525.Az

Dostluğun böyük nümunəsi- Rəşad Məcidin çıxışı


 

Dostluğun böyük nümunəsi- <b style="color:red">Rəşad Məcidin çıxışı</b>

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ikinci dəfə “Jurnalistlərin Dostu” seçilməsi münasibətilə noyabrın 24-də mərasim keçirilib. Mərasimdə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edib. Çıxışın mətnini oxuculara təqdim edirik:

- Hörmətli cənab Prezident!

Sizə çox təşəkkür edirik ki, qısa müddətdən sonra, Mətbuat Günündə o görüşün həyəcanı ötməmiş yenidən bizimlə bir yerdəsiniz, yenidən Sizinlə görüşürük. Qısa müddət ötməsinə baxmayaraq həmin görüşdən sonra bir sıra mühüm hadisələr baş verdi. Birincisi, jurnalistlər yenə öz seçimlərini etdilər, Siz Azərbaycan jurnalistlərinin dostu elan olundunuz. Sonra Azərbaycanda böyük bir proses oldu - prezident seçkiləri keçirildi Siz prezident seçkilərində parlaq qələbə qazandınız. Həm ikinci dəfə "Jurnalistlərin dostu" adını almağınız, həm böyük səsçoxluğu ilə yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Seçki ərəfəsində biz sadə insanlarla görüşürdük, onların Sizə münasibətini görürdük. Seçki günü müşahidə edirdik ki, insanlar necə sevinə-sevinə, bayrama gedirmişlər kimi seçki məntəqələrinə gəlirdilər. Bu sevgini, bu məhəbbəti qazanmaq əlbəttə, böyük şərəfdir. Siz bunu öz fəaliyyətinizlə qazanmısınız. Biz bundan qürur duyuruq.

Sizin mətbuatla bağlı fikirlərinizə hər zaman diqqət yetiririk. İndi çox dəyərli fikirlər dediniz. Bundan öncə Sizin Bakıda keçirilən sonuncu Humanitar Forumda dediyiniz fikirlər həm Forum iştirakçıları, həm media tərəfindən çox rəğbətlə qarşılanmışdı. Bir balaca öz gileyinizi bildirdiniz, medianın ancaq mənfi məsələləri daha çox qabartdığını vurğuladınız. Təəssüf ki, bəzi media orqanları ancaq kin-küdurət yaymaqla daha çox diqqət cəlb etmək, populyarlıq qazanmaq niyyəti güdürlər. Hətta belə olur ki, pis bir ənənə yaranır. Bizim gənc, yeni fəaliyyətə başlayan jurnalistlər bunu tanınmağın yolu kimi qəbul edirlər. Mənim yadımdadır, iki il öncə Jurnalistika fakültəsinin tələbələri bir sayt açmışdılar. Həmin saytın ilk xəbərlərindən biri yaşlı bir şairin ölümü barədə idi, özü bu xəbər eksklüziv bir xəbər kimi verilmişdi bir az da qürurla yazmışdılar ki, bu xəbəri ilk dəfə biz veririk. İndi aradan iki il keçib, o şair Allaha şükür, sağ-salamatdır. Onda mən onları aradım dedim ki, bəd xəbəri tez verməyə heç vaxt tələsməyin. İllah da ki, o bəd xəbər yalan ola. Amma bu ənənə hesab edirəm ki, çox pis ənənədir. Artıq mətbuat insanları sanki xəstə salır, onların təzyiqini qaldırır. Bu barədə Sizin dediyiniz fikirlər çox aktualdır. Mən Forumda iştirak edən başqa ölkələrin nümayəndələrinin bu məşələdən narahatçılığını gördüm. Arzu edirəm ki, bizim sənətimiz, bizim peşəmiz ancaq xoş müjdələri yayan bir sənət kimi tanınsın, insanlarda mənfi hisslər oyatmasın.

Sonra Mətbuat Şurası binasının açılışında Siz həm vətənpərvərliklə, həm mətbuata xarici təsirlə bağlı fikirlər bildirdiniz, mediamızın xarici təsirdən uzaq olmasını arzuladınız. Biz bu barədə həmişə düşünürük. Biz bilirik ki, illərlə müstəqilliyin xiffətini çəkmiş, arzulamış bir ölkəni sağdan, soldan, şimaldan, cənubdan çoxlu istəməyənlərin, gözü götürməyən dövlətlərin olduğu bir vaxtda ölkənin müstəqilliyini qorumaq, saxlamaq, heç kimə əyilməmək, eyni zamanda onu inkişaf etdirmək, gözəlləşdirmək çox çətin, ağır bir prosesdir. Bu prosesdə əlbəttə, xarici qüvvələrin marağı var ki, Azərbaycanda hansısa narazılıqlar, narahatlıqlar olsun. Əgər bizim hansısa mediamız bu niyyətlərin güdazına gedirsə, buna dəstək verirsə, bəzən özgə, düşmən dəyirmanına su tökürsə, əlbəttə ki, bu, bağışlanmazdır. Sizin bu narahatlığınızı başa düşürük inanıram ki, bütün mediamız bu məsələdə Sizin fikirlərinizlə, dediyiniz vətənpərvərlik məqamları ilə həmrəy olacaq.

Mən bu görüş barədə dünən İstanbuldan beynəlxalq konfransdan gələrkən Atatürk hava limanında telefon zəngindən xəbər tutdum. Əvvəl bir az karıxdım, fikirləşdim ki, ya günləri qarışdırmışam, ya səhv eşitmişəm. Çünki bazar günündə belə bir görüşün olmasını fikirləşmirdim. Amma dəqiqləşdirəndən sonra təsirləndim. Əlbəttə, təyyarədə bu barədə düşündüm.

Əvvəla onu deyim ki, həmin beynəlxalq konfransda bir sıra ölkələrdən alimlər iştirak edirdilər. Onlar Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumdan qayıtmışdılar. Onlar Azərbaycan, Bakı, Sizin haqqınızda çox ürəklə danışırdılar. Bəziləri Forum çərçivəsində Naxçıvanda, Qəbələdə olmuşdular, çox heyranlıqla bu yerləri bəyəndiklərini bildirirdilər.

Mən təyyarədə dostluq barədə düşündüm, müdriklərin fikirlərini xatırladım ki, dostluq nədir, necə olmalıdır. Düşündüm ki, dostluq insanın gözləmədiyi çətin bir məqamda hayına yetmək, qeybdən var olan kimi onun hansısa bir problemini həll etməkdir. Bu mənada 7-8 il öncə Azərbaycan yazılı mətbuatı yenə bir çətinlik yaşayırdı. Onu da deyim ki, ilk dəfə 2001-ci ilin dekabrında yazılı mətbuat üçün çox böyük, ağır bir proses olanda ümummilli lider Heydər Əliyev o vaxt mətbuatı, yazılı mətbuatı, qəzetləri məhv olmaqdan xilas etmişdi. Belə bir proses isə yeni medianın ortaya çıxması, qəzet satışında, reklam bazarında olan problemlərlə bağlı yarananda biz düşünürdük ki, bizim ömrümüzü həsr etdiyimiz zövq aldığımız bu sənəti davam etdirə biləcəyikmi? Qəzetlər bağlanmaq təhlükəsində idi, qəzetlərin iqtisadi imkanları məhdud idi. Belə bir vaxtda böyük dost əli çiynimizə qondu fond yarandı. O Fondun sayəsində biz rahat nəfəs alırıq qəzetlərin fəaliyyətindən əmin oluruq.

Sonra biz fikirləşirik ki, artıq vaxt keçir, əməkdaşlarımız, uzun illər mediada çalışan işçilərimiz yaşlaşırlar, bəzilərinin artıq övladları böyüyüb, kirayədə qalırlar. Belə bir vaxtda yenə bizim böyük dostumuzun əli köməyə çatır Siz 156 jurnalisti mənzillə mükafatlandırırsınız.

Bu gün sonuncu belə bir təəccübümüz onda oldu ki, bazar günü, bu gün Azərbaycanda da, dünyada da çox siyasi xadimlər, dövlət adamları, tanınmış insanlar var ki, Sizinlə görüşməyin həsrətini çəkirlər, çox istəyirlər Sizinlə görüşsünlər, amma Siz istirahət günündə ailənizə, doğmalarınıza ayıracağınız vaxtı bizə sərf edirsiniz. Mən hesab edirəm ki, bu da dostluğun böyük nümunəsidir. Biz Sizinlə dost olmaqdan qürur duyuruq. İndicə dediniz ki, Siz dostluğa sadiqsiniz. Elə bilirəm ki, Siz başqa dövlət başçıları, siyasət adamları üçün bir nümunəsiniz ki, media ilə, jurnalistlərlə belə dost olmaq olar.

Buna görə Sizə hədsiz təşəkkürümü bildirirəm. Azərbaycan mətbuatına verdiyiniz dəyərə bizim jurnalistlərə bu cür ürək qızdırdığınıza görə çox minnətdaram, çox təşəkkür edirəm.

 





27.11.2013    çap et  çap et