məmmədov, yaxın dostum, gözəl şairimiz Ağasəfər Həsənli və "Axşam" qəzetinin baş redaktoru Valid Qardaşlı ilə bir yas məclisindən qayıdırdıq. Yolumuz İkinci Fəxri Xiyabanın yanından düşmüşdü. Əsgər müəllim özünə xas çevikliklə əlilə bizə gözləməyi işarə elədi və iti addımlarla tələsik gül köşkünə yaxınlaşdı. Çox keçmədən böyük bir buketlə qayıtdı. Eyni tələsikliklə:

- Getdik , - dedi. - Narahat olmayın, sizi çox ləngitməyəcəm...

Qəbirlərin arasından keçərək bir vaxtlar ölkəyə başçılıq etmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Kamran Bağırovun məzarı başında dayandıq. Gülləri səliqəylə məzarın üstünə döşədi. Bir anlıq sükut yarandı. Əsgər müəllim kövrəlmişdi, həyəcanlıydı. Başını qaldırıb boz-bulanıq buludların cövlan elədiyi açıq qış səmasını xeyli süzdü... Sonra nəzərləri baş daşındakı portretdə ilişib qaldı. Sanki ovqatını sahmana salır, həyəcanlı durumunu nizamlamağa çalışırdı. Xeyli sükutdan sonra bizə tərəf çevrilib dedi:

- Tanıyırsız da...

Və cavab gözləmədən davam etdi:

- Bilirəm, respublika rəhbəri kimi yəqin ki, tanıyırsınız. Amma insan kimi... Mənim birbaşa rəhbərim olmağına baxmayaraq, biz bu kişi ilə yaxın dost olmuşuq. "Kişi" sözü ona çox yaraşır. Çox ədalətli və xeyirxah adam idi. Mövlana kimi tərtəmiz yaşadı, təvazökar həyat sürdü. Vəfat edəndə heç kimi yox idi. Bir oğlu və həyat yoldaşı xaricdə dünyalarını dəyişmişdilər. Öləndə bir qəpik pulu da yox idi. Onu dostları yığışıb dəfn etdilər. Yas xərclərini də eləcə dostlar qarşıladı.

Əsgər müəllim danışdıqca nəzərlərim qəbrin üstündəki təzə-tər çiçəklərdə ilişib qalmışdı. Bu güllər dost xeyirxahlığı müqabilində dost xeyirxahlığının təcəssümü idi... Xeyirxahlığın xeyirxah yaddaşla anımı...

Kitaba yazdığı ön sözü Adil Cəmil bu ifadələrlə bitirir: "Düşünürəm ki, Rahib müəllimin bu gerçək hekayəti həm də qədirşünaslıq nümunəsidir. İnsanın qədrini, qiymətini bilmək, onu dəyərləndirmək isə əsl insanlara məxsus böyüklükdür". Belə bir nümunəni mən burda, İkinci Fəxri Xiyabanda həm də Əsgər Məmmədovun şəxsində gördüm.

Adil Cəmil mərasim törənində də bu sözləri işlətdi və səhv ermirəmsə, Konfutsidən gətirdiyi sitatla sözünə yekun vurdu: "Əslində, insan o zaman ölür ki, onu xatirələrində yaşadan sonuncu insan ölür". Haqq sözə nə deyəsən?..

Rahib müəllim məclisə yekun vurarkən çox kövrək və lirik notlarla yadda qalan sözlər söylədi. Yenə də Şükür haqqında danışdı, dedi ki, dilimizdə nə qədər "şükür" sözü var, nə qədər ki, şükranlıq edəcəyik, Allaha şükür edib əllərimizi dərgaha açacağıq, şükür məsləhətinə, İlahi, deyəcəyik, demək qardaşımız Şükür də anılacaq və yaşayacaq. Onun xatirəsi daim təzə-tər qalacaq - bu çiçəklər kimi. Yenə həmin kövrək notlar, həmin qüssə dolu melodiyalar, hüznlü sözlər...

... Bəzən bir ümid,
Bəzən göz yaşı
Gətirir,
Bir çiçək yağışı...

Bəli, göz yaşları da var, qüssə də, kədər də... Eləcə bu məclisdə kimisi göz yaşını xısın-xısın gizlətməyə çalışır, kimisi də içində hönkürür. Amma... Ümid də var axı. Həyat davam edir. Ən azından Şükür dost etibarından, onun ailəsi isə dost qayğısından xali deyil. Ən azından İlkin var, Şükürün peşə yolunu ləyaqətlə davam etdirən oğlu - polis baş leytenantı. Bəli, ümidin əlindən tutub haracan istəsən gedə bilərsən...

Məclisin sonunda yeniyetmə bir oğlan uşağı stolun üstünə düzülmüş gülləri toplamağa başladı. Səliqəylə, ehtiyatla, bir az da ehtiramla. Sanki çiçəkləri incitməkdən qorxurdu. Qızılgüllər, qərənfillər qucağına sığmırdı. O uşaq kimdi, bilmədim. Rahib müəllimin qohumlarındandı, yoxsa mərhumun?.. Yaxud bu iş ona məxsusi tapşırılmışdı, ya özü könüllü icra edirdi?.. Hər bir halda, o uşaq gülləri bağrına basıb üz-gözünü gül topası arasında gizlədəndə çox xoşbəxt görünürdü. Sanki Şükürün ruhunu qucaqlamışdı...

 





13.02.2020    çap et  çap et