525.Az

Koronavirus infeksiyası ilə bağlı vəziyyət ciddi nəzarət altındadır


 

Koronavirus infeksiyası ilə bağlı vəziyyət ciddi nəzarət altındadır<b style="color:red"></b>

Ötən ilin dekabr ayında ilk dəfə olaraq Çinin Uhan şəhərində koronavirus infeksiyası qeydə alındı, ardınca isə bu xəstəlik dünyanın müxtəlif ölkələrində yayılmağa başladı.

Dünya ölkələri virusun yayılmasının qarşısının alınması, əhalinin bundan daha az zərər çəkməsi üçün önləyici tədbirlər görürlər. Azərbaycanda da vətəndaşların bu xəstəliyə yoluxmaması üçün müvafiq tədbirlər görülür. Vəziyyət birbaşa ölkə rəhbərinin nəzarəti altındadır.

Hazırda koronavirus infeksiyasına yoluxmaq təhlükəsi olmasına baxmayaraq, Prezident İlham Əliyev bölgələrə səfərlərini təxirə salmadı, Goranboy, Şəmkir və Qazax rayonlarında oldu, müxtəlif obyektlərin açılışında iştirak etdi, ictimaiyyət nümayəndələri ilə görüşdü. Baxmayaraq ki, koronavirusun yayıldığı ölkələrin heç birində dövlət başçısı regionlara səfər etmir, insanlarla görüşmür. Cənab Prezidentin bu addımı bir daha göstərdi ki, ölkənin regionlarında vəziyyət, insanların problemlərinin həlli dövlət başçısı üçün prioritet təşkil edən məsələdir. Prezident İlham Əliyev ən çətin, təhlükəli anlarda xalqın yanında, insanların arasında olub. Azərbaycanda zəlzələ və daşqın olanda, cəbhə bölgəsində hərbi əməliyyatlar gedəndə dövlət başçısı hər hansı təhlükədən çəkinməyərək bilavasitə yerlərə səfər edib, vəziyyətlə şəxsən tanış olub,  insanlarla görüşüb, bütün məsələlərin həlli ilə bağlı göstəriş və tövsiyələrini verib.

Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında bildirib ki, Azərbaycanda koronavirus infeksiyası ilə bağlı vəziyyət ciddi nəzarət altındadır. Ölkə rəhbərinin sözlərinə görə, hətta İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün də xüsusi tədbirlər həyata keçirilir. Onların həm quru sərhəddən, həm hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin edilir. Prezident bildirib ki, Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün xaricdən ölkəmizə gətirilən vətəndaşlarımız lazım olan müddət ərzində karantində qalmalıdırlar: "Eyni zamanda, məktəblərin, ali məktəblərin, uşaq bağçalarının müvəqqəti olaraq bağlanması haqqında müvafiq göstərişlər verilibdir. Bunun da məqsədi uşaqları, yeniyetmələri o xəstəlikdən qorumaqdır. Yəni, bütün lazımi tədbirlər görülür. Azərbaycanda bu xəstəliyin bu günə olan məlumata görə, yayılması ehtimalı o qədər də yüksək deyil. Ancaq deyə bilərəm ki, gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıbdır. Yəni, hər bir xırdalığa qədər düşünülmüş addımlar atılır, bunun da məqsədi Azərbaycan vətəndaşlarını bu xəstəlikdən qorumaqdır. Bu günə qədər bizim bütün addımlarımız uğurla nəticələnib. Biz daim Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq və xəstəliyi aşkar etmək üçün testlərin ölkəmizə gətirilməsi ilə bağlı işlər aparılır, bu məsələ öz həllini tapır".

Prezident İlham Əliyev Azərbaycan ictimaiyyətini bir daha əmin edib ki, hökumət bütün lazımi tədbirləri görür. Onun sözlərinə görə, maddi-texniki bazası gücləndirilən Azərbaycan səhiyyə sistemi gözlənilməz hadisələrə də hazırdır: "Bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur. Karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmayıb. Əgər onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar. Hesab edirəm ki, bu günə qədər bu məlumat kifayətdir. Eyni zamanda, göstəriş verilib ki, bu məsələ ilə bilavasitə məşğul olan bütün səhiyyə orqanlarının nümayəndələri - Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi müntəzəm olaraq vətəndaşları məlumatlandırsınlar".

Vurğulanıb ki, Azərbaycanda kifayət qədər maska var. Bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyənlərə qarşı ciddi cəza tədbirləri tətbiq ediləcək.

Görünən odur ki, Azərbaycanda koronavirus infeksiyası ilə bağlı vəziyyət ciddi nəzarət altındadır. Azərbaycan Prezidentinin göstərişi ilə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb, lazımi tədbirlərin daha sürətlə həyata keçirilməsi üçün əlavə 10 milyon manat vəsait ayrılıb. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və uşaqları, yeniyetmələri qorumaq üçün tədris, təlim-tərbiyə müəssisələri müvəqqəti bağlanılıb. Bu günə olan məlumata görə, Azərbaycanda xəstəliyin yayılması ehtimalı o qədər də yüksək olmasa da, gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıb.

Xatırladaq ki, karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmayıb. Onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar.

Mövzu ilə bağlı danışan siyasi ekspert Bəhruz Quliyev deyib ki, ölkə başçısının ən çətin və təhlükəli məqamlarda hər zaman xalqın yanında olub.  Koronavirus infeksiyasına yoluxmaq təhlükəsi olduğu məqamda digər ölkələrin rəhbərləri səfərlərini, müxtəlif görüşlərini təxirə salsalar da, cənab Prezidentin Goranboy, Qazax və Şəmkir rayonlarına səfəri onun xalqına olan etimadını, inamını ortaya qoydu: "Azərbaycanı təhdidlərdən qoruyan, böyük uğurlar əldə etməsinə imkan yaradan əsas səbəblərdən biri məhz Liderlə xalq arasında olan bağlılıqdır".

B.Quliyev qeyd edib ki, səfər çərçivəsində müxtəlif müəssisələrin açılışında iştirak etmək, vəziyyətlə birbaşa tanışlıq, keçirilən görüşlər dövlət başçısının regionlarda baş verən proseslərə, eləcə də əhalinin rahat yaşamasına həssas yanaşdığının göstəricisidir: "Bildiyiniz kimi son 16 ildə Azərbaycanın bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub, 5 xəstəxananın tikintisi isə davam edir. Bununla yanaşı, bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Ümumilikdə isə son 16 ildə Azərbaycanda 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Azərbaycan Prezidentinin Goranboy rayon Mərkəzi Xəstəxanasının açılışında iştirakı bir daha göstərir ki, Azərbaycanda müasir səhiyyə infrastrukturu formalaşdırılıb. Azərbaycanda səhiyyənin maddi-texniki bazası ən yüksək səviyyədə qurulur, paytaxt Bakı və bölgələrdə tibb müəssisələri müasir standartlara cavab verir, tibbi avadanlıq dünyanın aparıcı xəstəxanalarında olan avadanlıqlardan fərqlənmir. Bu da o deməkdir ki, əhalinin sağlamlığının qorunması istiqamətində atılan addımlar Azərbaycanda həyata keçirilən sosial siyasətin əsasını təşkil edir".

Baş redaktor vurğulayıb ki, dünyanı təşvişə salan koronavirusla mübarizə məsələsində də Azərbaycanda vəziyyət ciddi nəzarətdə saxlanılır: "Dünyada koronavirusla bağlı profilaktik tədbirlər həyata keçirə bilməyən, xəstəliyi lokallaşdırmağa gücü çatmayan ölkələr də var. Lakin Azərbaycanda bu istiqamətdə işlər tam nəzarətdə saxlanılmaqla yanaşı, xəstəliyin yayılmaması üçün bütün məsələlər xırdalığına qədər düşünülür, müvafiq tədbirlər görülür. Ölkəmizdə ictimai nəqliyyat, əhalinin sıx olduğu ərazilər, tədris müəssisələrində dezinfeksiya işləri həyata keçirilir, xəstələrin sağalması üçün müəyyən tədbirlər görülür. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına diqqət və qayğı ilə yanaşır".

Millət vəkili Hikmət Babaoğlu deyib ki, Prezident İlham Əliyevin qərb zonasına səfəri, əhali ilə birbaşa ünsiyyətdə olması, onların problemlərini dinləməsi bir daha regionlarımızın inkişafı, əhalinin sosial rifahının təmin olunmasının diqqət mərkəzində olmasından xəbər verir: "Biz ölkə başçısını cəbhə xəttində, ön cəbhədə görməyə alışmışıq".

Deputatın sözlərinə görə, dünyada koronavirusa qarşı mübarizə aparıldığı vaxtda bir sıra ölkələrin liderləri nəinki kütləvi görüşləri məhdudlaşdırır, hətta ünsiyyətdən qaçır: "Ancaq belə bir vaxtda Azərbaycan Prezidenti birbaşa öz xalqı ilə ünsiyyətdə olur, onların problemlərini dinləyir. Yeni müəssisələrin, tibb mərkəzlərinin açılışında iştirak edir. Bu da onun göstəricisidir ki, ölkə başçısı daim öz xalqının yanındadır. İlham Əliyev inamla kütləvi tədbirlərdə olmaqla xalqla ünsiyyət qurur. Bu da xalqla Prezident birliyinin nümayişidir. Eyni zamanda xalq tərəfindən ölkə başçısının siyasətinin dəstəklənməsinin göstəricisidir. Xalqın Azərbaycan Prezidentinə inamı çox dərindir".

H.Babaoğlu vurğulayıb ki, ölkədə koronavirus təhlükəsinə qarşı bütün tədbirlər görülüb: "Prezident İlham Əliyev Goranboyda xəstəxananın açılışında çıxış edərkən ölkə büdcəsindən koronavirusla mübarizə aparmaq üçün vəsaitin ayrıldığını qeyd etdi. Əlavə etdi ki, yeni tip virusun Azərbaycanda yarada biləcəyi təhlükənin minimuma endirilməsi ilə bağlı bütün önləyici tədbirlər həyata keçirilir. Cənab Prezidentin göstərişi ilə Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb. Mümkün təsirlərə qarşı ciddi məbləğdə vəsait ayrılıb ki, bu da ehtimal olunan təhlükənin qarşısının alınması üçün müvafiq istiqamətlərdə xərclənəcək. Azərbaycanda hər hansı təhdidə qarşı təhlükənin sovuşdurulması ilə bağlı daima tədbirlər görülür. Vətəndaşlar da şübhəsiz ki, özlərini təhlükəsizlikdə hiss edir".

PƏRVANƏ

 





06.03.2020    çap et  çap et