525.Az

Zəngilanım, görüşümüzə az qalıb... - Vahid Məhərrəmov yazır


 

Zəngilanım, görüşümüzə az qalıb... - <b style="color:red">Vahid Məhərrəmov yazır </b>

Nəvəmi müalicə üçün Naxçıvan Muxtar Respublikasındakı "Duz dağı"na aparırdım. Uşağa görə təyyarə ilə uçmaq mümkün olmadığından, Naxçıvana İran İslam Respublikasının ərazisindən keçib getməliydik - Araz boyu. 26 illik ayrılıqdan sonra qoynunda dünyaya göz açdığım doğma yerlərə uzaqdan da olsa baxacaqdım. Bu, qəribə bir təsəlli idi...

Qonşu dövlətin ərazisinə ayaq basanda Günəş üfüqdən yenicə boylanırdı. Yollar uzandıqca uzanıb gedirdi. Beş saatdan sonra mənzil başına çatmalıydıq. İran Biləsuvarına keçəndən sonra birinci dəfə gördüyümdən ətrafa maraqla baxırdım. İlk təəssüratım belə oldu ki, dünyanın harasında olursa olsun, yollar, mağazalar, yanacaqdoldurma məntəqələri, ağaclar, çəmənliklər, güllər, çiçəklər bir-birinə oxşayır.

Biləsuvarın içi ilə bir xeyli gedəndən sonra səsli-küylü küçələr, bir-birinə bənzəyən evlər arxada qaldı. Şəhərdən bir az uzaqlaşandan sonra qarşımızda kitab kimi geniş düzənlik açıldı, bir-birinə söykənmiş dərələr göründü. Bu yerlər bir anlıq mənə illərdən bəri erməni qəsbkarlarının işğalı altında inləyən Yazı düzünü xatırlatdı. Göz oxşayan, könül açan, bir-birindən gözəl mənzərələri kövrəkliklə seyr edə-edə gedirik.

Təxminən iki saatdan sonra Arazın sahilinə yaxın kəndlərə çatdıq. Buradan ölkəmizin ərazisini asanlıqla görürdük. Uzaqdan da olsa dağlarımız, dərələrimiz sanki bizə əl edirdi. Göz işlədikcə uzanıb gedən çöllərə, düzlərə baxdıqca fikirləşirəm ki, Vətən elə yaxından da, uzaqdan da gözəl görsənir, adama doğma və əziz gəlir...

Arazın sahilinə enmişik. Budur, Füzuli rayonunun kəndlərinin yaxınlığından keçirik. Qanlı döyüşlərin getdiyi vaxtlarda oralarda çox olmuş, döyüşlərdə iştirak etmiş, zabit və əsgərlərdən yazılar hazırlamışdım. İndi o kəndləri, o dərələri yaxınlarıma göstərərək: "Ora Kərimbəylidir, ora Aşağı Yağlıvənddir, o tərəf Babıdır, bu, Arayatlıdır, o dərədən dik yuxarı çıxanda Haramı düzü başlayır..." - deyirəm. Onlar da diqqətlə mənə qulaq asır, göstərdiyim yerlərə maraqla baxırlar.

Ermənilərin murdar və qanlı ayaqları dəyməyən yerlər, evlər, yaşıllıqlar göz oxşayıb könül açırdı. Aprel döyüşlərində azad edilmiş Cocuq Mərcanlı kəndini keçəndən sonra sanki bayaqkı ürəkaçan mənzərələr qeybə çəkilir. Göz oxşayan gözəlliyin yerini ürək dağlayan səhnələr tutur. Sanki baxdığımız filmin kadrlarındakı rənglər birdən-birə tündləşir, hadisələr gərgin xarakter alır. Dağıdılmış, yandırılmış evlər, söndürülmüş ocaqlar sanki köməksiz qalmış uşaq kimi üstümüzə hönkürür. Buralar Cəbrayıl rayonunun ərazisidir. Ermənilər bir vaxtlar axarlı-baxarlı olan bu kəndlərdə hər yeri dağıdıb-yandırıblar. Qəlbləri yandıran bu inilti, bu sızıltı kəsilmək bilmir. Dərələr də, dağlar da odlanıb, torpağa da, daşa da işgəncə verilib. Ürək odlayan, qəlb dağlayan bu kədərli mənzərələrə həyəcansız baxmaq olmur.  Ağrı-acının ağırlığından ürəyim sızıldayır.

Ötüb arxada qalmış gözəl illərdə bu yerlərdən "Bakı-Qafan" qatarı ilə keçib doğma kəndimizə gedər, vaqonların pəncərəsindən bir vaxtlar göz oxşayan, indi qan ağlayan bu yerləri sevinc hissləri ilə seyr edərdik. O çağlarda bu gözəl yerlərdə əsrarəngiz və qaynar bir həyat var idi. İndi xarabalığa çevrilmiş bu ərazilər min illərin dərin sükutuna dalıb. Xudafərin körpüsünün hüzünlü görkəmi könül dünyamızı titrədir. Sanki min illərin tarixi əbədi olaraq burada donub. Elə bil işğaldan sonra əsrlərə sinə gərən bu körpülərin də qəddi bir az əyilib, daşları bir az ovulub.

İşğal olunmuş doğma ocaqlarımızın o tərəf-bu tərəfinə baxıram, üç-dörd kilometrdən bir hündür yerlərdə yaşıl rəngdə keşikçi-gözətçi məntəqələri qoyulub - düşmən işğal etdiyi ərazilərimizə buradan nəzarət edir.

Zəngilana yaxınlaşırıq. Cəbrayıl rayonunun ərazisi qurtarandan sonra böyük bir göl gördük. Əvvəllər burada belə bir göl yox idi. Geniş bir ərazini əhatə edən bu göl Zəngilan rayonunun Havalı və Zərnəli kəndlərinin ətəklərinəcən gedib çıxmışdı. Maşınımızı Həkəri çayının Araza qovuşduğu yerin tuşunda saxlayıb hündür bir təpənin üstünə qalxırıq. Buradan 26 ildən bəri həsrətini çəkdiyim, nisgili ürəyimdə qubar bağlayan doğma ocaqlarımıza tərəf boylanıram. Nə qədər hündürlüyə qalxsam da, nə qədər ora-bura göz gəzdirsəm də, doğma ocaqlarımızdan heç nə görə bilmirəm. Sərhədə yaxın olan Havalı, Zərnəli kənlərinin yerində yalnız bir neçə evin alayarmçıq divarları qalıb. Ötən illər ərzində ermənilər evlərin divarlarına qədər hər şeyi söküb aparmışdılar. Bu kəndlərdən yuxarıda olan Məmmədbəyli və mənim doğulub böyüdüyüm Babaylı kəndinin izi-tozu da görünmür. Gözlərimi kənd tərəfdən çəkib gecələr şırıltısı ilə bizə lay-lay çalan Həkəri çayına baxıram. Çayın sahili boyunca geniş yaşıl zolaqlıq uzanıb gedir. Xeyli müddət qırılıb səliqəyə salınmadığından, yəqin ki, indi hər tərəfi kol-kos basıb.

Bu anlarda Həkəri çayının gur sularında çimdiyim, balıq tutduğum günlərim yadıma düşdü. Belə gərgin anlarda hansı hisslər keçirirəm, nələr düşünürəm, hansı acıları yaşayıram? Bunu ancaq uzun illər doğma yurduna həsrət qalanlar bilər. Necə deyərlər, dərdlinin dərdini dərdlilər anlayar. Bu hissləri qələmə almaqda sanki söz də acizdir. Söz də bu həsrətə, kədərə dözməyib od tutub yanır. Həsrətin acılığından, dərdin ağırlığından ürəyim çırpınır, qəlbim titrəyir. Həsrətin yükü sanki bir an içində qəddimi əyir, belimi bükür. Bu anlarda könlümdən quş olub kəndimizə uçmaq, doğma ocaqlarımızı, yurd yerlərimizi görmək, əzizlərimizin məzarını ziyarət etmək keçdi. Ürəyimdən dizimi yerə qoyub həyətimizin torpağından öpmək, əgər qalıbsa, üzümü evimizin divarlarına, daşlarına sürtmək arzusu baş qaldırdı.

Uşaqlıq illərində hündür sıldırım qayaların üstünə çıxıb indi dayandığım bu İran ərazisinə baxdıqca baxardıq. O vaxtlar buralar bizə əlçatmaz nağıllar aləmi kimi görünərdi. İndi bizdən xeyli uzaqlarda boynu bükük qalmış o illərdə heç ağlımıza da gəlməzdi ki, nə vaxtsa o yerlərə gedə biləcəyik. Amma elə bir zaman gəlib çıxdı ki, ayağımız nağıllar aləminə bənzətdiyimiz bu yerlərə dəydi. Bu günsə buradan doğma ocaqlarımıza boylanıram. O yerlərə həsrət dolu baxışlarla baxıram. Bu baxışlara kədər, qəm ələnib. Ürəyim həsrətdən qovrulur. Bu kədəri, bu həsrəti, bu ağrını yalnız doğma ocaqların havası və torpağı sağalda bilər.

Doğulub böyüdüyüm həyətdən, evdən sonuncu dəfə 18 aprel 1993-cü ildə çıxmışam. O vaxtdan illər keçib. Bu illəri doğma ovaqlarımızın həsrətini çəkə-çəkə yaşamışıq. Əgər bu, yaşamaqdırsa. Bu illər ərzində hər gün, hər an kəndimizi, evimizi, el-obamızı xatırlamışıq. Dədə-baba ocaqlarımız gündüzlər fikrimizdən, gecələr yuxularımızdan çıxmayıb. İllərdir, işğal kədər yüklü həsrətimizin ömrünü uzatdıqca uzadır. Həsrət dolu illər bir-bir doğmalarımızı, əzizlərimizi əlimizdən alıb aparır. Onlar doğma yurdlarımızın həsrətini çəkə-çəkə dünyadan köçüblər. Demək olar ki, hər gün ağrılarımızın üstünə ağrı, dərdlərimizin üstünə dərd gəlir.

Həmişə qatara minib gəldiyim, qatardan düşüb evimizə getdiyim Həkəri dəmiryol stansiyasını, Həkəri kəndini güclə tanıdım. Böyük bir stansiyadan, kənddən kiçik bir iz, xırda bir nişanə belə qalmayıb. Bu yerləri kəndin üstündəki dik bir yamacdan və onun ətəyindən keçən yoldan tanıdım. Ermənilər bu yerləri elə yandırıblar ki, heç yanı tanımaq olmur. Düşmən təkcə insanlara deyil, evlərə də, torpağa da zülm edib.

Beş-on kilometr uzaqlıqda dayanıb qoynunda doğulub-böyüdüyün, dədə-babanın məzarının qaldığı yerlərə baxmaq, oraların həsrətini çəkmək dəhşətdir. Bu anlarda mənə elə gəldi ki, dünyada ən ağrılı-acılı şey doğma ocaqlarından didərgin düşmək, torpağının, yurdunun həsrətini çəkməkdi. Əgər maşınla gedəsi olsaq, dayandığım yerdən kəndimizə 10 dəqiqəlik yoldu. Təsəvvür edin, maşına oturursan və beş-on dəqiqədən sonra illərdən bəri həsrəti ilə qovrulduğun torpağa ayaq basırsan. Amma 26 ildir ki, o yerlərə həsrət qalmışıq. 26 ildir ki, ürəyimizdə doğma ocaqların nisgilini daşıyırıq. Bu həsrətlə, bu ağrıyla baş-başa yaşayırıq.

Hansı yolla olursa olsun, necə olursa olsun, biz qan çilənmiş yollarımızı ermənilərdən təmizləyəcək, işğala son qoyacağıq. Dağıdılmış, yandırılmış, yerlə yeksan edilmiş kəndlərimizə baxdıqca ürəyimdən qara qanlar axır. Bu qanların qoxusunu hiss etdikcə ürəyi Vətən eşqi ilə döyünənlərin adından deyirəm ki, biz ermənilərdən qat-qat cəsur və igidik. Biz ermənilərdən sayca çox-çox üstünük. Bizim ordumuz ermənilərin ordusundan qat-qat güclü, qüdrətli və yenilməzdir. Bizim ordumuzun istifadəsində olan silahları ermənilər heç yuxularında da görə bilməzlər. Azərbaycan əsgəri düşmən üzərinə hünərlə, cəsarətlə və qətiyyətlə gedəcək. Güllələrimiz hədəfdən yayınmayacaq. Hədəfimiz isə birdir - torpaqlarımızı erməni işğalından azad etmək!

Atalarımızın gözəl bir deyimi var. Haylamaqla donuz darıdan çıxan deyil. Gərək darıya girmiş donuzu salasan çomağın altına. Belinə, başına vura-vura darıdan çıxarıb uzaqlara qovasan. Torpaqlarımızı işğal etmiş erməni nə qədər ki, gücümüzü, qüdrətimizi və onlara tuşladığımız güllələrimizi başında, sinəsində, ürəyində görməyib yurdumuzdan çıxan deyil.

İllərdən bəri torpaq həsrəti çəkən minlərdən biri kimi istəyirəm ki, tanklarımızın, təyyarələrimizin mühərrikləri işə düşsün, barmaqlar silahların tətiyinə uzansın. Toplarımız, minaatanlarımız "dilə" gəlib xorla gurlasın. Mərmilər, güllələr düşmənlərin başına dolu kimi səpələnsin,  leysan kimi ələnsin. Bax onda görüm erməni torpaqları verəcək, yoxsa yox? Gücümüz qarşısında dayana bilməyən erməni qorxusundan başını götürüb qaçdıqca qaçacaq. Çünki onların qarşımızda dayanmağa, ləngiyib vuruşmağa, müqavimət göstərməyə o qədər də gücləri yoxdu.

Göz işlədikcə uzanıb gedən işğal altında olan torpaqlarımız cəsur Azərbaycan əsgərinin gəlişini, addım səslərini gözləyir. Erməni işğalına yalnız gündən-günə güclənən Azərbaycan Ordusu və onun sıralarında ləyaqətlə xidmət edən vətənpərvər Azərbaycan əsgəri cəsarəti və hünəri ilə son qoyacaq! Xalqımız bu gün ordusundan, əsgərindən Qələbə gözləyir.

Doğma yurdumuza göz yaşları içində baxa-baxa yüksəklikdən aşağı düşürəm. Gözlərim, baxışlarım kəndimizdən ayrılmaq istəmir. Ürək o yerlərə dönməyi arzulayır. Sözümə baxmayan ayağım məni illərdən bəri həsrətiylə yaşadığım kəndimizə, evimizə, həyətimizə çəkir. Hələ qarşımda erməni işğalı var. Amma erməni istehkamları məni qorxutmur. Çünki biz düşmənlərdən qat-qat güclü və qüdrətliyik. İnanıram ki, gücümüzlə, qüdrətimizlə, qeyrətimizlə, vətənpərliyimiz və qəhrəmanlığımızla torpaqlarımızı erməni işğalından azad edəcəyik!

Zəngilanım, doğma kəndim Babaylım, erməni işğalı illərdir ayrı saldı bizi! Ancaq bundan əmin olaq, doğma yurdum: görüşümüzə az qalıb...

 





05.03.2020    çap et  çap et