Muzey Mərkəzində “Davamlı inkişaf mədəniyyəti sosial harmoniyanın bünövrəsi kimi: nəzəri və praktiki aspektlər” mövzusunda konfrans işə başlayıb. III Beynəlxalq elmi-praktiki konfrans ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilib. Konfrans Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Dövlət Qulluğu və Kadrların İdarə olunması İnstitutunun dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası tərəfindən təşkil edilib.
Tədbirdə Azərbaycan, Belarus, Çexiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Rusiya, Serbiya, Türkiyə və Ukraynadan tanınmış alimlər, yazıçılar və jurnalistlər iştirak edirlər.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransı təbrik nitqi ilə açaraq deyib: “12 ölkənin nümayəndələrinin iştirak etdiyi konfransın Azərbaycanda keçirilməsi rəmzi əhəmiyyət daşıyır. Son illər mədəniyyətlərarası dialoqun qurulması meydanına çevrilən ölkəmiz dünyanın mədəni həyatında əhəmiyyətli yer tutur. Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinin, qarşılıqlı fəaliyyətin, daxili tolerantlığın ən mühüm aspektlərindən biri kimi multikulturalizmə böyük əhəmiyyət verir. Bu gün konfransda söhbət mədəniyyətin davamlı inkişafından gedəcək. Ona keçid müasir cəmiyyətdə mədəniyyətin humanist, ekoloji və mənəvi dəyərlərə müvafiq olaraq məqsədyönlü şəkildə dəyişilməsini nəzərdə tutur. Azərbaycan son 20 ildə istər siyasi-iqtisadi, istərsə də mədəni inkişafda böyük uğurlar qazanıb. Bu da sosial-iqtisadi, sənaye, enerji, mədəni sahələrdə inkişafın Azərbaycan modelinin formalaşmasına imkan verib. Ölkə rəhbərliyi son on ildə qeyri-neft sektorunun, mənəvi dəyərlərin inkişafına yönəlmiş çoxlu sayda strateji proqram və konsepsiya qəbul edib.
Azərbaycanın uğurlu mədəni inkişaf strategiyasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulüb. İndiki konfrans da onun 90 illik yubileyinə həsr olunub”.
UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Gunay Əfəndiyeva, Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov, Moldova Respublikasının UNESCO-nun İşləri üzrə Milli Komitəsinin baş katibi Konstantin Rusnak, Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademiki Urxan Ələkbərov və başqaları konfransda çıxış edərək müasir qloballaşma şəraitində mədəniyyətin rolundan, mədəniyyət, əxlaq və dinin qarşılıqlı təsiri problemlərindən, mədəniyyətlərin dinc yanaşı mövcud olmasında dialoqun rolundan, qarşılıqlı anlaşmadan və tolerantlıqdan danışıblar. Fasilədən sonra mövzu üzrə çıxışlar olub.
Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin köməyi və dəstəyi ilə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası və Mədəniyyət Və Turizm Nazirliyinin Elmi-Metodiki Mərkəzi tərəfindən rus dilində nəşr olunmuş “Sabit inkişaf mədəniyyəti: ideyadan reallığa doğru” kitabının təqdimatı olub.
Nəşrin tərtibatçısı və elmi redaktoru Nizami Məmmədovdur.
Kitabda istər mədəniyyət fəlsəfəsi və sosialogiyası, istərsə də Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya və Ukraynada konkret kulturoloji araşdırmalarla bağlı məsələlərin geniş spektri nəzərdən keçirilib. Kitabda 2011-2012-ci illərdə Bakıda keçirilən davamlı mədəni inkişafa həsr olunmuş iki beynəlxalq konfransın materiallarından istifadə olunub.
S.ABDULLAYEVA
çap et