525.Az

Balakən-Şəki bölgəsində yaşayan milli azlıqların folkloru - Resenziya


 

Balakən-Şəki bölgəsində yaşayan milli azlıqların folkloru - <b style="color:red">Resenziya </b>

Balakən-Şəki bölgəsi Azərbaycanın əsl tolerantlıq və multikulturalizm məkanıdır. Bu torpaqlarda əsrlər boyu çoxmillətli, çoxdinli, çoxdilli xalqlar bir-birilə dost-qardaş kimi firavan yaşayıblar.

Balakən-Şəki bölgəsi etnik-dini rəngarəngliyi ilə seçildiyi kimi, bölgədə yaşayan xalqların folkloru da olduqca zəngin, rəngarəngdir.

Bölgənin milli azlıqlarının folklorunun toplanılmasında və nəşrində Şəki Regional Elmi Mərkəzinin nəzdindəki "Folklor" laboratoriyasının (indi "Folklorşünaslıq və el sənətləri" şöbəsi) aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru, folkorşünas alim Əli Süleymanovun danılmaz əməyi var. Onun 2001-ci ildə işıq üzü görən "Babaların hikmət xəzinəsi: Milli azlıqların folkloru" kitabı bölgənin azsaylı xalqlarının folklorunun öyrənilməsi işində xüsusi əhəmiyyətə malikdir. Milli azlıqların folkloruna həsr olunmuş kitabda avar, saxur, ingiloy xalqlarının folklor nümunələri janrlar üzrə bölünərək verilib. Kitabın elmi əhəmiyyətini artıran bir xüsusiyyət də bölgənin qədim tarixindən, adət-ənənəsindən, bayramlarından xəbər verən zəngin folklor örnəklərinin yer almasıdır. "Kura Kali (ingiloy), "Pəri qala" (avar) əfsanə və rəvayətləri, Tsudul kassi (avar), Seyran, Qorqot (ingiloy), Toyole (avar) bayramları, Kuda Ko (avar) dini bayramı kitabda adı çəkilən və bölgənin zəngin tarixə malik olduğunu göstərən folklor örnəkləridir.

Avar folkloru

Kitabın birinci bölməsini avar folkloruna aid nümunələr təşkil edir. Avarlar Balakən-Şəki bölgəsində yaşayan sayca ən çox milli azlıqlardır. Avar xalq dastanı olan "Xoçberin mahnısı", "Baxtikanın mahnısı", "Tsevexanların dastanı", "Car vuruşu haqqında dastan" və. s dastanların adı çəkilir, həmin dastanlar el şənliklərində xalq ozanları tərəfindən tamburla çalınaraq söylənilir. "Xoçberin mahnısı" dastanında xalq qəhrəmanı Xoçberin zülmkar xana qarşı mübarizəsi təsvir edilir, "Tsevexanların dastanı"nda yuxu paraqdiması, yuxu görmə var. Yuxu paradiqması bizim dastanlar üçün də xasdır. "Kitabi-Dədə Qorqud"da Qazan xanın, Qaraca Çobanın, Yeynəkin, "Koroğlu"da Koroğlunun yuxu görməsi və s. diqqətçəkicidir. Kitabda avar bayatılarından məzmunca rəngarəng nümunələrlə rastlaşırıq. Avarlar bayatıya "keçç" deyirlər. Avar bayatılarında xalqın dünyagörüşü, istək və arzuları, vətənə məhəbbəti, yadellilərə qarşı mübarizəsi, insana olan saf sevgi hissləri əks olunur. Avar bayatılarında həmçinin, xalqın el adətləri, geyim tərzi, mədəniyyəti də yaşayır. "Dunça", "kerenseri", "şamdan", "zarı" kimi geyim formalarının bayatılarda adları çəkilir.

"Pəri qala" , "Mesedilher" , "Malikul hub", "Qolodalı qızın hekayəti" və s. əfsanə və rəvayətlər bölgədə avarların zəngin irsə malik olduğunun göstəricisidir. "Pəri qala" rəvayəti məzmun baxımdan daha çox maraq doğurur. Bu avar folklorunun tarixi izi Sasanilər dövrünə qədər gedib çıxır. Rəvayətdə biz Nizami Gəncəvinin "Xosrov və Şirin" poeması ilə səsləşməni də görürük. Rəvayətin məzmunu belədir ki, Pəri üçün atası dağlardan saxsı borularla "süd arxı" çəkdirir. Qalanın arxasında saxsı borularla çəkilmiş bulağın qalıqları indi də vardır. "Süd arxı" məsələsi bizə "Xosrov və Şirin" poemasında Fərhadın Şirinin eşqini qazanmaq üçün qayaları çaparaq süd arxı çəkməsi fraqmentini yada salır.

Avarların qədim adət-ənənlərinə onların təqvim bayramları, təbiətlə bağlı inancları, mərasimləri (toy və yas adətləri) aiddir. Azərbaycan türkləri kimi avarlar da yazın gəlişini təntənə ilə qeyd edir. Mart ayında yazın gəlişi ilə əlaqədar Yaz bayramı (Tsudul kassi) keçirilir. Bu bayramda el şənliyi təşkil olunur, süfrələr açılır, qışdan qalan bütün ərzaq ehsan kimi paylanılır, bayram axşamı tonqallar qalanılır. "Tsudul kassi" bayramı mahiyyət etibarı ilə Azərbaycan türklərinin Novruz şənlikləri ilə səsləşir. Avarların dini bayramları içərisində "Kuda Ko" ("Böyük gün") bayramı xüsusilə seçilir. Bu bayrama Ramazan bayramı da deyirlər. Bayram günü insanlar ziyarətə gedir, dualar oxuyurlar.        Avarların mərasim ənənləri də olduqca zəngindir. Onların özlərinəməxsus toy və yas adət-ənələləri var. Avar qadınlarının toy libası xüsusilə fərqlənir. Toylarda avar qızları gümüş saplardan toxunmuş "dunça" adlı baş geyimi taxırlar. Bu baş geyim növü avarların bayatılarında da əks olunur.

Avar və Azərbaycan folklor mərasimlərində bir sıra ortaq cəhətləri də demək yerinə düşər. Məsələn, avarların qız istəmə mərasimində "elçi daşı" ənənəsi var. Bu ənənə bilirik ki, Azərbaycan nağıllarının da əsas süjetlərindəndir. Keçmişdə avar kəndlərində qız evinə gələn elçi daşına oturar, səbrlə dəvət gözləyərdi. Azərbaycan folklorunun əsas simvollarından olan alma da avar folklorunda diqqətçəkicidir. Avarlar toya dəvət zamanı hər ailəyə alma verərdilər. Alma simvolu ingiloyların da mərasim adətlərində işlənir. İngiloylarda almanı qız evinə elçiliyə gedən zaman aparardılar. Əgər alma yarı kəsilmiş halda qayıdardısa, bu, qız evində razılıq əlaməti idi. Azərbaycan adət-ənənələri ilə ortaq xüsusiyyətlərdən biri kimi avarlarda çörəkkəsmə ənənəsi də maraqlıdır. Azərbaycan türkləri çörəyi gəlinin başı üzərində kəsirlərsə, avarlar bunu gəlin evə girdikdə kürəyi üzərində kəsərlər. Avarların yas adətləri də fərqlidir. Azərbaycan türklərində ölünü kəfənlə basdırırlarsa, avarlarda ölüyə qıraq tikişləri olmayan paltar geyindirir, daha sonra kəfəni paltarın üstündən bürüyürlər. Dəfn günü ölünün basdırılmasında iştirak edənlərə dördə bir təndir çörəyi, halva, bişmiş ət tikəsi paylayırlar.

Kitabda avarların epik folklor örnəklərindən lətifələr, nağıllar da verilir. Lətifələrdə daha çox avar toponimlərinin adları çəkilir. (Axaxdərə, Arana-Tsora və s.). Nağıl örnəklərindən heyvanlar haqqında olan nağıllar üstünlük təşkil edir. "Qaz və tülkü", "Dəvəni necə xilas etdilər", "Şir, canavar və tülkü" nağılları məzmun baxımından daha dolğundur. "Şir, canavar və tülkü" nağılının məzmunu Azərbaycan yazılı ədəbiyyatından Qasım bəy Zakirin "Aslan, qurd və çaqqal" təmsili ilə səsləşir. Həm nağılda, həm də təmsildə oxşar paralellər hər iki xalqın bir-birinə olan bağlılığının göstəricisidir.  

Saxur folkloru 

Balakən-Şəki bölgəsində yaşayan milli azlıqlardan biri də saxurlardır.

Kitabda həm saxur dilində, həm də Azərbaycanca bayatılar verilmişdir. Bayatılarda saxur xalqının adət-ənənəsi, mədəniyyəti əks olunur, saxurların milli xəmir xörəyi sürhüllünün, çalğı alətləri tamburun adları qeyd edilir. Saxur ağılarında 20 Yanvar hadisələrinin kədəri, Azərbaycan xalqına qarşı törədilən cinayətlər verilir.

Azərbaycanda yaşayan saxurlar Azərbaycan türkləri ilə qaynayıb-qarışmış, Azərbaycan mədəniyyətinin yaranmasında, inkişafında fəal iştirak etmişlər. Saxurlar Azərbaycan dilinə, mədəniyyətinə yiyələnməklə yanaşı, özlərinə məxsus qədim adət-ənənələrini də yaşadırlar. "Seyran" bayramı saxurların özlərinəməxsus milli adət-ənənələrindən biridir. Xalq arasında Seyran bayramına həsr olunmuş bayatılar da qorunub saxlanılmışdır. Zaqatala rayonunun Suvagil kəndində hər il may ayının axırında iyulun əvvəlində biçin zamanı "Seyran" bayramı keçirilir, bu şənliklərdə qara zurna, tampur, nağara və s. yerli musiqilər səslənərmiş. Kitabda kənd müəllimi, folklor həvəskarı Seyid Məmmədovun Seyran bayramına həsr etdiyi şeir verilib. Şeirdə Seyran bayramının necə keçirilməsi haqqında dolğun məlumat vardır. Qeyd edək ki, Seyran bayramı 3 gün dağlarda keçirilir. Xalq arasında Seyran bayramına həsr olunmuş bayatılar da qorunub saxlanılıb.

Kitabda saxurların epik folklor örnəkləri ilə də tanış oluruq. Lətifə, rəvayət, əfsanə, nağıllardan bir sıra örnəklər qeyd edilir. Saxur lətifələrindən birində saxurların məşhur yeməyi olan qaxacın adı çəkilir. "Belıy veş" adlı lətifədə Rusiyətdən saxur kəndinə gələn gəlinə qaxac bişirilir. Kitabdakı nağıllar daha çox heyvanlar haqqında nağıllardır. "Tülkünün cəzası" nağılında yaxşılığa qarşı edilən pislik pislənilir, bir qoca tələyə düşən ilanı xilas edir, ilan isə xislətindən qalmayaraq qocanı sancmaq istəyir və sonda ilan öz cəzasını alır. "Hiyləgər canavar" nağılında canavarın acgözlüyü göstərilir. "Altı daş, üstü plov" ibrətli hekayəsində "ananın xeyir-duası olmayan evin sevinci, bərəkəti olmaz" ideyası nəzərə çatdırılır.

Saxur toylarının da özünəməxsusluqları var. Avar toylarındakı kimi toya gələn qonaqlara, çalğıçılara "çantalar" (içi mixəkli, rəngbərəng saplarla işlənmiş xırda bükmə) paylanılır. Avarlarda qız toyuna həm də çantalar deyilir.

Azərbaycanda yaşayan bütün etnoslar kimi saxurların da mədəniyyətinin, folklorunun qorunub saxlanılmasında dövlət tərəfindən həmişə dəstək verilib.          

İngiloy folkloru

Balakən-Şəki bölgəsində yaşayan milli azlıqlardan biri də ingiloylardır. İngiloy folklorunun Azərbaycan türklərinin folkloru ilə yaxınlığı daha çoxdur. Tarixçilərin qeyd etdiyinə görə, ingiloylar albanların gel tayfalarının varisləridir. Kitabda "İngiloy aşıq folkloru" adlanan hissədə ingiloyların aşıq yaradıcılığı geniş şəkildə əks olunub. Bölgədə yaşayan digər azsaylı xalqlara nisbətən ingiloylarda aşıq ədəbiyyatı daha çox inkişaf etmişdir. Xüsusən müsəlman ingiloylar aşıq ədəbiyyatına daha çox bağlı olublar. İngiloy aşıqları "Çonquri" adlanan doqquz telli çalğı alətində çalıb oxuyurdular. İngiloy aşıq yaradıcılığının əsas mərkəzi Əliabad kəndi olmuş, Əliabad aşıqlarının ünü ölkəyə belə səs salmışdır. Əliabad aşıqlarının ən görkəmlisi Aşıq Hüseyndir. Kitabda onun şeirlərindən nümunələr verilir. Aşıq Hüseyn digər aşıqlardan həm ingiloy, həm də Azərbaycan dilində yazması ilə fərqlənirdi. Onun "Bozi" şeiri bu cəhətdən maraqlıdır. Əliabad aşıqlarının son nümayəndəsi Aşıq Camaldır. Hətta kənd sakinləri arasında belə rəvayət olunur ki, Aşıq Camal görkəmli aşıq Molla Cüməyə ustadlıq edib. Kitabda Aşıq Camalın bölgənin məşhur aşığı varxiyanlı Aşıq Məhəmmədə müraciətlə yazdığı "De gəlsin" qoşması da seçilir. O şeirin son bəndində "Şəhərim Zaqatala, Əliabaddan bir mənəm" deməklə Əliabada aşıqlarının son nümayəndəsi olduğunu nişan verir. Diqqəti cəlb edən daha bir şeir aşığın "Niyə döndü" şeiridir. Aşıq Ələsgərin məşhur "Üzün məndən niyə döndü" şeirinə nəzirə olaraq yazılmışdır. Aşığın "Peşman olarsan" ustadnaməsində folklor izləri əksini tapıb. Şeirin birinci bəndində "Heç yalvarma hər yetənə, qoy aparsın sel səni, Namərdlərin körpüsündən keçmə, peşman olarsan" misraları bizə məşhur "Yatma tülkü kölgəsində qoy yesin aslan səni, keçmə namərd körpüsündən, qoy aparsın sel səni" atalar sözünü xatırladır. Kitabda ingiloyların əfsanə, rəvayət və nağılları da diqqətçəkicidir. "Kura Kali" əfsanəsindəki qızın daşa, qayaya dönmə mikrosujeti Azərbaycan türklərinin əfsanələri ilə paraleldir. "Əli batdı" rəvayətində Əliabad kəndinin yaranma tarixi verilib.

 





13.03.2020    çap et  çap et