525.Az

Məhəmməd Abbasquliyevin vəfatı ilə bağlı nekroloq


 

Məhəmməd Abbasquliyevin vəfatı ilə bağlı <b style="color:red">nekroloq</b>

General sabah II Fəxri Xiyabanda dəfn olunacaq

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) qurumun rəis müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi, general-mayor Məhəmməd Abbasquliyevin vəfatı ilə bağlı nekroloq yayıb. APA-nın məlumatına görə, nekroloqda qeyd olunur ki, bu gün Azərbaycan Sərhəd Mühafizəsinə ağır itki üz verib. General-mayor Məhəmməd Abbasqulu oğlu Abbasquliyev 48 yaşında vəfat edib.
 
M. Abbasquliyev 14 fevral 1965-ci ildə Babək rayonunun Kəlboruc Dizə kəndində anadan olub. H, 1982-ci ildə Qaraqala kənd orta məktəbini bitirdikdən sonra Donetsk Ali Hərbi-Siyasi Mühəndis və rabitə Qoşunları Məktəbinə daxil olub. Bu məktəbi bitirdikdən sonra 1993-cü ilə qədər Sovet Ordusu sıralarında xidmət edib. 1994-cü ildən 2001-ci ilədək Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvan sərhəd dəstəsində zabit vəzifələrində çalışıb. 2001-2004-cü illərdə Naxçıvan sərhəd dəstəsinin rəisi olub. Azərbaycan prezidentinin sərəncamları ilə 6 aprel 2004-cü il tarixində DSX-nin Naxçıvan Sərhəd Diviziyasının komandiri, 16 yanvar 2008-ci ildə isə Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini, 18 avqust 2008-ci ildə isə DSX rəisinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib. 2004-cü il iyul ayının 30-da Azərbaycan prezidentinin sərəncamı ilə M. Abbasquliyevə general-mayor hərbi rütbəsi verilib.
 
«General-mayor Məhəmməd Abbasquliyev tutduğu vəzifələrdən asılı olmayaraq özünü daim səriştəli və bacarıqlı hərbçi, yüksək peşəkarlığa və təşkilatçılıq qabiliyyətinə malik təcprübəli komandir kimi tanıdıb. Azərbaycan Sərhəd Mühafizəsinin inkişafında, DSX-ində aparılan islahatların həyata keçirilməsində, şəxsi heyətin Milli dövlətçiliyə sədaqət və vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük xidmətləri olub», - deyə nekroloqda qeyd olunub.
 
Nekroloqda həmçinin vurğulanıb ki, M. Abbasquliyev xidməti dövründə əldə etdiyi nailiyyətlərə görə, «Azərbaycan Bayrağı» və «Vətənə xidmətə görə» 3-cü dərəcəli ordenlər, Azərbaycanın və xarici dövlətlərin 12 medalı ilə təltif edilib.
 
Mərhumun dəfn mərasimi noyabrın 23-ü saat 11:00-da II Fəxri Xiyabanda keçiriləcək.
 
General-mayor Məhəmməd Abbasquliyevin əziz xatirəsi onun tanıyanların qəlbində həmişə yaşayacaq.
 
Allah rəhmət eləsin!

 





22.11.2013    çap et  çap et