525.Az
Ahılları kimsəsiz qoymayaq...
Bu gün dünyanın sivil ölkələrində əhalinin bütün təbəqələrinin cəmiyyətdə gedən proseslərdə fəal iştirakı üçün hər cür şəraitin yaradılması məsələsi prioritet təşkil edir. Təkcə gənclərin və orta nəsil nümayəndələrinin deyil, ahıl vətəndaşların da bu prosesdə fəal iştirakı məqsədilə müxtəli layihələr gerçəkləşdirilir. Yaşlıların həyat təcrübəsindən, bilik və bacarığından bəhrələnmək isə nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək baxımından çox zəruridir. Buna görə də BMT-nin inkişaf proqramında son illər ahıllar problemi xüsusi yer tutur. 2002-ci ilin aprelində İspaniyanın paytaxtı Madrid şəhərində BMT-nin Ahıllar üzrə İkinci Ümumdünya Məclisinin keçirilməsi də bu məsələnin xüsusi önəm daşıdığından xəbər verir.
BMT-nin Baş Məclisinin hələ 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu hərəkatı genişləndirmək məqsədilə BMT-nin Baş Məclisi 1999-cu ili Beynəlxalq Ahıllar ili elan etmişdi. Ahıl vətəndaşların cəmiyyətdəki mövqeyini gücləndirmək, onların fəallığını artırmaq məsələsi Azərbaycan dövləti üçün də əhəmiyyətli məsələlərdən biridir. Bu məqsədlə son illər bir-birinin ardınca müxtəlif qanunlar qəbul edilib, eyni zamanda ölkəmiz bununla bağlı bir sıra beynəlxalq müqavilələrə tərəfdar çıxdığını bildirib. 2001-ci il iyunun 22-də Azərbaycanda “Ahıllara sosial xidmət haqqında” qanun qəbul edilib. Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycanda daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılırlar. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-də respublikamızda qeyd olunur. Həmin günün xüsusi qeyd olunmasında başlıca məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökumət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir. Azərbaycanda yaşlı insanların problemlərinə aidiyyatı qurumların həssas münasibəti danılmaz faktlardandır. Amma məsələ təkcə bununla bitmir, buna hər bir vətəndaş da xüsusi həssaslıqla yanaşmalıdır. Əfsus ki, bəziləri ahıllara biganə yanaşaraq, onlara çox pis münasibət bəsləyirlər. Məhz bunun nəticəsi olaraq Qocalar Evləri “kimsəsiz” ahılların “isti yuvasına” çevirilir.
Həqiqətən ahıl sözünü dilə gətirərkən belə insan kövrəlir. Axı bir zamanlar ahıllar da bizlər kimi uşaq, gənc olub ömrünün ən gözəl çağlarını bir üzü sevincli bir üzü kədərli yaşayıblar. Sevib-sevilib, ailə qurub, dünyaya övlad gətirib, ata-ana olub, oğul toyu edib, qız köçürüb nəhayət baba-nənə olub beləcə yaşa dolublar. Hazırda ölkəmizdə 13650 nəfərdən artıq tənha ahıl və əlil var. 13650 tənha ahılın 11 min nəfərə yaxını qadınlardır. Onlara Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin sosial-məişət işçiləri tərəfindən mənzillərində sosial-məişət xidmət göstərilir. Xidmətlə təmin olunanların 11600-dən çoxu 70 yaşdan yuxarı olanlardır.
Sözün həqiqi mənasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova digər sahələrdə olduğu kimi, ahıl insanlarla bağlı təşəbbüsləri, atdığı addımları da alqışalayiqdir. E.Süleymanova ahılların hüquqlarının müdafiəsini və təmin olunmasını daim diqqətdə saxlayır, onlarla tez-tez görüşür, silsilə tədbirlər keçirir, yaşlı əhalinin problemlərinin həllində yardımçı olur. Ombudsman Qocalar Evlərində yaşayan ahılların həyat şəraitinin daha da yaxşılaşdırılması, onlara qarşı rəftar, ahılların effektiv müalicəsinin təmin edilməsi, qidalanması, göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi ilə bağlı müvafiq tövsiyələr verib. Bu məsələlər Müvəkkilin təşəbbüsü ilə keçirilən tədbirlərdə, dəyirmi masalarda müzakirə olunaraq müvafiq dövlət qurumlarının diqqətinə çatdırılıb və bunların bir qismi həll edilməklə sözügedən sahədəki vəziyyətin xeyli yaxşılaşmasına təkan verib. Ombudsmanın vaxtı ilə özünün yaratdığı Azərbaycan Qadın və İnkişaf Mərkəzinin nəzdində formalaşan Ahıllar üçün Resurs Mərkəzinin də bu sahədə həyata keçirdiyi tədbirlər ürəkaçan məqamlardandır. Ahıl insanları, xüsusən də ahıl qadınları əhatə edir. E.Süleymanova İnsan hüquqları üzrə Müvəkkil vəzifəsinə seçildikdən sonra da ölkədə ilk dəfə yaradılan bu təşkilatın fəaliyyəti onun rəhbərliyi ilə davam etməkdədir. Bu mərkəz ahılların fiziki və psixi sağlamlığının qeydinə qalmağa yardımçı olan, fasiləsiz, ödənişsiz tibbi, psixoloji, hüquqi xidmətin göstərildiyi, eyni zamanda istirahətlərinin, asudə vaxtlarının mənalı keçirildiyi, ölkəmizdə analoqu olmayan yeganə məkandır. E.Süleymanova tərəfindən 2001-ci ildə yaradılan Ahılların Resurs Mərkəzində ahıllar fəal həyata cəlb edilir, yaşlı nəsillə gənclər arasında varislik əlaqələri, ünsiyyət körpüsü yaradılır. Ahılların Resurs Mərkəzində ödənişsiz həyata keçirilən fərdi və kollektiv məşğələ saatlarının, o cümlədən psixoloji seminar-treninqlərin, hüquqşünas və həkim məsləhətlərinin nəticələri göstərir ki, həqiqətən, yaşından asılı olmayaraq, insan öyrənməyə meyllidir və öyrəndiklərinin tətbiqi onun həyatına yeni rəng verir, çox vaxt hətta həyatını, yaşayışını dəyişməyə imkan yaradır, xüsusilə ahıl insanı fəal həyat mövqeyinə sövq edir. Təəssüflər olsun ki, bəziləri ahıl valideynlərinin, qohumlarının, onlara qarşı etdiyi fədakarlığı düzgün qiymətləndirməyərək və ya buna göz yumaraq onları Qocalar Evinə atmaqdan belə çəkinmirlər.
Axı valideynlər heç bir halda övladlarına yük ola bilməz. Bəs o zaman nəyə görə biz onları Qocalar Evinə atırıq? Valideynlərimizə azacıq da olsa qayğını çoxmu görürük? Bunun bir adı ola bilər – nadanlıq.
Vəfa MƏMMƏDLİ
Yazı Ombudsman Aparatının “Hüquqlar – hamı üçün” mövzusunda keçirdiyi ənənəvi jurnalist yazıları müsabiqəsinə təqdim edilir.
02.12.2013
çap et