525.Az

Altıncı çağırış Milli Məclis çoxpartiyalılıq prinsipi əsasında formalaşıb


 

PARLAMENT YENİ TƏRKİBDƏ VƏ YENİ MÜSTƏVİDƏ DÖVLƏTÇİLİYİMİZİN, MÜSTƏQİLLİYİMİZİN QORUNMASINA ÖZ TÖHFƏSİNİ VERƏCƏK

Altıncı çağırış Milli Məclis çoxpartiyalılıq prinsipi əsasında formalaşıb<b style="color:red"></b>

Altıncı çağırış Milli Məclisin bir neçə gün əvvəl keçirilən ilk iclasında parlamentin yeni spiker və vitse-spikerləri, həmçinin, komitə sədrləri, onların müavinləri, komissiya üzvləri seçilib. Azərbaycan parlamenti yeni rəhbərliklə fəaliyyətə başlayıb.

Məlum olduğu kimi, altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında iştirak edən Prezident İlham Əliyev geniş çıxış edərək, çox mühüm mesajlar verib. Dövlət başçısı bildirib ki, ölkədə parlament seçkiləri demokratik keçirilib, səsvermənin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib. Altıncı çağırış Milli Məclis çoxpartiyalılıq prinsipi əsasında formalaşıb: "Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır. Bütün siyasi qüvvələr seçkilərdə iştirak etmişlər. Sadəcə olaraq, özünü müxalifət adlandıran marginal qruplaşma seçkiləri sanki boykot etmişdir. Bu da gülməlidir. Çünki Azərbaycan xalqı bu rüsvayçı qurumu çoxdan boykot edib və 27 ildir ki, onlar tarixin zibilxanasındadırlar. Belə olan halda boykot elan etmək həm gülməlidir, həm də təəccüblüdür.

Beləliklə, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli addımdır. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar bu gün səhər mənim tapşırığımla yığışmışlar və önəmli qərarlar qəbul etmişlər. Mənim tövsiyəm o olmuşdur ki, partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var. Əlbəttə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır".

Qeyd edək ki, müstəqil Azərbaycan parlamentinin tarixində ilk dəfə olaraq qadın parlamentin sədri seçildi. İlk dəfə olaraq parlament rəhbərliyi çoxpartiyalılıq prinsipi əsasında formalaşdı. 6-cı çağırış Milli Məclisin rəhbərliyində həm bitərəflər, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olunurlar. Bitərəflər və azlıqda olan partiyaların nümayəndələri də Milli Məclisin daimi komitələrinə sədr seçildilər.

Milli Məclisin yeni tərkibi onu deməyə əsas verir ki, parlament ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəkdir.

Dövlət başçısının deputatlara bir tövsiyəsi də onların seçicilərlə daim təmasda olması, problemləri ilə maraqlanmaları ilə bağlı olub.

Prezident vurğulayıb ki, Azərbaycanın daxili problemləri ölkə daxilində həll olunmalıdır, Vətən və dövlətçilik naminə bütün siyasi qüvvələr onların həllinə birlikdə öz töhfələrini verməlidirlər. Problemlərin ölkə hüdudlarından kənara çıxarılması və ölkəmizi istəməyən xarici qüvvələrin əlində Azərbaycana qarşı vasitəyə çevrilməsi yolverilməzdir. Azərbaycan daim müstəqil, prinsipial və öz milli maraqlarına uyğun siyasət yürüdür. Heç bir qüvvə Azərbaycan dövlətinə təzyiq göstərə bilməz.

Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, Prezident İlham Əliyev yeni tərkibli Milli Məclisin ilk plenar iclasında iştirakı ilə bizə şərəf verdi. Ölkə başçısı nitqi ilə Milli Məclisin yeni üzvlərinə tapşırıq və tövsiyələrini çatdırdı. Ölkə başçısının öz nitqində bir sıra məsələlərə toxunduğunu deyən deputat söyləyib ki, əsas məqam, hədəf parlamentin fəaliyyətinin müasir dünyada baş verən proseslərə operativ olaraq cavab verməsi, işini yüksək səviyyədə qurmasıdır: "Cənab Prezident bildirdi ki, deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar. Hesab edirəm ki, bu, ölkə başçısının Milli Məclisin üzvlərinə mühüm tapşırığıdır". E.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev çıxışı ilə Milli Məclisin yeni tərkibinə qanunverici orqan kimi mövcud qanunlara yenidən baxılması, onların müasir dövrün tələblərinə uyğunlaşdırılması, lazım olan əlavə və dəyişikliklərin zamanında edilməsi, yeni qanunların qəbul olunması və qəbul olunanda beynəlxalq aləmdə baş verən proseslərə yüksək səviyyədə cavab verməsi ilə bağlı tapşırıqlar verərək, deputatların üzərinə ciddi tələb və vəzifələr qoydu: "Ölkə başçısı vurğuladı ki, hər bir deputat istər parlament, istərsə də kənar fəaliyyətində, xarici səfərlərdə, beynəlxalq tədbirlərdə cəsarətlə, qətiyyətlə, yüksək səviyyədə mövqeyini təqdim etməyi bacarmalıdır. Prezident Milli Məclisin üzvlərinə gedən proseslərə oturub baxmaq, susqun olmaq, fikrini bildirməmək, liberallıq göstərmək kimi hallara qarşı ciddi fikirlərini səsləndirdi".

Deputat vurğulayıb ki, dövlət başçısı nitqində yeni məqama toxunaraq millət vəkillərinin qəbul olunan qanunların yerlərdə icrasına nəzarət funksiyası yerinə yetirməli olduqlarını da söylədi: "Bu artıq parlament üçün yeni vəzifə, yeni səlahiyyətdir. Ümumilikdə götürəndə yeni tərkibli Milli Məclis islahatçı, yenilikçi parlament kimi fəaliyyət göstərməlidir. Bu, bizim qarşımızda vəzifə və tələbdir". E.Məmmədov əlavə edib ki, Azərbaycan Milli Məclisinin rəhbərliyinin qadın olması İslam dünyası üçün nümunədir: Hesab edirəm ki, yeni formalaşmış parlament nümunəvi fəaliyyəti ilə cənab Prezidentin etimadığını doğruldacaq".

Millət vəkili Elşad Mirbəşiroğlu deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Milli Məclisdə bir saatdan artıq çıxış etdi. Bu çıxış özünün konseptual xarakteri ilə seçildi. Ölkə Prezidenti çıxışında bir çox məqamlara toxundu. Dövlət başçısı seçkilərin demokratik, şəffaf və müasir standartlara cavab verən səviyyədə keçirildiyini qeyd etdi.

Deputatın sözlərinə görə, həqiqətən də bu gün Azərbaycan Milli Məclisinin yeni tərkibi aydın şəkildə nümayiş etdirir ki, VI çağırış Milli Məclis ölkə Prezidenti tərəfindən həyata keçirilməsinə başlanmış islahatlara öz ciddi təkanını nümayiş etdirəcəkdir: "Cənab Prezident qeyd etdi ki, dörd dairənin ləğv olunması da öz növbəsində nümayiş etdirir ki, Azərbaycan tərəfinin özü neqativ halların, çatışmazlıqların aradan qaldırılmasında hamıdan qabaq maraqlıdır. Mənim bununla bağlı mövqeyim ondan ibarətdir ki, Azərbaycan keçirilmiş parlament seçkilərinin nəticələrinin yoxlanılması zamanı bir çox dairələrdə, məntəqələrdə səsvermənin nəticələri də ləğv olundu. Bunu bizdən hansısa bir beynəlxalq istansiya istəməmişdi, tələb etməmişdi. Azərbaycan dövlətinin özü maraqlı idi ki, seçkilərdə bütün çatışmazlıqlar qiymətləndirilsin və onların aradan qaldırılması istiqamətində addımlar atılsın. Təbii ki, bu cür də edildi. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan dövləti, hakimiyyəti seçkiləri ən demokratik, şəffaf formada keçirilməsində özü hamıdan qabaq maraqlıdır və bu istiqamətdə kimlərinsə məsləhətinə ehtiyac duymur. Azərbaycan dövləti özü şəffaflığın, demokratiyanın seçki prosesində təmin olunması istiqamətində gərəkən bütün addımları zamanında atır. Bu baxımdan hesab edirəm ki, cənab Prezidentin seçkilərlə bağlı söylədiyi fikirlər həqiqətən də reallığı tam əks etdirir".

Milli Məclisin deputatı Elman Nəsirov isə vurğulayıb ki, martın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə altıncı çağırış Milli Məclisin ilk iclası keçirildi. Dövlət başçısının parlamentdə dərin məzmunlu çıxışında qaldırdığı məsələlər sırasında xüsusilə çoxpartiyalılığın Azərbaycan siyasi sisteminin inkişafında yeri və rolu ilə bağlı məqamı vurğulaması təqdirəlayiqdir. Dövlət başçısı 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra onun təşəbbüsü ilə ölkədə dərinləşən islahatlar kursuna start verildiyini və bu islahatlar kursunun bütün sferaları əhatə etdiyini diqqətə çatdırdı. Bildirdi ki, islahatlar nəticəsində Prezident Administrasiyasında, Nazirlər Kabinetində, yerli mərkəzi icra hakimiyyəti orqanlarında struktur və kadr dəyişiklikləri həyata keçirildi. Reallıqlar fonunda təbii olaraq, Milli Məclisdə də dəyişikliklərin aparılması məntiqi zərurətdən irəli gəlirdi. Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə xalqın iradəsini əks etdirən parlament heyəti formalaşdı. Parlamentin bugünkü tərkibi göstərir ki, Milli Məclisin yenilənməsinə həqiqətən də zərurət var idi.

Deputat qeyd edib ki, parlamentin çoxpartiyalılıq əsasında formalaşması və müstəqil Azərbaycanın tarixində ilk dəfə Milli Məclisin sədrinin qadın nümayəndə seçilməsi yenilənmənin təzahürüdür. Bu amil həm də ölkəmizdə qadınların hüquqlarının qorunduğunu deməyə əsas verir.

Elman Nəsirov bildirib ki, ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyi və komitələrində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədini daşıyır. İkinci mühüm hadisə Azərbaycan parlamentində bitərəflərlə yanaşı, azlıqda olan partiyaların nümayəndələrinin təmsil olunmasıdır. Bu, çox mühüm məsələdir və bir daha göstərir ki, Milli Məclis çoxpartiyalılıq prinsipi əsasında formalaşıb. Təkcə vitse-spikerlər deyil, komitə sədrləri səviyyəsində də azlıq təşkil edən partiya üzvlərinin təmsil olunması dediklərimizi bir daha təsdiqləyir. Vətəndaş Həmrəyliyi Partiyası müxalifətyönümlüdür və bu gün həmin partiyanın təmsilçisi Milli Məclis sədrinin mavini vəzifəsinə seçildi. Bir sözlə, Milli Məclisin çoxpartiyalılıq əsasında formalaşması iqtidarla müxalifət arasında gedən dialoqun müsbət müstəvidə tamamlandığını deməyə əsas verir. Bu da ölkədə sabitliyi, əmin-amanlığı təcəssüm etdirir.

"Düşünürəm ki, altıncı çağırış Milli Məclis yeni tərkibdə və yeni müstəvidə uğurla fəaliyyət göstərəcək və dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasına öz töhfəsini verəcək. Parlament xüsusilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən islahatlar kursuna uyğun işini quracaq və normativ hüquqi bazanın formalaşdırılması istiqamətində mühüm addımlar atacaq", - deyə Elman Nəsirov diqqətə çatdırıb.

PƏRVANƏ

 





13.03.2020    çap et  çap et