525.Az

Parlamentin yeni komitə sədrləri qarşıda duran hədəflərdən danışdılar


 

Parlamentin yeni komitə sədrləri qarşıda duran hədəflərdən danışdılar<b style="color:red"></b>

"Mənə göstərilən yüksək etimada, Aqrar siyasət komitəsinin sədri seçilməyimə görə, parlamentin rəhbərliyinə və üzvlərinə, Milli Məclisdə (MM) çoxluğu təşkil edən hakim Yeni Azərbaycan Partiyasına (YAP) minnətdarlığımı, dərin təşəkkürlərimi bildirirəm. Bu, böyük etimad və böyük məsuliyyətdir, üzərimə böyük məsuliyyət qoyur".

Bunu "525"ə açıqlamasında MM-in Aqrar siyasət komitəsinin yeni sədri, 5-ci dəfə millət vəkili olan Tahir Rzayev deyib. "Tam səmimi şəkildə deyirəm ki, bu, mənim üçün gözlənilməz oldu. Komitə sədri seçiləcəyimi düşünmürdüm. Çox sağ və var olsunlar bir daha etimadlarına görə. 20 ilə yaxındır ki, parlamentdə təmsil olunuram. Regional siyasət, sonuncu çağırışda isə həm də Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü olmuşam"-deyən komitə sədrinin sözlərinə görə, 20 il az müddət deyil, böyük təcrübədir. "Odur ki, 20 illik təcrübəmdən aqrar qanunvericiliyin hazırlamasında və daha da təkmilləşdirilməsində əlimdən gələni əsirgəməməyə, mənə göstərilən etimadı doğrultmağa çalışacağam. Parlamentin yeni rəhbərliyi, yeni sədarət, ümumiyyətlə, yeni heyət çox əladır. Kimsə bir söz deyə, irad tuta bilməz. Eyni zamanda, parlament rəhbərliyində, komitələrdə müavinlər səviyyəsində digər partiyaların, müxalifətdən olan parlamentarilərin təmsilçiliyi də çox müsbət və təqdirəlayiq hadisədir. Demək olar ki, parlamentdə bütün siyasi palitra təmsil olunub və bunun özü ölkəmizin demokratikliyindən, çoxpartiyalılığın inkişafından, demokratik imicin yüksəlməsindən xəbər verir. Hər kəsə, parlamentin yeni rəhbərliyi başda olmaqla, bütün həmkarlarıma Azərbaycanın inkişafı, tərəqqisi naminə fəaliyyətində uğurlar arzulayıram. Hesab edirəm ki, parlament çox gözəl işləyəcək, insanların, seçicilərin etimadına layiq olacaq" - deyə, T.Rzayev sözlərinə əlavə edib.

Qeyd edək ki, indiyə qədər, 5 çağırış MM-də (1995-2020-ci illərdə) Aqrar siyasət komitəsinə professor Eldar İbrahimov rəhbərlik edib. Bu dəfə isə həmin komitəyə 2001-ci ildən MM-in üzvü olan T.Rzayev seçilib. E.İbrahimov isə MM-in İntizam Komissiyasının (Ağacan Abiyevin yerinə) sədri seçilib. Vətəndaş Birliyi Partiyasının (VBP) sədri, 4-cü dəfə millət vəkili olan Sabir Hacıyev də Aqrar siyasət komitəsinin sədr müavini vəzifəsində professor Eldar Quliyevi əvəzləyib. Aqrar siyasət komitəsinin üzvlərinə gəlincə, tərkib hələ tam müəyyənləşməyib. Bununla belə, komitə üzvləri arasında sabiq komitə sədri E.İbrahimov, sabiq sədr müavini Eldar Quliyev, o cümlədən, Novruz Aslan, İqbal Məmmədov, Cavanşir Paşazadə, Eldəniz Səlimov və digərləri var. Həmçinin, uzun illər T.Rzayevlə Regional məsələlər komitəsində təmsil olunan Azər Badamov Aqrar siyasət komitəsinə keçib.

"Martın 10-da Milli Məclisin Mədəniyyət komitəsinin sədri seçildim. Bu vəzifə mənim üçün böyük şərəf və məsuliyyətdir. Mənə göstərilən bu yüksək etimada görə dərin minnətdarlığımı bildirirəm! Milli Məclis rəhbərliyinə və deputat həmkarlarıma mənim namizədliyimi dəstəklədikləri üçün təşəkkür edirəm!" Bunu isə MM-in Mədəniyyət komitəsinin yeni sədri, professor Qənirə Paşayeva deyib. "Milli Məclis qarşısında yeni mühüm çağırışlar var. Bu gün cənab Prezidentimiz Milli Məclisdə çox geniş, önəmli mesajlarla zəngin çıxış etdi və dəyərli tövsiyələrini səsləndirdi. Ölkəmizin inkişafı üçün hər birimiz öz vəzifəmizi yüksək məsuliyyətlə icra etməliyik. Mədəniyyət Komitəsi sədri kimi bu etimadı doğrultmaq və müasir çağırışlara cavab vermək üçün komitə üzvləri həmkarlarım ilə birlikdə yorulmadan çalışacağıq. Mədəniyyət böyük bir sahədir və bir çox qurumlarımızla fəal şəkildə əməkdaşlıq edərək dövlətimizə və xalqımıza yüksək səviyyədə xidmət etmək üçün bütün gücümüzlə çalışacağıq. Təbrik yazan dəyərli insanlarımızın hər birinə işlərin çoxluğu səbəbindən ayrı-ayrılıqda cavab yaza bilmədim. Hər birinizə təbrikiniz, diqqətiniz üçün təşəkkür edirəm..." - deyə o, əlavə edib.

Xatırladaq ki, Q.Paşayeva akademik Rafael Hüseynovu əvəzləyib. Millət vəkili Fazil Mustafa isə həmkarı Jalə Əliyevanı əvəzləyib, Mədəniyyət komitəsinin sədr müavini seçilib.

Kamil HƏMZƏOĞLU

 





13.03.2020    çap et  çap et