525.Az

Bu il Bakıda “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri açılacaq


 

Bu il Bakıda “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri açılacaq <b style="color:red"></b>

Hazırda ölkəmizdə 17 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı və Kürdəmirdədir. Kürdəmirdə “ASAN xidmət” mərkəzi fevralın 12-də Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Bu il, Tovuz, Ağcabədi və Balakəndə “ASAN xidmət” mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Onların hər biri regional xarakter daşıyır. Bununla yanaşı, Bakıda “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin açılışı da planlaşdırılır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.

Agentliyin şöbə müdirinin sözlərinə görə, həmçinin Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri tikiləcək.

“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmət göstərilir. Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 100 faizə yaxındır”, - deyə E.Niftəliyev diqqətə çatdırıb.

 





13.02.2020    çap et  çap et