525.Az
Bir təbəssüm yetər
Yaxşı qocalıq yaşamaq bəlkə də ən böyük səadətdir. Öz evində övladlarının, doğmalarının qayğısı, diqqəti, nəvazişi ilə, nəvə-nəticə sevgisi ilə əhatə olunan ağsaqqal, ağbirçək həyatı yaşamaq, ömrünü isti ocağında rahat başa vurmaq həyatını ailəsinə, balalarına həsr edən hər bir ata, ananın ən böyük arzusudur. Əslində, bu arzu deyil, elə belə də olmalıdır. Lakin bu, bəzən gənclik kimi əlçatmaz-ünyetməz olur.
Ailə cəmiyyətin kiçik bir hissəsidir. Böyük cəmiyyət elə kiçik ailələrdən təşkil olunur. Ailədə mədəniyyət, qarşılıqlı hörmət, vəfa, münasibətlərdə anlaşma olarsa, həmin ailə cəmiyyətin inkişafına böyük təkan verər.
Azərbaycan ailəsi üçün ata-anaya məhəbbət, hörmət, valideynlərə diqqət və qayğı əsasdır. Amma təəssüf ki, bəzən əksi də olur- valideynlər övlad qayğısından kənarda qalır və nəticədə ya Qocalar Evinin sakinləri olur, ya da həyatlarını səfil günündə başa vururlar.
Yəqin ki, çoxlarımız küçədə isti-soyuq bilmədən, yaşayış yeri məlum olmayan, insanlara əl açan qocalara rast gəlirik. Bu, ürək ağrıdan bir mənzərədir.Amma təbii ki, bu problem dünyanın hər yerində mövcuddur. Təsadüfi deyil ki, BMT Baş Məclisi 1992-ci ildə qocaların müdafiəsi ilə bağlı Qətnamə qəbul edib. Həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının biri Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bundan əlavə 1994-cü il Beynəlxalq Ahıllar ili elan olunub. 2002-ci ilin aprelində isə İspaniyanın paytaxtı Madrid şəhərində BMT-nin ahıllar üzrə ikinci Ümumdünya Məclisi keçirilib. Azərbaycanda isə 1993-cü ildən etibarən hər il oktyabrın biri Ahıllar Günü kimi qeyd edilir.
Son vaxtlar ölkəmizdə də atılan, övlad himayəsindən məhrum olan qocaların sayı artıb. Bu, çox pis göstəricidir. Atalarımızın belə bir deyimi var: “Qocalığına uşaqlıqda hazırlaş ” . Həqiqətən də belədir. Hər kəs həyatını gərək elə yaşasın, övladlarını elə tərbiyə etsin ki, sonradan bunun meyvəsini dada bilsin. Bəzən isə problem valideyn tərbiyəsində yox, övladın naxələf çıxmasında olur. Bu gün küçələrdə bütün ömrünü övladına həsr edən valideynlərə də rast gəlmək mümkündür.
Bu günlərdə gördüyüm yaşlı bir kişinin siması heç yadımdam çıxmır. Bəlkə də məni bu yazını yazmağa məhz o qoca vadar etdi. Rəfiqəmlə bir şirniyyat mağazasına girmişdik və özümüzə alacaqlarımızı seçərkən içəri bir yaşlı, beli bükük qoca daxil oldu. Bir müddət vitrində gözoxşayan şirniyyatlara baxdı. Satıcı “nə istəyirsiz, dayı”? soruşanda isə qoca sanki qəfil yuxudan ayıldı. Əlini uzadaraq birinin qiymətini soruşdu. Satıcı isə otuz qəpik dedi. Qoca dörd ədəd istədi, sonra isə əlini cibinə ataraq cəmi iyirmi qəpik çıxartdı, pulunun olmadığını görüb sanki uşaq kimi gözləri doldu, astadan istəmədiyini dedi. Biz yaxınlaşıb o şirniyyatları qocaya alıb verəndə sanki yenə uşaq kimi sevindi. Bunu sadəcə görmək lazım idi. Bəlkə də həmin gün o qocanın övladları ən ləzzətli yeməkləri yeyib, isti rahat yerində yatacaqdı, amma atası küçədə otuz qəpiklik şirniyyata möhtac qalmışdı.
Ölkəmizdə övlad himayəsindən məhrum olan qocalar dövlətin xüsusi diqqətindədir. Çoxluq bu fikirdədir ki, qocaların təqaüd və müavinətləri elə həddə olmalıdır ki, onlar bir növ ailələri üçün yükə çevrilməsinlər. Azərbaycan reallığında isə təəssüf ki ,valideynlər bəzi övladlar üçün bu bəhanə ilə yükə çevrilir. İnsan yaşlaşdıqca onun qayğıları, səhiyyə xərcləri də artır. Məlumdur ki, ölkə başçısının sərəncamları əsasında təqaüdlər və müavinətlər artırılıb. Qocalığa görə də müavinət verilir. Qocalar Evində qalanlar orada dövlət hesabına yaşasalar da təqaüdlərini yüz faiz alırlar. Göründüyü kimi, qocalara övlad sevgisindən başqa hər şey vermək mümkündür, lakin onlara lazım olan məhz o sevgidir.
Artıq gəncliyini geri qaytara bilməyəcək bu insanlar ahıl yaşlarında ən azından rahat bir şəkildə yaşayaraq o günləri xatırlamağa çalışırlar. Onlar üçün bu rahat şəraiti yaratmaq, dəstək olmaq isə hər birimizin mənəvi borcudur. Bu gün övladlarının əhatəsində rahat, gözəl bir şəraitdə ahıllığını yaşayanlarla yanaşı, parkda skamyada oturaraq keçmişini xatırlayan, övlad sevgisinə möhtac qalıb ömrünü Qocalar Evində sürdürən və hər addım səsinə gözü qapıya dikilənlər də var. Bu gün valideynini atan övlad özü necə, sabah övladı tərəfindən atılmayacaqmı?! Necə deyərlər, nə tökərsən aşına, o da çıxar qaşığına.
Valideynlərin borcundan çıxmaq mümkün deyil. Allah bizi onların vasitəsi ilə böyütdü. Bizi hər bəladan qorumaq üçün onlara sonu olmayan sevgi verdi və o sevgi sayəsində bizlər biz olduq. Ata-analarımızı ürəkdən sevək. Bu bizim borcumuzdur. Heç vaxt bir gülüşü, təbəssümü onlardan əsirgəməyək...
Samirə QULİYEVA
02.12.2013
çap et