525.Az

Yazıçılara rəhminiz gəlsin - Çingiz Abdullayev yazır


 

BEYNƏLXALQ YAZIÇILAR GÜNÜ ÜÇÜN TƏBRİK SÖZÜ

Yazıçılara rəhminiz gəlsin - <b style="color:red">Çingiz Abdullayev yazır </b>

Martın 3-ü Ümumdünya Yazıçılar Günüdür. Bizim çətin zəmanədə bu, faciəvi peşədir! Əvvəllər vəziyyət daha yaxşı idi! İnternet, televiziyada bu qədər proqram, hər kəsin evində bir neçə kompüter yox idi. Hətta yerli müəllifin kitabı da böyük tirajlarla nəşr olunurdu və bütün ölkədə yayılırdı.

Səni oxuyub-oxumamaları, kitabını alıb-almamaları, qəbul edib-etməmələri vacib deyildi! Əsas odur ki, sən özün özünü yazıçı hesab edəsən. Bu gün çox çətindir! Praktiki olaraq kəndirbaz peşəsidir. Bir səhv hərəkət... və sən uçurumun dibinə yuvarlanırsan! Ən pisi – tək-tənha qalmaq və unudulmaqdır! Yazıçılar acınacaqlı bir haldadırlar. Bu gün öz qəsəbə və ya kəndinin qaydalarına deyil, bütün dünyanın tələblərinə uyğun olmalısan. Əks təqdirdə başa düşməyəcəklər və oxumayacaqlar. İnternetdə populyar “ədəbi” dillərdə – ingilis, ispan, fransız, alman, qismən ərəb və çin (axırıncı ikisi kütləviliyə hesablanıb) – öz kitablarını yerləşdirənlər üçün xüsusilə çətindir. Bu dillərdə kitabların sayını təsəvvür edə bilərsiniz? Yüz milyonlarla. Və kitabı elə yazmaq lazımdır ki, dünyada kimsə səni oxumaq istəsin! Çətindir? İnanılmayacaq dərəcədə. Nə üçün Şekspir və Dikkensdən, Tolstoy və Dostoyevskidən, Balzak və Hüqodan, Homer və Dantedən, Nizami və Füzulidən başqa kimisə seçməlidirlər? Onlar əbədidirlər və hər zaman onları oxuyacaqlar. Sanki sənin bu barədə arzulamağa belə haqqın yoxdur. Ancaq “zirvələri ən cəsur olan fəth edir”! Cəsarətli olmaq, yeniliyə can atmaq lazımdır, çalışmaq lazımdır! Sən onsuz da heç kəsə üstün gələ bilməyəcəksən. Və bu heç lazım deyil. Özün nə isə yaratmalısan, başqalarına bənzəməyən, tam orijinal. Və bütün bunlara rəğmən axırıncı instansiyada özünü haqlı hesab etməməlisən. Sənin əsərin kiminsə xoşuna gəlməyə bilər və bu, normaldır. Kiminsə xoşuna gələ bilər və o zaman sən xoşbəxtsən! Axı hər bir yazıçı üçün ən yüksək mükafat  onun oxucularıdır! Heminquey hesab edirdi ki, yazıçının vicdanı Parisdəki etalon kimi olmalıdır! Ancaq belə! Əgər yalan danışsan, yaltaqlıq, riyakarlıq eləsən, onda özünü həmişəlik itirəcəksən. Ən əsası isə öz oxucularını həmişəlik itirəcəksən! Sadəcə sənə olan inamlarını itirəcəklər! Əgər səni oxuyurlarsa, əgər səni tərcümə edirlərsə, qiymətləndirirlərsə, sitat gətirirlərsə, onda sən özünün  insanlara gərəkli olduğunu hiss edirsən, sənin düşüncə və sözlərinin milyonların olduğunu başa düşürsən. O zaman bu sənin nəyə görə yaşadığını, həyatını, taleyini şərtləndirir!

Yazıçılara rəhminiz gəlsin: indi onların durumu çox çətindir!

Yazıçılara qibtə edin: onlar öz dünyalarını yaradırlar və insan qəlblərini idarə edirlər.

Ədəbi sevgiyə, dostluqda sədaqətə, ailə dəyərlərinə, hər zaman İblisdən güclü olan Allahın qələbəsinə inanmağa bizi onlar sövq ediblər.

Əsl yazıçılar öz xalqının mənəvi bələdçiləri və əbədi olaraq vəkilləridir!

Ona görə də hamımızı Yazıçılar Günü münasibətilə təbrik edirəm. Axı  biz hamımız əsl yazıçıların potensial oxucularıyıq!

 





02.03.2020    çap et  çap et