525.Az

Həyat məktəbi, hüquq dərsliyi


 

Həyat məktəbi, hüquq dərsliyi <b style="color:red"></b>

Tanınmış hüquqşünas İkram Kərimovun "Zirvədən zirvəyə" adlı kitabının I və II cildlərini oxuyub tamamladıqdan sonra gəldiyim ümumi nəticə bu oldu: Həyat məktəbi və dərslik... Tərəddüd etmədən həmin sözləri yazıma sərlövhə seçdim. "Həyat məktəbi" deyəndə hamını, "dərslik" deyəndə hüquqşünasları, təhsil alan tələbələri nəzərdə tuturam.

"Zirvədən zirvəyə" kitabının yeni çapdan çıxmış 2-ci cildi 16 fəsildən və 2 hissədən ibarət olmaqla, müəllifin prokuror işlədiyi dövrdəki fəaliyyətini əhatə edir.

Kitabda prokurorluğun fəaliyyəti ilə bağlı məsələlər, müxtəlif tədbirlərdəki məruzə və çıxışları, qanunun aliliyinə və qanunçuluğa əməl olunmasına, cinayətkarlığa qarşı səmərəli mübarizə aparılmasına həsr olunmuş respublika və keçmiş İttifaq miqyaslı tədbirlər, ixtisasartırma institutu ilə bağlı mülahizələri yüksək peşəkarlıqla qələmə alınıb. Bunlarla yanaşı, kitabda müəllifin unutmadığı və yüksək dəyər verdiyi şəxsiyyətlər, müdrik insanlar, vaxtilə respublikamıza gəlmiş qonaqlar və onların ölkəmizlə bağlı təəssüratları və s. mövzulara da yer verilib.

Müəllifin rastlaşdığı bir sıra cinayət hadisələrindən və əhvalatlardan bəhs edən  yazıları xüsusi maraq doğurur. Kitabın faydası isə ondadır ki, onun aktuallığı bu gün də müstəntiq-istintaqçı - prokuror-dövlət ittihamçısı münasibətlərinin tənzimlənməsi barədə hüquq-mühafizə sahəsində çalışanlara zəngin bilgilər verir.

İkram müəllimin işinə, fəaliyyətinə, peşə ustalığına bələd olanlar bilirlər ki, onun istintaq etdiyi işlər cəmiyyətdə rezonans doğuran hadisələrlə bağlı olub. Bu isə təsadüfi deyildi. Özünün yazdığı kimi, vaxtilə Xalq yazıçısı Mehdi Hüseynin "Alov" pyesinin tamaşasına baxarkən oradakı mühüm işlər müstəntiqinin obrazı diqqətini daha çox cəlb edib və elə bu vəzifəni daşımağı arzulayıb. Onun arzusu, xəyalı sonralar həqiqətə çevrilib. Xeyirxah arzu və niyyətləri ilə gerçəkləşən bu həqiqət onun uzun illik fəaliyyətində qazandığı möhtəşəm uğurların təcəssümünə çevrilib. Hüquq aləmində "İkram məktəbi"nin necə formalaşdığı barədə kitabda maraqlı faktlar var. Baş vermiş cinayət hadisələrinin  ustalıqla, xüsusi məharətlə açılması barədə İkram müəllimin müstəsna xidmətləri və eləcə də bu təcrübəli, bacarıqlı hüquqşünas haqqında söylənilən fikirlər bunu bir daha təsdiqləyir.

"Yaxşı kadr necə olmalıdır" və yaxud "peşəkarlığı fərqləndirən cəhətlərə nail olmaq, qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün nələri etmək lazımdır" sualına kitabda tutarlı cavablar tapmaq mümkündür. Məsələlərə hisslərlə yox, ağılla yanaşmaq lazımdır. Kitabda təlqin edilən tövsiyələrdən biri də budur.

Kitabı oxuduqca görürsən ki, o, yalnız qanunların tələbləri ilə işləməyib, həm də onların fəal təbliğatçısı olub, maarifləndirici tədbirlərdə yaxından iştirak edib. Mətbuat  orqanlarında çoxsaylı yazılarla çıxış edib, televiziya və radio verilişlərində qanunçuluğa əməl olunması, cinayətkarlığa qarşı mübarizədə profilaktiki tədbirlərə ciddi diqqət yetirilməsi və s. barədə faydalı söhbətlər aparıb. Odur ki, vəzifə davranışlarında ən incə məsələlər, tövsiyə xarakterli, öyrədici yazılar kitabda yer alıb.

Kitabdakı maraqlı faktlar və hadisələr, ayrı-ayrı epizodların zənginliyi göstərir ki,  müəllif öz peşəsini, ixtisasını mükəmməl bilən, işin dərinliklərinə cəsarətlə baş vurmağı bacaran, əsl həqiqəti üzə çıxarmaq üçün canından belə keçməyə hazır olan, prinsipiallığından əl çəkməyən, peşəsinin şərəfini, nüfuzunu qoruyan, biliyinə, bacarığına, təcrübəsinə ehtiyac duyulan mütəxəssislərdən olub.

Necə ki, keçmiş iş yoldaşları, həmkarları, təmasda olduğu şəxslər onun haqqında ürək  dolusu danışırlar. Onlardan bəzilərini oxuculara təqdim etmək istəyirəm:

Gülzar Rzayeva, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin sabiq müavini: "Biz heyrətə gəlirdik - bu qədər dərinliyi, dəqiqliyi, bacarığı, səriştəni o, haradan alır?! Cəsarətlə deyə bilərəm ki, bəlkə də o, hətta keçmiş İttifaq səviyyəsində bir nömrəli istintaqçı idi. Onda hər rəhbər işçidə olmayan xüsusi işgüzarlıq, idarəetmə və təşkilatçılıq qabiliyyəti var idi".

Nizami Təhməzov ədliyyə general-mayoru: "O, dar məqamda insanların yanında olmağı, onlara imkan daxilində real kömək etməyi ilə seçilir. Cəmiyyətdəki mövqe və vəzifə dəyişikliyindən asılı olmayaraq onlarla münasibətini dəyişmir.

Müxtəlif dövrlərdə bir-birindən fərqlənən məsul vəzifələrdə çalışıb. Bu müddətdə iqtisadi-siyasi quruluş, qanunlar və insanların qanuna münasibəti dəyişib. Dərəbəylik və qeyri-sabitlik illərində baş verən hərc-mərcliklər, təzyiqlər və s. hallar onun mövqeyinin dəyişilməsinə zərrə qədər də təsir göstərə bilmədi, səbri və təmkini, müdrikliyi və ustalığı ilə qanunun aliliyini qoruyub saxlamağı bacardı. Bu, hər kəsə xas olan keyfiyyət deyil".

Əliş Əliyev, general-mayor: "Tanrı elə bil İkramı yaratmışdı ki, ancaq insanlara gərək olsun, onlara yaxşılıq etsin. Bəzən başqasına görə özünün ən vacib işini belə  kənara qoyardı. Çox səmimi, təmiz və saf insandır. Mən belə insanı həyatım boyu bir dəfə görmüşəm. Özümdən əvvəl də, sonra da belə insan olmayıb, olsa da, çətin ki, onun kimi - İkram kimi olsun. Hətta bəzən mən özüm də istəyirəm ki, onun kimi olum".

Mirağa Cəfərquliyev, ədliyyə general-mayoru, hüquq elmləri doktoru, professor: "Praktik İkram Kərimov, həqiqətən, prokurorluq və hakimlik fəaliyyətində bir məktəb yaratmışdır. Rəhbərliyi altında çalışmış həmkarları hal-hazırda məhkəmə və hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışırlar".

Nazim Allahverdiyev, baş ədliyyə müşaviri: "Onun rəhbərliyi altında işləmiş və tanıdığım hüquqşünasların və özümün yekdil bir fikirini bildirmək istəyirəm: biz ona rəis kimi deyil, müəllim kimi baxmışıq, peşə müəllimi, həyat müəllimi kimi".

Tahirə Quliyeva, kiçik ədliyyə müşaviri: "Onunla işləmək bizə zövq verirdi. İşçilərdə fərdi məsuliyyət hissinin yerinə, kollektiv məsuliyyət hisssini formalaşdıra bilmişdi".

Allahverdi Ələkbərov, baş ədliyyə müşaviri: "Tək-tək insanlardan biri də İkram müəllimdir ki, onunla ünsiyyətdən zövq alıram. Səsini eşitməyə mənəvi ehtiyac duyuram".

Aydın Rzayev, ürək dostu: "Yeganə olaraq İkram müəllimdə gördüm ki, vəzifə pillələrində irəlilədi, yaşca gənclikdən ağsaqqallığa yüksəldi, ancaq nə xarakteri, nə də rəftarı dəyişdi. Vəzifədə olduğu dövrdən də artıq, təqaüddə olduğu vaxt daha yüksək ehtiram və hörmət görür".

Deyilənlərə əlavə olaraq kitabda əksini tapmış maraqlı bir məqamı da xatırladım: İkram müəllim Bakı şəhər məhkəməsinin sədri seçiləndə onu ilk olaraq uzun illər Azərbaycan Ali Məhkəməsinin sədri işləmiş, sonralar isə Azərbaycan Ali Sovetində hüquq şöbəsinin müdiri işləyən Abdulla İbrahimov təbrik edərək demişdi: "Mən özümü təbrik edirəm. Axır ki, Siz öz  yerinizi tapdınız". Abdulla müəllim, əslində, çoxsaylı insanların İkram müəllimə olan hörmət və ehtiramını, ona bəslənən rəğbət hissini çox gözəl ümumiləşdirmişdi. Kitabın məzmununu zənginləşdirən yazıların hər biri  müəllifin öz həyatının bir parçasıdır.

"Zirvədən zirvəyə"nin hər iki cildini oxuyanda bu qənaətə gəlir və qəti əmin olursan ki, İkram müəllim həm də yazıçı-publisist, redaktə işini bilən, eyni zamanda, geniş müşahidə və mütaliə qabiliyyəti olan, arayıb-axtarmağa daim maraq göstərən, həyat hadisələrini diqqətdə saxlayan fəal tədqiqatçı, eləcə də gəzib-dolaşdığı coğrafi əraziləri dərindən öyrənməyə can atan səyyah təsirini bağışlayır. Malik olduğu bu keyfiyyətlər son dərəcə maraqlı, məzmunlu, əhatəli, oxunaqlı kitabların ərsəyə gəlməsinə səbəb olub. Müəllifin zəhmət və fədakarlığı isə qeyd olunan bu xüsusiyyətlər içərisindən ana xətt kimi keçir.

Faktlardan, haqqında söylənilən fikir və mülahizələrdən aydın olur ki, mürəkkəb və düyünə düşmüş çox işlər öz həllini onun əlində tapıb.

... Budur, cinayət törədilib. Üstündən uzun illər keçib. İzlə bağlı işartı belə yoxdur. Artıq hər şey unudulub. Tamamilə köhnəlmiş bu cinayət işini necə açmaq olar? Bunun üçün nə etməli, nədən başlamalı? Artıq burada fəhm lazımdır, ustalıq lazımdır, Allah vergisi səviyyəsində istedad və peşəkarlıq gərəkdir. Kitabda belə cinayətlərdən söhbət gedərkən İkram müəllimin peşəkar hüquqşünas kimi nələrə qadir olduğu bir daha üzə çıxır.

İkram müəllim yazır: "Prokurorun fəaliyyəti yalnız təhqiqat və istintaq işlərinə nəzarəti həyata keçirmək, məhkəmələrdə cinayət işləri üzrə dövlət ittihamını müdafiə etmək, bu işlər üzrə qəbul olunmuş məhkəmə qərarlarına münasibət bildirməklə məhdudlaşmamalıdır. Prokuror fərq qoymadan qüvvədə olan bütün qanunlara vəzifəli şəxslər və vətəndaşlar tərəfindən riayət olunmasına nəzarəti həyata keçirmək üçün dövlət və cəmiyyət qarşısında məsuliyyət daşımalıdır".

Baş vermiş cinayətlərin üstünün isti-isti açılması, ittiham və müdafiə nitqləri və s. haqqında kitabda şərh olunan mövzular  öyrədici təsirə malikdir. Müəllif yazır: "İttiham nitqi proses iştirakçılarını və zalda əyləşənləri düşündürməli, öyrətməli və qanuna-zidd hərəkətlərdən çəkindirməlidir". Bu barədə o, dünya təcrübəsindən, tarixi məhkəmə proseslərindən, müdrik kəlamlardan misallar gətirir.

Kitabda hüquqi məsələlərlə yanaşı, həm də tarixi dövrlərdən, ədəbiyyat və incəsənət aləmindən, görkəmli şəxsiyyətlərin həyatından və s. sahələrdən maraqlı məlumatlar əldə edirsən. "Onlar unudulmamalıdır", "Bunları bilmək maraqlıdır" rubrikaları altında verilmiş yazılardan oxucular çox maraqlı məlumatlar ala bilirlər. Müəllif  böyük mütəfəkkir, məşhur din Xadimi Şeyx Mövlana İsmayıl Əfəndinin adını yaşadan "Mövlana bağı", Azərbaycan İstiqlalının ilk carçılarından olmuş həmyerlisi Mustafa Mahmudov və başqaları haqqında maraqlı faktlardan  söhbət açır.

Mirzə Kazım bəy, Şeyx Şamil, rus yazıçısı Çernışevski, rus şairi Sergey Yesenin, habelə Üzeyir bəy Hacıbəyov, akademik Məmməd Cəfər, şairlərimizdən Hüseyn Arif, Rəfiq Zəka, Atif Zeynallı, Hafiz Baxış, Azad Talışoğlu, həyatdan köçmüş iş yoldaşları, təmasda olduğu tanınmış şəxslər barəsində, SSRİ-nin keçmiş rəhbərlərindən L.İ.Brejnev, L.P.Beriya, R.A.Rudenko və V.V.Naydyonov haqqında maraqlı yazılar təsirli olmaqla, həm də oxucuda həzin və kövrək duyğular yaradır.

"Qəribə əhvalatlar" silsiləsindən olan məlumatlar, eləcə də müəllifin şən zarafatlarını əks etdirən epizodlar, zərərli vərdişlər və onlardan yaxa qurtarmaq barədə müəllif tövsiyələri oxucunun diqqətini cəlb edir.

Bolqarıstandan gəlmiş qonaqların gecəyarısı Dənizkənarı bulvara gəzintiyə çıxmaları, Xəzərin sahilindən səhərin açılmasını, dan yerinin sökülməsini seyr etmələrinin təsviri, habelə Şuşanın Cıdır düzündə ilk dəfə Xarıbülbülü görməsi oxuculara unudulmaz təəssüratla çatdırılır.

Bəli, əslində, sənədli olan bu kitab bədii çalarlarla zəngindir və hər şey məntiqi ardıcıllıq üzərində qurulub. Tarixi və hüquqi sənədlər, müvafiq məqamlara dair əmrlər, sərəncamlar, məktublar, ustalıqla istinad edilən mənbələr, həyatın və fəaliyyətin maraqlı anlarını əks etdirən çoxsaylı fotoşəkillər - bütün bunlar kitabın məzmununu çox gözəl tamamlayır.

1981-ci ildə Moskvada çapdan çıxmış, hüquq-mühafizə orqanları işçilərinin çətin, şərəfli və çoxsahəli peşələrinə həsr olunmuş oçerklər kitabında İttifaq üzrə təmsil olunan iki müstəntiqdən birinin məhz İkram Kərimov olması çox şeydən xəbər verir.

Yazıma, gəldiyim bir qənaətlə nöqtə qoymaq istəyirəm: İkram müəllimin həyat və  fəaliyyəti, yaşadığı şərəfli ömür əsl həyat məktəbi və hüquq dərsliyidir. Sadəcə olaraq bunu öyrənmək lazımdır.

Tofiq ABDULLAYEV

 





12.03.2020    çap et  çap et