Azərbaycan Prezidenti İlham Əliyevin jurnalistlərlə keçirdiyi görüş, orada səsləndirdiyi fikirlər mətbuat səhifələrində geniş yer tutmaqda davam edir. Media qurumları bu görüşə xüsusi diqqət ayırırlar. Ekspertlər bu görüşün gələcəkdə jurnalistika sahəsində mövcud olan bir çox problemlərin həllində müstəsna rol oynayacağını vurğulayırlar.
“İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadəyə dünyanın heç bir yerində Azərbaycanda olduğu qədər jurnalistlərə qayğı göstərilmədiyini, mətbuatın problemlərinə ölkə rəhbərliyi səviyyəsində diqqət ayrılmadığını deyib. İlham Əliyevin öz uğurlu fəaliyyəti ilə cəmiyyətin bütün təbəqələrinin, o cümlədən jurnalistlərin etimadını qazandığını deyən V.Rəhimzadə bu baxımdan Prezidentə “Jurnalistlərin dostu” mükafatının verilməsinin gözlənilən olduğunu deyib. O, mətbuata qayğının İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu söyləyib. Baş redaktorun fikrincə, Azərbaycanda fəaliyyət göstərən qəzetlərə maliyyə yardımlarının ayrılması, mətbuat orqanlarının və jurnalistlərin qrant müsabiqələrinə cəlbi, jurnalistlər üçün binanın inşa edilməsi və yeni binanın təməlinin qoyulması diqqətin bariz nümunələrindəndir: “Əlbəttə bu siyasət davamlıdır və İlham Əliyev medianın problemlərinin həlli istiqamətində ortaya siyasi iradə qoyub. Prezidentin jurnalistlərlə görüşü də bu mənada təsadüfi sayıla bilməz. Görüş çox yüksək səviyyədə təşkil olundu və ölkə başçısı medianın problemlərinin həlli istiqamətində yeni tapşırıqlarını verdi. Sevindirici haldır ki, jurnalistlər də Prezidentin fəaliyyətinə adekvat münasibət ortaya qoydular və İlham Əliyevi “Jurnalistlərin dostu” seçməklə, ona olan etimadını ortaya qoydular”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev mükafatın Prezidentin KİV-ə qayğısından, xüsusi diqqətindən irəli gəldiyini bildirib. O, son 10 ildə dövlət başçısının yürütdüyü mətbuatın inkişaf siyasətinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb: “Dövlət başçısı öz iradəsini ortaya qoyaraq mətbuatın inkişafına dair çoxlu sayda sərəncamlar imzalayıb, eyni zamanda azad sözün, fikir plüralizminin inkişafı istiqamətində hüquqi və qanuni baza genişlənib. Keçən illər ərzində mətbuatın maddi bazasının genişləndirilməsi məqsədilə çoxlu sayda işlər görülüb, redaksiyalara birdəfəlik yardımlar edilir. Jurnalistlər Prezident tərəfindən xüsusi medal və pul mükafatları ilə qiymətləndiriliblər. 2013-cü ildə jurnalistlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün 156 mənzilin jurnalistlərə verilməsi, o cümlədən yeni, böyük bir binanın inşa edilməsi onu göstərir ki, jurnalistlərin məişət problemləri cənab prezidentin diqqətindədir. Cənab Prezident mətbuat nümayəndələrinə öz köməyini əsirgəmir. Bu amil dünyada analoqu olmayan addımdır, dünyanın nümunə götürəcəyi praktikadır. Jurnalistlər də bunu yüksək qiymətləndirərək cənab prezidentə ikinci dəfə “Jurnalistlərin dostu” mükafatını verdilər. Fikrimcə, Cənab Prezidentin jurnalistlərlə görüşü mətbuat nümayəndələri arasında əlaqələrin inkişaf etdirilməsinə xidmət edir. Hesab edirəm ki, dövlət başçısının bu görüşü məmurlara bir mesajdır ki, mətbuata qarşı diqqətli olsunlar, onlar da mətbuatın inkişafında öz dəstəklərini versinlər”.
Prezidentin jurnalistlərlə görüşünün Azərbaycan jurnalistikasına istiqamət verdiyini deyən B.Quliyev dövlət başçısının göstərişləri nəticəsində medianın mövcud olan problemlərinin tezliklə həll ediləcəyini söyləyib. O, Prezidentlə görüşün həm də Azərbaycan jurnalistikasının üzərinə məsuliyyət qoyduğunu vurğulayıb: “Dövlət başçısı “mən dostluğuma sadiqəm” dedi. Bu o deməkdir ki, jurnalistika tərəfi də prezidentlə dostluğuna yaxşı münasibətini, sadiqliyini göstərərək ümummilli məsələlərdə vətənpərvər, vətəndaş mövqeyini ortaya qoymalıdırlar. O, həqiqətən də jurnalistlərin dostudur”.
Millət vəkili Qənirə Paşayeva açıqlamasında bildirib ki, İ.Əliyevə “Jurnalistlərin dostu” mükafatının təqdim olunması onun bütün sahələrdəki uğurunun bariz göstəricisidir. O, dövlət başçısının öz fəaliyyəti ilə həqiqətən də “Jurnalistlərin dostu” olduğunu bildirib: “Siyasi mənsubiyyətindən, ideoloji fikirlərindən asılı olmayaraq, jurnalistlər də bunu təsdiq və təqdir edirlər. Çünki cənab Prezident İlham Əliyev hər zaman Azərbaycanda jurnalistikanın inkişafına dəstək verib və bununla yanaşı, jurnalistlərin özünün həyat şəraitinin yaxşılaşdırılması, onların üzləşdiyi problemlərin həlli istiqamətində böyük addımlar atıb. Buna jurnalistlər üçün yeni mənzillərin tikilib istifadəyə verilməsini nümunə olaraq göstərə bilərik”.
Dünyanın heç bir yerində dövlətin jurnalistlər üçün pulsuz olaraq mənzil tikmədiyini deyən millət vəkili bunları söyləyib: “Dövlət başçısının birbaşa təşəbbüsü və göstərişi ilə jurnalistlərə yeni mənzillər təqdim olundu. Bizim xeyli sayda jurnalistimizin bu mənzillərə böyük ehtiyacı var idi. Təbii ki, cənab İlham Əliyev bundan sonra da bu layihənin davam etdirilməsinə qərar verdi. Jurnalistlərin bütün fərdi problemlərinə, ideoloji və siyasi mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Prezidenti tərəfindən müsbət cavab verilib. İlham Əliyev jurnalistlərlə görüşündə də birmənalı olaraq vurğuladı ki, Azərbaycanda jurnalistikanın inkişafına dəstək bundan sonra da davam etdiriləcək. Hesab edirəm ki, bundan sonra da jurnalistika ilə bağlı gözəl addımlar atılacaq”.
AQİL
çap et