“Radikal, barışmaz mövqedə dayanan müxalifətin, onların seçkiqabağı yaratdıqları və seçkilərdən sonra süni nəfəs vermək yolu ilə yaşatmağa, ömrünü uzatmağa çalışdıqları Milli Şuranın acınacaqlı durumu açıq-aşkar göz qabağındadır. Əslində seçkilərdən sonra acı məğlubiyyətlərini və növbəti dəfə uduzduqlarını etiraf edib, siyasət səhnəsindən birdəfəlik getməli olduqları halda, radikalların yenə də inadla öz siyasi varlıqlarını sürdürməyə çalışmaları Azərbaycan cəmiyyət tərəfindən birmənalı qarşılnamır, qəbul olunmur, əksinə, ikrah doğurur”.
Bunu 525.az-a açıqlamasında hakim partiyadan olan millət vəkili, professor Sahibə Qafarova dilə gətirib.
Millət vəkilinin sözlərinə görə, demokratik, azad və ədalətli şəkildə keçirilən, ən əsası isə Azərbaycan seçicisinin iradəsinin növbəti ifadəsi olan 9 oktyabr prezident seçkiləri bir daha Azərbaycan cəmiyyətində radikalizmə və bunu öz siyasi fəaliyyətində baş meyar kimi rəhbər tutan radikal qüvvələrə yer olmadığını əyani surətdə ortaya qoymuş oldu. O, qeyd edib ki, Azərbaycan seçicisi ölkə Prezidenti İlham Əliyevə yenidən etimad, etibar göstərməklə və ona növbəti 5 illik müddətə mandat verməklə nümayiş etdirmiş oldu ki, radikalizmi qəbul etmir, ona birdəfəlik “yox” deyir.
S.Qafarovanın dediyinə görə, artıq Azərbaycan seçicisi və vətəndaşı ötən əsrin 90-ci illərinin əvvəllərinin səhvlərini bir daha təkrarlamaq istəmir, o, siyasi cəhətdən arxada qalan illər ərzində xeyli dərəcədə müdrikləşib və yetkinləşib.
Millət vəkili bildirib ki, indi nə Azərbaycan keçən əsrin 90-cı illərinin Azərbaycanı deyil, nə də Azərbaycan insanı, Azərbaycan vətəndaşı, Azərbaycan seçicisi həmin dövrün insanı, seçicisi, vətəndaşı deyil.
S. Qafarovanın qeyd etdiyinə görə, ötən illər ərzində Azərbaycan vətəndaşı ağı-qaradan, yaxşını-pisdən ayırmağı, düzgün seçim və həmin seçimində də israr etməyi bacarır. “İndi insanları yalançı, quru, Azərbaycan və dünya reallıqlarından çox-çox uzaq olan gurultulu vədlərlə aldatmaq, onların dəstəyini, etimadını və etibarını qazanmaq mümkün deyil. İnsanlar 1993 və xüsusilə, 2003-cü ildən sonra baş verənləri-Azərbaycanın həm iqtisadi, həm siyasi sferada əldə etdiyi nailiyyətlərini, müvəffəqiyyətlərini, uğurlarını, sürətli, davamlı, dinamik inkişaf meyllərini görür və düzgün qiymətləndirirlər. Azərbaycan seçicisi bilir və başa düşür ki, indiyə qədər əldə olunan nailiyyətlərin bundan sonrakı davamı da ancaq və ancaq bu siyasi komanda, ən əsası, ölkə Prezidenti İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə mümkündür.
Başqa heç bir siyasi qüvvə, güc, o cümlədən, nəyin bahasına olursa-olsun hakimiyyətə gəlməyə çalışan radikal dairələr, Milli Şura Azərbaycanı belə bir inkişafa qovuşdura, gələcək zəfərlərə, qələbələrə doğru inamla apara bilməz. Ona görə heç təsadüfi deyil ki, Azərbaycan seçicisi 9 oktyabrda radikal qüvvələrə, Milli Şuranın namizədinə etimadsızlıq nümayiş etdirməklə və birmənalı dəstəyini yenidən indiki hakimiyyətə, onun layiqli namizədinə verməklə öz seçimini ortaya qoymuş, seçimində israr etdiyini göstərmiş oldu.
Yuxarıda da qeyd etdiyim kimi, indi bunlardan sonra radikal dairələrin atdıqları addımlar isə Azərbaycan vətəndaşları tərəfindən istehza ilə qarşılanır. Milli Şura adlı qurumu yaşatmaq, ona yeni sədr və ya həmsədr seçmək cəhdləri, bu yöndə baş verən dartışmalar da insanlarda yalnız acı təbəssüm doğurur. Çünki qatar artıq arxada qalıb, bundan sonra da heç nə alınan deyil.
Bu gün artıq 21 yaşını qeyd etdiyimiz və təxminən yaşı qədər hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası hələ bundan sonra da uzun illər Azərbaycanın ən aparıcı, ən avanqard siyasi qüvvəsi olaraq qalacaq və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizi növbəti qələbələrə, zəfərlərə çatdıracaq. Bunu həmin radikal dairələr də artıq anlasalar, həm özləri, həm də elə cəmiyyət üçün faydalı olar. Hələ də nə qədər gec deyil, bunu anlayıb reallıqlarla barışsınlar və siyasət meydanını tərk edib, öz yerlərini təzə qüvvələrə versinlər”-deyə, millət vəkili sonda sözlərinə əlavə edib.
Kamil Həmzəoğlu
çap et