525.Az

Şimali Koreyada 10 min adam koronavirusa görə karantində saxlanılıb


 

Şimali Koreyada 10 min adam koronavirusa görə karantində saxlanılıb<b style="color:red"></b>

Koreya Xalq Demokratik Respublikasında (KXDR) təxminən 10 min adam COVID-19 infeksiyası ilə əlaqədar karantində saxlanılıb.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, 2420 nəfər Cənubi Pyonqan, 3 min nəfər Şimali Pyonqan, 1500 nəfər Kanqvon, 2630 nəfər isə Çaqan vilayətində karantinə alınıb. KXDR-in hakim Fəhlə Partiyasının rəsmi orqanı olan “Rodong Sinmun” qəzeti ölkədə karantinə alınanların xaricdə koronavirus xəstələri ilə yaxın təmasda olan şəxslər olduğunu yazır. Bildirilir ki, həmin adamların 40 faizində heç bir xəstəlik əlaməti müşahidə edilmədiyi üçün karantindən buraxılıb. Bundan başqa, Pxenyandakı əcnəbilərin də karantindən buraxıldığı bildirilir.

Yonhap agentliyinin digər xəbərində isə Şimali Koreyadakı bir qrup əcnəbinin xüsusi təyyarə reysi ilə Rusiyanın Vladivostok şəhərinə gətirildiyini vurğulanır. “Air Koryo” şirkətinə məxsus təyyarədə koronavirus epidemiyasından sonra xaric ilə gediş-gəlişi tamamilə dayandıran Şimali Koreyada qalan təxminən 100 əcnəbi, o cümlədən diplomatlar olub.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Şimali Koreyada hələlik koronavirusa yoluxma faktı qeydə alınmayıb. Buna baxmayaraq, ölkədə qabaqlayıcı tədbirlər həyata keçirilir. Buraya virusun meydana çıxdığı və ən çox yayıldığı Çin ilə gediş-gəlişin dayandırılması, orta məktəblərdə tətil müddətinin uzadılması, habelə Cənubi Koreya ilə sərhəddə demarkasiya xəttində müvafiq tədbirlərin görülməsi daxildir. KXDR virusa yoluxmaq riski yüksək olan əhali qrupunun karantin müddətini fevralın ortasında iki dəfə çoxaldaraq 30 günə, xarici ölkələrdən gələn və yoluxma ehtimalı olanların karantin müddəti isə 40 günə qaldırılmışdı.

 





09.03.2020    çap et  çap et