525.Az

Səfərbərlik Xidmətinin əməkdaşları İstiqlal Muzeyini ziyarət ediblər


 

Səfərbərlik Xidmətinin əməkdaşları İstiqlal Muzeyini ziyarət ediblər<b style="color:red"></b> Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 8-ci ildönümü ərəfəsində Xidmətin Aparatının, həmçinin, yerli idarə, şöbə və bölmələrinin bir qrup əməkdaşının Azərbaycan İstiqlal Muzeyini ziyarəti təşkil edilib.

Ziyarətə gələn SHXÇDX-nin şəxsi heyətinə Azərbaycan İstiqlal Muzeyi barədə geniş məlumat verilib. Qeyd edilib ki, Azərbaycan İstiqlal Muzeyinin əsas məqsədi ən qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan xalqının mədəni-tarixi həyatındakı mühüm hadisələri və öz istiqlalı uğrunda apardığı mübarizəni ardıcıl olaraq əks etdirməkdir. Muzey işçilərinin səyləri nəticəsində 20000 eksponat toplanıb. Bunlar nadir sənədlər, fotoşəkillər, numizmatik kolleksiyalar, bədii əsərlər və digər əşyalardır. Həmçinin, 1993-cü ildən Azərbaycan İstiqlal Muzeyində Cəbrayıl və Füzuli muzeylərinin kolleksiyaları saxlanılır. Muzeydə eyni zamanda tarixi günlərə həsr olunmuş müxtəlif tədbirlər, təqdimat mərasimləri, sərgilər keçirilir.

Muzeyin ekspozisiyasının hər zalı müəyyən tarixi dövrü əhatə edir və 6 zaldan ibarətdir. I zalda dövlət atributları, Azərbaycanın XVIII-XIX əsrlərdə xanlıqlara bölünməsi, Şimali və Cənubi Azərbaycana parçalanmasını əks etdirən tarixi sənədlər sərgilənir. II zalda XIX əsrin sonu XX əsrin əvvəlində Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinə, Azərbaycan sənaye burjuaziyasına, Azərbaycan neft milyonçularına, 31 Mart soyqırımına və Azərbaycan Demokratik Respublikasının fəaliyyətinə həsr olunan eksponatlar yer alır.



Digər zallarda Azərbaycan repressiya və Azərbaycan İkinci Dünya müharibəsi illərinə aid eksponatlar əksini tapıb. V zalda Qarabağ müharibəsinə həsr olunan eksponatlar yerləşdirilib. VI zalda Azərbaycanın müstəqillik dövründə əldə olunan nailiyyətlər öz əksini tapır. Muzeydə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə qazanılmış nailiyyətlərlə bağlı guşə də nümayiş olunur.



Tariximizin böyük bir hissəsini özündə əks etdirən nadir eksponatlarla zəngin Azərbaycan İstiqlal Muzeyini ziyarət tədbir iştirakçılarında xoş təəssürat yaradıb.


 





13.02.2020    çap et  çap et