Çevik Polis Alayının (ÇPA) əməkdaşlarının ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə əldə etdiyi nəticələr barədə çox yazılır, çox deyilir. Lakin onun idmanımıza verdiyi töhfədən, idman uğurlarından bəlkə də çoxlarının xəbəri yoxdur.
Xatırlatmaq yerinə düşər ki, 2011-ci ilin martında keçirilən güc çoxnövçülüyündə, 2011-ci ilin aprel ayında keçirilən atıcılıq, mayın 6-7-də ümummilli liderimizin doğum gününə həsr edilmiş estafet qaçışında, mayın 19-21-də xidməti çoxnövçülükdə, 24-dən 26-dək silahsız özünümüdafiə üzrə keçirilən yarışlarda ÇPA birincilik qazanıb (6 qızıl, 1 gümüş) və keçən illər ərzində də qazandığı nailiyyətlərlə bir daha sübut edib ki, böyük idmanda da böyük uğurlara imza atmağa qadirdir.
Bu gün onların daha bir uğurundan, futbolda qazandıqları nailiyyətlərdən söhbət açmaq istəyirəm. Qeyd etmək yerinə düşər ki, 2007-ci ildən bəri Çevik Polis Alayının komandası mini-futbol üzrə DİN çempionatının favoritidir. Gərgin məşqlərin, təcrübənin, ən əsası qələbəyə olan inamın göstəricisidir ki, onlar məğlubedilməzdirlər. Komanda gücünü təkcə mini- futbolda sınamayıb. Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə tədbirlər planı çərçivəsində Mətbuat Şurası ilə Bakı Futbol Federasiyası tərəfindən təşkil olunan dostluq görüşü də yaddaqalan olub. Belə ki, FİFA referisi Vüsal Əliyevin idarə etdiyi oyun 5:4 hesabı ilə polislərdən təşkil olunmuş komandanın xeyrinə başa çatıb. Qarşılaşma başa çatdıqdan sonra komandaların üzvlərinə AFFA-nın, Bakı Futbol Federasiyasının, Mətbuat Şurasının, Daxili İşlər Nazirliyinin, Azəri-Press Agentliyinin və İctimai Televiziyanın mükafatları verilib...
2010-2012-ci illərdə böyük futbolun həvəskarlar liqasında özünü sınayan "çevik"lər 2010-cu ildə həvəskarlar arasında respublika çempionu adını qazanıblar. 2011-ci ildə respublika kubokunun sahibi olublar. Həmin ilin mayında professor Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş turnirdə "Çevik" komandası birinci pilləyə yüksəlməklə məğlubedilməz olmalarını bir daha sübut ediblər. Parlamentin yaranmasının 90 illiyi münasibətilə düzənlənən və 16 nazirliyin komandasının qatıldığı "Parlament kuboku" yarışında Daxili İşlər Nazirliyini təmsil edən Çevik Polis Alayının komandası inamlı qələbə qazanaraq bir daha sübut edib ki, sözün əsl mənasında, hamıdan çevik və fərasətlidirlər.
Bu yaxınlarda eşitdiyimiz şad xəbər futzal sevərlərin ikiqat sevincinə səbəb olub. Noyabr ayının 4-9-da keçirilən Bakı qarnizonu üzrə yarışda da Çevik Polis Alayının komandası birinci olub.
Yarış haqqında fikirlərini bölüşən alayın şöbə rəisi, komandanın rəhbəri polis polkovnik-leytenantı Rəhman Musayev bildirdi ki, Bakı Şəhər Baş Polis İdarəsinin, Nəqliyyatda Baş Polis İdarəsinin, Baş Mühafizə İdarəsinin, Polis Akademiyasının, Daxili Qoşunlar Baş İdarəsinin, Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun komandaları arasında gerçəkləşən bu yarışda qalib olmaq üçün həqiqətən də hünər, dözüm və peşəkar oyun nümayiş etdirmək lazım idi. Çünki bütün komandalar qələbə qazanmaq uğrunda çox ciddi hazırlaşmışdılar. Lakin bu yarışda da ÇPA təmsilçiləri qalib oldular. Baş Mühafizə İdarəsinin idmançıları ikinci, Polis Akademiyasının müdavimləri üçüncü oldular.
Polis polkovnik-leytenantı Rəhman Musayev onu da əlavə etdi ki, mini- futbol üzrə peşəkarlar arasında birinci liqada oynayırlar, 16 komanda arasında liderdirlər, 8 oyundan 24 xalla çempionata başçılıq edirlər. Birinci liqanın ən məhsuldarı, komandanın hücumçusu polis serjantı Pərviz Aslanovdur. 38 yaşı olmasına baxmayaraq o, gənclərə nümunədir.
"Qazanılan qələbələrin, əldə olunan uğurların əsasında isə DİN və alay rəhbərliyinin diqqət və qayğısı dayanır", - deyən həmkarım onu da vurğuladı ki, sıraları daim gəncləşir, xidmətə gələnlər arasından futbola marağı olanlar, topla dil tapa bilənlər komandaya cəlb edilir ki, qələbələr davamlı olsun.
İnanırıq ki, paqondaşlarımız cinayətkarlıqla mübarizədə, asayişin nümunəvi təminində, sabitliyin qorunmasında ayıq-sayıq dayandıqları kimi, idmanda, o cümlədən, futbolda qazandıqları yeni-yeni qələbələrlə bizi sevindirəcəklər, onlara olan inamı, etibarı doğruldacaqlar.
Hafiz TƏMİROV,
polis kapitanı
çap et