525.Az

Deputat: "Dövlətin qabaqlayıcı tədbirləri səmərəli nəticəsini verəcək”


 

Deputat: "Dövlətin qabaqlayıcı tədbirləri səmərəli nəticəsini verəcək”<b style="color:red"></b>

“Dünya miqyasında koronavirus çox ciddi, bəşəri təhlükə kimi qəbul olunub. Ona görə də bütün dünyada koronavirusun qarşısının alınması üçün müvafiq resurslar səfərbər olunmaqdadır. Azərbaycan da öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq şəraitində lazım olan bütün addımları atmaqdadır”.

Bunu APA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu bildirib.

O qeyd edib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatından test laboratoriyası alan 17 ölkədən biridir: “Bu ondan xəbər verir ki, Azərbaycan bütövlükdə təhlükəsizlik məsələsinə çox həssas yanaşır. Koronavirus dünyada sürətlə yayılmaqdadır, amma preventiv addımlarla bunun yayılma arealını mümkün dərəcədə məhdudlaşdırmaq olar. Bu istiqamətdə Azərbaycan tərəfi yüksək səviyyədə addım atılmaqdadır. Nazirlər Kabineti yanında operativ qərargahın yaradılması, müəyyən məhdudiyyətlərin qoyulması ondan xəbər verir ki, Azərbaycan dövlət atdığı preventiv addımlarla yaranacaq təhlükələrin qarşısını əvvəldən almış olur. Hər hansı təhlükəyə hazırlıqsız yaxalanmaq çox ciddi fəsadlara gətirib çıxara bilər. Bu baxımdan hesab edirəm ki, Azərbaycan dövləti tərəfindən atılmış addımlar vəziyyəti daim nəzarətdə saxlamağa imkan verməklə yanaşı, koronavirus təhlükəsinin qarşısını almağı təmin edəcək. Bu baxımdan düşünürəm ki, Azərbaycan dövlətinin qabaqlayıcı tədbirləri təqdirəlayiqdir və səmərəli nəticəsini verəcək”.

Deputat eyni zamanda deyib ki, təkcə Azərbaycanda deyil, ümumdünya səviyyəsində koronavirus üzərindən insanlara psixoloji hücum həyata keçirilməkdədir: “Görünür ki, bu cür informasiya hücumlarından hansısa dairələr yararlanır. Bu baxımdan cəmiyyətlərdə gərginlik artır. Təbii ki, informasiya mühitində də nəzarəti saxlamaq vacibdir. Əhali arasında şok effekti yaradacaq informasiyaların qarşısı birmənalı alınmaqdadır. Dezinformasiyalar gərginliyi artıra bilər. Bu baxımdan təbii ki, maarifləndirmə işlərinin aparılması, yoxlanılmamış informasiyanın yayılması və onların genişləndirilməsi məsələsini də nəzarətdə saxlamaq lazımdır. Dövlət bu məsələlərə də diqqətlə yanaşır. Bütövlükdə hesab edirəm ki, koronavirusa və ümumiyyətlə istənilən təhlükələrə qarşı bu gün digər addımlarla yanaşı, həm də informasiya mühitində də mübarizə aparmaq lazımdır. Çünki insanlara psixoloji hücumların təşkil olunması, şüuraltı təsirlər ayrı-ayrı dairələrin maraqları üçün yararlı ola bilər. Ümumiyyətlə, cəmiyyətdə əsassız informasiyaların yayılmasının qarşısının alınması, eyni zamanda maarifləndirmə işlərinin genişlənməsi dövlətin diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycandakı vəziyyəti məqbul hesab edirəm. Bununla yanaşı, sosial resurslar üzərindən əsassız informasiyaların genişləndirilməsi hallarının qarşısı yenə də qətiyyətlə alınmalıdır”.

Elşad Mirbəşiroğlu əlavə edib ki, insanlar özləri də dezinformasiyaların təsirindən qorunmalıdır: “Reallığı görmək kifayət qədər asandır, göz qabağındadır. Amma bu dezinformasiyalar insanlarda çaşqınlıq yaradır, reallıqdan tam fərqli təsəvvürlər formalaşdırır. Bu baxımdan təbii ki, əsas məsələlərdən biri informasiyanın qəbulu və yayılması ilə bağlı maarifləndirmə işlərinin aparılmasıdır. Gərginlik yaradacaq informasiyanın genişlənməsindən çəkinilməli və rəsmi informasiyalara inanmaq lazımdır. Hesab edirəm ki, vətəndaşlarımız da bu məsələlərə diqqətlə yanaşacaqlar”.

 

 





14.03.2020    çap et  çap et