525.Az

"Cəmiyyət Milli Məclisin yeni tərkibindən verdiyi tapşırıqların yerinə yetirilməsini gözləyir"


 

"Cəmiyyət Milli Məclisin yeni tərkibindən verdiyi tapşırıqların yerinə yetirilməsini gözləyir"<b style="color:red"></b>

Xəbər verildiyi kimi, martın 5-də Konstitusiya Məhkəməsi 9 fevral növbədənkənar parlament (6-cı çağırış) seçkilərinin nəticələrini təsdiqləyib. Bununla da, nəticələri ləğv olunmuş 4 Seçki Dairəsini çıxmaqla, 121 Seçki Dairəsinin lider-qalib namizədlərinin nəticələri təsdiqlənib, onlar rəsmən deputatlıq statusu əldə ediblər.

Bu yerdə qeyd edək, hələ dəqiq vaxtı, günü məlum olmasa da, yaxın günlərdə 6-cı çağırış Milli Məclisin (MM) yeni tərkibdə ilk iclası keçiriləcək, həmçinin, 2020-ci il yaz sessiyasının açılışı olacaq. İclasda parlamentarilərlə yanaşı, ölkə Prezidenti İlham Əliyev başda olmaqla, dövlət və hökumət rəsmilərinin də iştirakı gözlənilir.

İlk iclasda həm parlamentin yeni rəhbərliyi-sədarəti (rəyasəti), həmçinin, komitələrin, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Hesablama və İntizam komissiyalarının rəhbərliyi və tərkibi seçiləcək, formalaşdırılacaq. Onu da qeyd edək ki, 6-cı çağırış MM-də yenə çoxluq hakim Yeni Azərbaycan Partiyasına (YAP) məxsusdur. Belə ki, YAP 125 Seçki Dairəsinin 123-dən öz namizədlərini (Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin sədri Vasif Talıbovun namizədliyi təşəbbüs qrupu tərəfindən verilmişdi) irəli sürüb və onlardan 70-dən çoxu deputat mandatına yiyələniblər. YAP-çıların içərisində həm köhnə-ötən çağırışların üzvü olan, həm də yeni-ilk dəfə seçilən millət vəkilləri var. YAP-çılar arasında ən çox seçilən və ən stajlı millət vəkilləri bunlardır: Professor Eldar İbrahimov və "Rus İcması"nın rəhbəri Mixail Zabelin. E. İbrahimov NMR-dən, M. Zabelin isə Bakı şəhərindən növbəti və 7-ci dəfə deputat seçiliblər. Hər ikisi də 1990-cı ildən parlamentdə təmsil olunurlar. Yenilər arasında isə Elnur Allahverdiyev, Afət Həsənova, Kamal Cəfərov, Səbinə Xasayeva, Anar İsgəndərov, Anar Məmmədov, Əziz Ələkbərli, Ceyhun Məmmədov, Aqil Məmmədov və digərləri var. Eyni zamanda qeyd edək ki, parlamentdə çoxluğu əldə etdiyi üçün MM-in yeni rəhbərliyi, rəhbər strukturları da əsasən YAP-çılardan formalaşdırılacaq.

Bu baxımdan, görəsən, MM-in və onun müvafiq srukturlarının rəhbərliyinə namizədlərin seçilməsi və irəli sürülməsi üçün 20 nəfərdən ibarət YAP İdarə Heyətinin iclası nə vaxt keçiriləcək? "525"ə açıqlamasında 5-ci dəfə millət vəkili seçilən YAP-ın şöbə müdiri Aydın Mirzəzadə bu barədə mətbuata məlumatın tezliklə veriləcəyini bildirib. Eyni zamanda, qeyd edib ki, MM-in rəhbərliyi seçilməli, onun komitələri, komissiyaları, işçi qrupları formalaşdırılmalı və təsdiqlənməlidir. Onun sözlərinə görə, bu prosesdə təkcə YAP-çılar deyil, həm də nümayəndələri parlamentdə təmsilçilik əldə edən partiyalar və müstəqillər də iştirak etməlidirlər. "Bu, belə də olacaq. Ölkəmizdə inkişaf üçün çox işlər görülüb, amma hələ çox işlərin görülməsinə də ehtiyac var. Yəni, yeni seçilən tərkibdən cəmiyyət verdiyi tapşırıqların yerinə yetirilməsini gözləyir. Bu baxımdan, hesab edirəm ki, hər birimiz bu məsuliyyəti öz üzərimizdə hiss edirik və hər kəs də öz üzərinə düşən vəzifənin öhdəsindən gəlməyə səy göstərəcək"-deyə, A.Mirzəzadə sözlərinə əlavə edib. "MM-in rəhbərliyində, sədarətində yeni simaları görə biləcəyikmi" sualına cavabında isə A.Mirzəzadə "Hər məsələnin, hər məlumatın öz zamanı var. Zamanında bütün bunlar barədə məlumat veriləcək" - deyə, bildirib.

Son olaraq, qeyd edək ki, MM-in rəhbərliyində növbəti dəfə 3 YAP-çının təmsil olunacağı gözlənilir.

Kamil HƏMZƏOĞLU

 





06.03.2020    çap et  çap et