525.Az
Füzuli adına Əlyazmalar İnstitutunda türkiyəli mütəxəssislə görüş keçirilib
Türkiyənin Baş Nazirliyi nəzdindəki dövlət arxivlərinin baş müdirinin köməkçisi Mustafa Budaq AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub. İnstitutdan verilən məlumata görə, qonaq institutun işi ilə tanış olaraq şöbələri gəzib.Sonra institutun iclas zalında Mustafa Budaq ilə görüş keçirilib. İnstitutun direktor əvəzi, filologiya elmləri doktoru Paşa Kərimov bildirib ki, Türkiyə bizim tariximizə, mədəniyyətimizə aid əlyazmalarla zəngin olan ölkədir, oradakı arxivlər bizim üçün vacib mənbədir. P.Kərimov Əlyazmalar İnstitutunun Türkiyənin müxtəlif müəssisələri, elm adamları, əlyazmalarla məşğul olan insanları ilə əlaqələrinin olduğunu söyləyib, faydalı əməkdaşlıqdan danışıb: “Bu əlaqələr nəticəsində Türkiyədə saxlanılan əsərlərin ölkəmizə gətirilməsi tariximiz üçün əhəmiyyətli olacaq. Bu arxiv sənədləri əsasında tariximizin təhrif olunmuş məqamlarına aydınlıq gətirmək və əsl tariximizi üzə çıxarmaq mümkün olacaq”.
P.Kərimov Mustafa Budağın Qafqaz üzrə mütəxəssislərdən biri olduğunu vurğulayaraq bildirib ki, məqsədimiz qardaş Türkiyə alimləri ilə təcrübə mübadiləsi aparmaqdır.
Sonra Yunis Əmrə İnstitutu və Yunus Əmrə Türk Mədəniyyət mərkəzlərinin fəaliyyətini əks etdirən təqdimat olub. Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin Azərbaycandakı təmsilçisi Səriyyə Gündoğdu mərkəzin fəaliyyəti barədə məlumat verərək davamlı əməkdaşlıq edəcəklərini bildirib.
Sonra çıxış edən Mustafa Budaq dəvətə görə Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinə və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna təşəkkürünü bildirib və arxivlərin mədəni dəyər olduğunu vurğulayaraq fəaliyyət göstərdiyi müəssisənin işi, özünün təcrübəsi barədə danışıb, Türkiyədə Azərbaycana dair çoxlu sənədlərin mövcud olduğunu qeyd edib: “Bu görüş Türkiyədən Azərbaycana dair sənədlərin əldə edilməsində, istifadəsində yeni bir mərhələnin başlanğıcı olacaq. Hər iki müəssisə arasında əlaqələrin genişləndirilməsi tariximizin, mədəniyyətimizin öyrənilməsinə böyük fayda verəcəkdir”. Sonda tərəflər arasında bu sahədə təcrübə mübadiləsi məsələləri müzakirə edilib.
S.ABDULLAYEVA
30.11.2013
çap et