525.Az

Mədəniyyət sahəsi üzrə yeni tədris modullu kurslar davam edir


 

Mədəniyyət sahəsi üzrə yeni tədris modullu kurslar davam edir<b style="color:red"></b>

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sistemində aparılan struktur və funksional islahatların məntiqi davamı olaraq Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən mədəniyyət işçilərində müasir peşə təfəkkürünün, habelə kreativ səriştələrin formalaşmasına xidmət edən "Bölüşərək zənginləşək" şüarı altında yeni tədris modulları əsasında ixtisasartırma kurslarının ikinci mərhələsinə start verilib.

MEMİM-dən AZƏRTAC-a bildirilib ki, bu mərhələdə mədəniyyət müəssisələrinin rəhbərləri və digər mədəniyyət işçiləri tətbiqi biliklərlə yanaşı, bacarıq və kreativ peşə səriştələri əldə edəcəklər. Yeni tədris modullu ixtisasartırma kurslarının, ustad dərslərinin və səyyar təlimlərinin növbəti mərhələsi ölkəmizin müxtəlif regionlarında, həmçinin Ağstafa, Kürdəmir, Ağdaş, Sabirabad rayonlarında təşkil olunacaq.

Qeyd edək ki, nazirliyin regionların mədəni ixtisaslaşdırılması siyasətinin davamı olaraq, bu ilin kurslarında Ağstafa rayonu "Muzey işi" və "Heydər Əliyev Mərkəzləri", Ağdaş və Sabirabad rayonları "Mədəniyyət evləri və klub işi" və Kürdəmir rayonu "Kitabxana fəaliyyəti üzrə" ixtisaslaşmış təlim bazaları seçilib.

Xatırladaq ki, kursların 1-ci mərhələsi 2019-cu ildə uğurla başa çatıb. Çətinlik dərəcəsinə görə beş səviyyədən ibarət olan ixtisasartırma kurslarının birinci səviyyəsinə ali təhsili olmayan mədəniyyət işçiləri cəlb olunub. Yeni formatlı kursların ilk məzunlarına beynəlxalq standartlı sertifikatlar təqdim edilib. Sertifikatlarda dinləyicilərin layiq olduqları qiymətlər ilə yanaşı, kurs nəticəsində əldə etdikləri bilik və səriştələr, kursun ümumi məzmunu, yerli və beynəlxalq tərəfdaşlar, habelə təlimçilər haqqında məlumatlar öz əksini tapıb.

 





06.03.2020    çap et  çap et