525.Az

Ermənistanda keçiriləcək konstitusiya referendumu qanunun aliliyinə zərbədir


 

TOMAS DE VAAL: "PAŞİNYAN HÖKUMƏTİ BİR İLDİR ERMƏNİSTANIN YÜKSƏK İNSTANSİYA HAKİMLƏRİNƏ QARŞI MÜHARİBƏ ELAN EDİB"

Ermənistanda keçiriləcək konstitusiya referendumu qanunun aliliyinə zərbədir <b style="color:red"></b>

Ermənistanın baş naziri Nikol Paşinyanın Konstitusiya Məhkəməsinin hakimlərinə qarşı apardığı təqib siyasəti beynəlxalq alımdə də tənqid olunmaqdadır. Avropa Şurası, həmçinin qurumun Venesiya Komissiyası, Avropa Xalq Partiyası bir neçə dəfə bununla bağlı bəyanatlar veriblər.

Həmin bəyanatlarda yüksək ədalət mühakiməsinə qarşı bu cür təqib siyasəti tənqid edilib. Paşinyanın Konstitusiya Məhkəməsinin hakimi Hrayar Tovmasayan və üzvlərindən qisas almaq niyyəti isə eks-prezident Robert Koçaryanla bağlıdır. Çünki Konstitusiya Məhkəməsi Koçaryanın toxunulmazlıq hüququnu nəzərə alaraq, onun həbsdən azad edilməsi barədə qərar vermişdir. Bundan sonra Paşinyan çəkinmədən insanları Konstitusiya Məhkəməsinin girişini bloklamağa çağırmışdır.  O, məsələni bu cür yollarla, eyni zamanda qanuni yolla həl edə bilməyəcəyinə əmin olduğu üçün referendum oyununa əl atıb. Belə ki, gələn ay Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçiriləcək. Ölkədə isə referendumun əleyhdarları olan xeyli siyasi qüvvə var.

Dünən İrəvanın bir sıra küçələrində "Referenduma yox" bannerləri yerləşdirilib. Ermənistanın "Milli gündəm" partiyasının şura üzvü, politoloq Averik Çalabyan deyib ki, onlar xalqı bu vasitə ilə hakimiyyət tərəfindən Konstitusiyanın pozulmasına yönəlmiş və ictimaiyyəti aldatmağa hesablanmış referendum addımını rədd etməyə çağırırlar.

Karneqi Beynəlxalq Fondunun Qafqaz üzrə eksperti Tomas de Vaal hesab edir ki, son bir ildə Nikol Paşinyan hökuməti Ermənistanın yüksək instansiya hakimlərinə qarşı müharibə elan edib. O, aprelin 5-də islahat gündəliyini pozmaqda günahlandırdığı Konstitusiya Məhkəməsinin 9 hakimindən 7-nin vəzifəsindən azad edilməsi ilə bağlı ümumxalq səsverməsi təyin edib. Ekspertin sözlərinə görə bu, siyasətçilərin qanunun aliliyinə hücumudur. O xatırladıb ki, ötən ay Venesiya Komissiyasının sədri hər iki tərəfi Ermənistanda konstitusiyanın normal fəaliyyətini təmin etmək üçün təmkinli olmağa və gərginliyi azaltmağa çağırıb.

De Vaal hesab edir ki, hakimiyyətə gəlişindən sonra Paşinyanın əsas məqsədi keçmiş prezident Robert Koçaryanı həbs etmək idi: "1 mart 2008-ci il nümayişləri zamanı Paşinyan müxalifətə rəhbərlik edib, bundan sonra 16 ay müddətinə həbs olunub. Koçaryan isə 2018-ci ildə Paşinyan hakimiyyətə gəldikdən sonra həbs edilib. Koçaryan konstitusiya quruluşunu devirmək maddəsi ilə ittiham olunur. Bu iş məhkəmə sistemini ölkənin keçmiş və hazırkı rəhbərləri arasında qarşıdurmanın mərkəzində qoyub. May ayında birinci instansiya məhkəməsi Koçaryanın həbsdən azad edilməsinə qərar verdi, çünki keçmiş prezident kimi onun toxunulmazlığı var. Paşinyan açıq şəkildə bu qərarı qınadı və tərəfdarlarını etiraz olaraq məhkəmələrin qapılarını bloklamağa çağırdı. Sentyabr ayında Konstitusiya Məhkəməsi Koçaryanın lehinə qərar verəndə, baş nazir hökmü qanunsuz adlandıraraq, Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın vəzifəsindən uzaqlaşdırılmasına çağırıb". O vurğulayıb ki, aprel referendumu ilə Paşinyanın köhnə məhkəmə üzvlərini öz tərəfdarları ilə əvəz etməyə çalışması niyyəti narahatlıq yaradır: "Vahe Qriqoryan - Paşinyanın təyin etdiyi hakim 1 mart işinin qurbanlarının vəkili olub. Yeni ədliyyə naziri 28 yaşlı Rustam Badasyan da əvvəllər Paşinyanla birlikdə işləyib".

PƏRVANƏ

 





09.03.2020    çap et  çap et