525.Az

Moskvada İdlib razılaşması: müharibədən atəşkəsə


 

Moskvada İdlib razılaşması: <b style="color:red">müharibədən atəşkəsə </b>

Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Moskvada İdlib gərginliyi ilə bağlı görüş keçirilib.

Görüşün yekunları üzrə tərəflər Suriyada vəziyyətin nizamlanması üzrə birgə sənəd razılaşdırıblar. Razılaşma martın 6-sı saat 00:00-dan mövcud təmas xəttindəki bütün hərbi əməliyyatların dayandırılmasını nəzərdə tuturdu. Artıq razılaşma qüvvəyə minib. Bundan əlavə, razılaşmaya əsasən Türkiyə və Rusiya Suriyadakı M-4 yolunun şimal və cənub tərəfində 6 kilometrlik təhlükəsizlik dəhlizi yaradırlar və martın 15-dən M4 yolu boyunca Türkiyə və Rusiya hərbçiləri birgə mühafizə tədbirlərini həyata keçirəcəklər.

V.Putin əldə olunan razılaşmaların İdlibdəki vəziyyətin nizamlanması üçün əsas olacağına inandığını bildirib. Hər iki lider terrorizmə qarşı mübarizənin zəifləməsinə imkan verilməməsi və Suriyada Astana formatı çərçivəsində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər. "RİA-Novosti"i agentliyinin yazdığına görə, Suriyanın İdlib bölgəsində, Sarakep şəhərində vəziyyət sakitləşib, tərəflər gecə saatlarından başlayan atəşkəs rejiminə əməl edirlər. "Cəbhədə vəziyyət sakitdir. Gecə döyüşlər olmayıb. Suriya ordusu atəşkəs rejiminə tam riayət edir", - deyə məlumatda vurğulanıb.

Mövzu ilə bağlı siyasi ekspert Zaur Məmmədov bildirib ki, Türkiyə M4-M5 yollarını itirdi, lakin İdlibdəki vəziyyəti sabit saxlamağa nail oldu. O bildirib ki, tərəflərin arasında ortaq məxrəcə gəlmək heç də asan olmayıb: "Hər iki tərəf Suriyadakı vəziyyətin gərginləşməsinə maraqlı deyillər. Lakin Rusiya və Türkiyənin Suriyada özünəməxsus maraqları var. Görüşün nəticəsi həm Türkiyə, həm də Rusiya üçün məqbul sayıla bilər". Ekspert Suriyada geosiyasi oyunçuların Rusiya və Türkiyə arasındakı münasibətləri gərginləşdirməyə maraqlı olduğunu da əlavə edib: "İki tərəf arasındakı münasibətlər kifayət qədər gərginləşdirilməyə çalışdı. Biz bura həmin ölkələrin daxilindəki bəzi qüvvələri də aid edə bilərik. Lakin Rusiya və Türkiyə anlamalıdır ki, onları regionda ortaq maraqları da var. Bura həm siyasi, həm də iqtisadi maraqlar aiddir. İqtisadi və siyasi məsələlər qarşılıqlıdır. Rusiya ilə Türkiyə arasında 25 milyarddan çox ticarət dövriyyəsi var. İki tərəf arasında stratejik layihələr var. Eyni zamanda Türkiyə və Rusiya arasında hərbi müqavilələr də mövcuddur. Ona görə də məqbuldur ki, yaxın vaxtlarda Türkiyə və Rusiya arasında danışıqlarla bağlı ortaq addımlar atsınlar. Onlar arasında aparılan danışıqlardan sonra müəyyən qədər sakitlik də nəzərə çarpacaq. Təbii ki, istənilən halda vəziyyət yenidən gərginləşə bilər".

Zaur Məmmədov indiki halda Suriyanın ərazisində olan stratejik M4-M5 yollarının Türkiyənin əlindən çıxdığını və çox güman ki, Əsəd quruluşunun tabeçiliyində olacağını bildirib: "Bu yollar Türkiyə üçün elə də strateji əhəmiyyətə və önəmə sahib deyil. Türkiyə üçün əsas İdlibdəki vəziyyətin səhmana salınması və Əsəd ordusunun İdlibə yeridilməməsi idi ki, düşünürəm Ərdoğan bu istəyinə nail oldu. O eyni zamanda qaçqınlarla bağlı Avropa İttifaqının sərhədlərini açaraq həm Avropa İttifaqını, həm də Rusiyanı öz maraqlarına gətirib çıxardı".

Politoloq Nəzakət Məmmədova bildirib ki, Putin və Ərdoğan arasında Kremldə danışıqlar altı saatdan artıq davam etdi və bu görüş nəinki Suriyanın gələcəyi və Türkiyə-Rusiya müttəfiqliyinin davam edib-etməməsi baxımdan əhəmiyyət kəsb edirdi, eləcə də bütövlükdə Yaxın Şərqdəki bir sıra proseslər məhz iki liderin təkbətək və həftələrarası görüşündən sonra müəyyənləşdi. O bildirib ki, İdlibdə 36 türk əsgərinin öldürülməsindən sonra iki ölkə lideri arasındakı söhbətin son dərəcədə gərgin keçəcəyi şübhəsiz idi: "Lakin bununla belə indiki şəraitdə Ərdoğanla Putinin anlaşmaqdan və yola birlikdə davam etməkdən başqa daha ağıllı çıxış yolu tapmaq imkanları məhdud idi və onlar İdlibdəki vəziyyət barədə yol xəritəsini birlikdə cıza bildilər". Politoloq söyləyib ki, İdlibdə atəşkəsin pozulmasının əsas səbəbi kimi Rusiyanın və Əsədin Türkiyəni Soçi razılaşmalarına əməl etməməkdə, oradakı terrorçuları tərksilah etməyə dair öz üzərinə götürdüyü öhdəliklərə riayət etməməkdə ittiham etməsi idi: "Məsələn, Rusiyanın və Əsəd qüvvələrinin İdlibdə 27 fevralda türk ordusuna hücum etməsinin səbəbi "Hayat təhrir əş-şam" terror təşkilatının onlara hücumu göstərilir və günahsız türk əsgərlərinin şəhid olmasının Türkiyənin dövlət maraqları ilə əlaqəsi yoxdur. Bu terror təşkilatı ABŞ-ın himayəsindədir, məqsədi İdlibdə sünni vilayəti yaratmaqdır və Türkiyənin onları tərksilah etmək imkanları olduqca məhduddur. Bununla belə, atəşkəsin təmin olunması Ərdoğanın Moskvaya səfəri zamanı əsas hədəflərdən biri idi və buna nail olundu, bu gün, 6 mart gecəyarısından etibarən atəşkəs rejimi qüvvəyə minir".

N.Məmmədova vurğulayıb ki, digər razılaşma müddəalarına əsasən, İdlibdəki M4 trassından şimalda və cənubda 6 km enində təhlükəsizlik zonası yaradılacaq və martın 15-dən etibarən orada türk ordusu ilə rus ordusu birgə patrul aparacaqlar: "Beləliklə, Suriyada Rusiya və Türkiyə atəşkəsə nail oldu. Bununla belə, bu sülhün möhkəm olacağının təminatı yoxdur, hər şey tərəflərin öz üzərinə götürdüyü öhdəliklərə riayət olunmasından, eləcə də gələcəkdə bir çox daxili və xarici amillərdən asılı olacaq". Ekspert bildirib ki, Rusiyanı danışıqlar masasına əyləşməyə sövq edən Türkiyənin "Bahar qalxanı" əməliyyatına başlayaraq, Suriyada məhdud hərbi-hava qüvvələri olan Rusiyaya öz hərbi qüdrətini nümayiş etdirməsi oldu: "Beləliklə, Rusiya və Türkiyə Astana prosesinin davam etdirilməsi barədə razılığa gəldilər. Bununla da, Əsədin Rusiyanın dəstəyinə arxayın olaraq, bütün Suriya ərazisində yenidən öz yurisdiksiyasını bərqərar etmək planları puç oldu. Bundan sonra status-kvo yenə də Rusiya və Türkiyənin birgə iştirakı ilə saxlanılacaq. Ərdoğan son dövrdəki hadisələrdən sonra ABŞ və NATO-nun Türkiyəyə dəstəyinə ümidini tamamilə itirdi və indiki halda hər halda Rusiya ilə anlaşmanın ən real çıxış yolu olduğunu gördü".

N.Məmmədova əlavə edib ki, iki ölkə müharibə həddinə gəlsə də, vaxtında geri çəkilməyi bacardı: "Əks halda, genişmiqyaslı müharibə qaçılmaz olardı. Təbii ki, Əsəd qüvvələrinin son hücumundan sonra minlərlə qaçqın Türkiyə sərhəddinə toplaşmışdı, BMT bunu humanitar fəlakət vəziyyəti kimi qiymətləndirdi və belə bir şəraitdə Türkiyə ordusunun Əsədi geri çəkilməyə məcbur etmək üçün hücumları anlaşılan idi. Artıq tərəflər müharibə həddindən atəşkəs dövrünə qayıdıblar və müvəqqəti də olsa, atəşkəsə riayət olunması gözlənilir. Lakin bu, uzunmüddətli olmayacaq və Türkiyə-Rusiya-Suriya-İran kimi sahədə açıq mövcud olan ölkələrin, eləcə də burada maraqlı xarici qüvvələrin, xüsusilə, ABŞ, AB, İsrail və onların Suriyadakı müttəfiqləri arasında ziddiyyət dərinləşən kimi atəşkəsin pozulacağı əsla istisna edilə bilməz".

PƏRVANƏ 

 





09.03.2020    çap et  çap et