525.Az

Koronavirusa görə dərslərin təxirə salınması kompensasiya olunacaq - Şərh


 

Koronavirusa görə dərslərin təxirə salınması kompensasiya olunacaq - <b style="color:red">Şərh</b>

Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.

Nazirlər Kabineti yanında operativ qərargah bildirib ki, bu qərar koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə verilib. Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəşarət Məmmədov bildirib ki, ümumi təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. B.Məmmədov qeyd edib ki, BŞTİ tabeliyindəki 160 ümumi təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işləri aparılıb: "Digər təhsil müəssisələrində dezinfeksiya işlərinin aparılması davam etdirilir. BŞTİ ilə Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri arasında bağlanılmış müqavilə əsasında idarənin tabeliyindəki təhsil müəssisələrində aparılan dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır".

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən əksər məktəbdənkənar təhsil müəssisələrinin idman zalları, inzibati, məşğələ otaqları, sanitar qovşaqlar, yeməkxana və digər köməkçi qurğularında dezinfeksiya işləri artıq yekunlaşdırılıb. Digər müəssisələrdə də tədbirlər davam etdirilir.

Ölkə üzrə bütün təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. Artıq 3100 təhsil müəssisəsi dezinfeksiya olunub.

Təhsil Nazirliyi koronavirusla bağlı valideynlərə müraciət edib. Müraciətdə bildirilib ki, martın 3-dən 9-dək təhsil müəssisələrində tədris dayandırılıb. Tədrisdə fasilənin yaranmasına səbəb koronavirus infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində intensiv tibbi-profilaktik tədbirlərin görülməsidir: "Bununla əlaqədar qeyd olunan müddətdə qeyd olunan tövsiyələri nəzərə almağınız sizdən xahiş olunur. Ev şəraitində əsas profilaktik tədbirlərə ciddi riayət edin (sabun,  su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun, soyuqdəymə və ya qripəbənzər simptomları olan şəxslərlə yaxın təmasda olmayın, hərarətiniz olarsa və ya tənəffüs zamanı çətinlik çəkərsinizsə, dərhal həkimə müraciət edin). Övladlarınızı insanların toplaşdığı qapalı məkanlara (ticarət və əyləncə mərkəzləri, şənlik, mərasimlər və s.), hər hansı kütləvi tədbirlərə, ekskursiyalara və ya səyahətə aparmayın. Övladlarınıza keçirilmiş dərsləri təkrar etməyə və tapşırıqlar yerinə yetirməyə şərait yaradın. Bu məqsədlə Təhsil Nazirliyinin müxtəlif elektron resurslarından istifadə edə bilərsiniz (e-derslik, edu.az, e-resurs.edu.az, trims.edu.az, video.edu.az və s.). Məsələ ilə bağlı Təhsil Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının rəsmi məlumatlarını mütəmadi olaraq izləyin".

Tanınmış pediatr Əli Quliyev deyir ki, uşaqların koronavirus infeksiyasına yoluxması mümkündür. Bu, adi qrip simptopları kimi özünü göstərir. Onun sözlərinə görə, müayinə aparılmadan həmin simptomlara koronavirus əlamətləri demək düzgün deyil: "Çünki bu, adi qrip də ola bilər. Uşaqlar arasında koronavirus infeksiyasından ölüm halları dünyanın heç bir yerində müşahidə olunmayıb. Yəni 10 yaşından aşağı insanlar arasında bu infeksiyadan ölüm hadisəsi qeydə alınmayıb. Amma təbii ki, bütün virusların uşaqlara yoluxma ehtimalı var".

Pediatr bildirib ki, koronavirus əsasən, yaşlı insanlarda müşahidə olunur və daha çox şəkər, təzyiq, ürək və digər xəstəliklərdən əziyyət çəkən adamlara yoluxur.

Ə.Quliyev valideynlərə müraciət edərək uşaqları koronavirusdan qorumağın qaydalarını açıqlayıb: "Uşaqlarda əsasən, təngnəfəslik, öskürək və qızdırma müşahidə olunarsa, mütləq həkimə müraciət etmək lazımdır. Bu viruslardan qorunmanın tək yolu təması əngəlləməkdən ibarətdir. Yəni xəstə insanlarla təmasda olmamaq lazımdır. Valideynlərə demək istəyirəm ki, uşaqlarla birlikdə çoxlu insanlar olan yerlərə, kütləvi tədbirlərə getməsinlər. Əl və üzü, ağız və burunu yumadan uşaqlara toxunmasınlar".

Təhsil nazirinin müavini İdris İsayev deyir ki, koronavirus infeksiyası ilə bağlı ölkənin ali və orta ümumtəhsil ocaqlarında dərslərin bir həftəlik təxirə salınması kompensasiya olunacaq. Kompensasiya dərs ilinin uzadılmasının hesabına yox, əlavə dərs saatlarının salınması hesabına həyata keçiriləcək. Buraxılmış dərslərin (5 günlük tədris həftəsi ilə işləyən məktəblərdə 4 gün, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə 5 gün) kompensasiya edilməsi barədə tövsiyələr hazırlanır. Kompensasiyanın təqvim-tematik planlara yenidən baxılmaqla fənlər üzrə yaxın mövzuların birləşdirilməsi, proqram materialının optimallaşdırılması və intensiv tədrisi hesabına edilməsi nəzərdə tutulur.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərovun sözlərinə görə, bu gün əsas məsələ şagirdlərin sağlamlığıdır. Dərs günlərinin boş keçməsi isə texniki məsələdir: "Qeyd etdiyim kimi, bu gün hər birimizi düşündürən əsas məsələ şagirdlərin sağlamlığının qorunması olmalıdır. Dərs günlərinin boş keçməsinə görə böyük narahatlığa əsas yoxdur. Şagirdlərə boş keçən dərs proqramının necə mənimsədiləcəyi müddətdən asılıdır. Bizim tədris ilimiz 35 həftəni əhatə edir. Zaman etibarilə rezerv çoxdur. Güman edirəm ki, tədris materiallarının həcminə uyğun nazirlik bunu həll edəcək. Mümkün olsa, belə edəcəklər. Mümkün olmasa, dərs müddətini uzadacaqlar. Hələ ki bir həftəlik tətil müddəti o qədər də çox vaxt deyil. Boş keçən dərs günlərinin proqramını şagirdlərə mənimsətmək çətin olmayacaq. Yox, əgər tətil müddəti uzadılarsa, bu zaman dərs ilinin də müddətini uzatmaq lazım gələcək".

Qeyd: Nazirlər Kabineti daha bir sərəncamla tətili mayın 27-dək uzadıb.

S.QARAYEVA

 





09.03.2020    çap et  çap et