Növbəti müsahibimiz Azərbaycanın unudulmaz musiqişünaslarından, bu sahədə apardığı köklü islahatları, əsərləri ilə Azərbaycan musiqi sənətində dərin iz qoymuş Elxan Babayevin həyat yoldaşı Həcər xanım Babayevadır.
Bizi bir-birimizə bağlayan musiqiyə məhəbbət oldu
Bakıda ziyalı ailəsində dünyaya göz açmışam. Valideyinlərim çox savadlı insanlar idi. Atam hərbçi, anam isə elm xadimi olub. Ailədə dörd bacı idik. Uşaq vaxtı dördümüz də musiqiylə məşğul olsaq da, bu sənəti mən və məndən kiçik bacım, Zəhra xanım Quliyeva davam etdirdi. Bu sənəti seçməyimdə nə məni yönləndirən, nə də fikrimə qarşı çıxan oldu. Tofiq Quliyevin nəslindən olduğumuza görə musiqi bizə atalarımızdan miras qalan bir sərvətdir. Musiqiyə həvəs uşaq vaxtdan yarana bilər, lakin bu sənəti sevmək üçün zaman lazımdı. Məktəb vaxtı ədəbiyyata böyük həvəsim var idi. Amma sənət seçimində rəsmlə musiqi arasında qalmışdım. Elxan da ziyalı ailədə doğulmuş, uzun müddət musiqi ilə məşğul olmuşdu.Bizi bir-birimizə bağlayan da elə musiqiyə məhəbbət oldu.
Bir də görüb ki, o ötkəm qıza vurulub
İbtidai sinfə 132 saylı məktəbdə getmişəm. Bülbül adına orta ixtisas məktəbinə gələndə isə səkkizinci sinifdə oxuyurdum. Amma elə oldu ki, məni 9-cu sinfə yox, 8-ci sinfə götürdülər. Rəfiqələrim 9-da idilər, buna görə o siniflə dostluq edir, tez –tez ora gedib gəlirdim. Uşaqlıqla olduqca ötkəm qız idim (gülür). Məni sinif nümayəndəsi seçdilər. Məktəbdə yeni olduğumdan sinif rəhbərimiz mənə – “Həcər, rəfiqələrinin sinif nümayəndəsi Elxan, olduqca bacarıqlı oğlandır. Cədvəli hazırlamaqda o sənə kömək edər” –dedi. Elxan dediyi oğlan olduqca səliqəli, savadlı və sakit uşaq idi. Nə isə, sinfə girib: “Hanı bu Babayev Elxan? Hardadır o?” deyə səs-küy saldım. Heç vaxt üzünü görmədiyim oğlanı tapan kimi : “Özünü niyə boğursan, səndən söz soruşmuram? Hanı səkkizinci sinfin cədvəli?” –deyə, ərklə ona tərəf getdim. Elxansa sakit tərzdə, “Sabah cədvəli gətirəcəm” –dedi. Sonralar ilk tanışlığımızdan danışanda Elxan mənə deyərdi , “ilk gün səni görəndə öz-özümə fikirləşdim ki, bu nə yaman qızdır belə? Hardan gəlib çıxdı? Zaman ötdükcə, bir də gördüm ki, o ötkəm qıza vurulmuşam”.
O nə qədər sakit idisə, mən də bir o qədər səs-küylü idim
Elxanın mənə qarşı olan hisslərindən xəbər tutanda, nədənsə onun bu fikrini qəbul edə bimirdim. Ona görə yox ki, bəyənmirdim, güvənmirdim. Sadəcə bərabərliyimizi heç cürə ağlıma sığışdıra bilmirdim. O nə qədər sakit idisə, mən bir o qədər səs-küylü idim. Dostlarım, sinif yoldaşlarım Elxanın sevgisindən danışır, məni razı salmağa çalışırdılar. Sevgisini qəbul etməsəm də, onunla dostluq etməyə başladım. Aramızda dərin dostluq münasibətləri yaranmışdı. O mənim üçün əziz bir dost, həmdəm idi, bir-birimizə o qədər bağlı idik ki, nə dərdimiz, sərimiz olsa bölüşər, məsləhətləşərdik. Öz nəzakəti, anlayışı ilə zamanla mənim qəlbimə yol tapmağı bacardı.Səkkizinci sinifdən başlayan dostluğumuz, ömür –gün yoldaşı olmağımıza vəsilə oldu.
Sanki bir-birimizlə yarışa girmişdik
Hər ikimiz məktəbi əla qiymətlərlə bitirdik. Üstəlik Elxan qızıl medal da aldı. Məktəbi bitirəndən sonra qarşımızda sənət seçmək problemi dayanmışdı. Həmin dövrün təhsili o qədər güclü idi ki, şagirdlər hər sahədə bacarıqlı və istedadlı olurdular. Mənim incəsənətə böyük marağım var idi. Elxan klarnetin vurğunu idi və sənətini çox sevirdi. Hər ikimiz musiqi sahəsində oxumağı qərara aldıq. Konservatoriyanın nəzəriyyə bölməsinə daxil oldum. Elxansa Azərbaycanda istisna hal kimi eyni vaxtda iki sahədə təhsil alırdı: nəzəriyyə və ifaçılıq. O, ifaçılığın üçüncü kursunda olanda, mən nəzəriyyənin birinci kursuna daxil oldum. Elxan da mənim qrupumda idi. O, beş alırdı, acığına sabahısı gün mən də beş alırdım. Sanki bir-birimizlə yarışa girmişdik (gülür). Hər ikimiz Konservatoriyanı qırmızı diplomla bitirdik. Mən ikinci kursda olanda nişanlandıq, dördüncü kursda isə ailə qurduq. Beşinci kursda diplom müdafiəsini yazanda artıq bir qızımız var idi.
Çap makinası ilə ikiyə bölünmüş bir stolumuz var idi
Birotaqlı kiçik evimiz və saysız- hesabsız kitablarımız var idi. Evimizi paltar şkafı ilə iki hissəyə bölmüşdük: yarısı yataq otağı, yarısı isə yemək otağı. Makina ilə bölünmüş bir stolumuz var idi: bir yarısında mənim kitablarım, o biri yarısında Elxanın kitabları. Diplom işi yazanda səhər –səhər kim tez yuxudan durdu, makinanı birinci ələ keçirdi, yazını da o yazırdı. Allahdan olan kimi, böyük qızımız Aynur o qədər sakit uşaq idi ki, bizə mane olmadı. Hətta bəzən onu evdə yuxuda qoyub kinoya, teatra, konsertə gedirdik. Bir gün bu təcrübəni kiçik qızımız Aytacla da sınaqdan keçirdik. Qayıdıb gələndə gördük ki, bütün qonşular həyətdə bizi gözləyirdilər (gülümsəyir).
Bağdadla Bakı arasında məktublar dövrü
Ailəmizi dövlətdən aldığımız əlaçılıq təqaüdü, qəzet və jurnallara verdiyimiz məqalələr, apardığımız televiziya verilişlərindən aldığımız qonorar hesabına dolandırırdıq. Biz düşünmürdük ki, çətinlik çəkirik, maddi sıxıntımız var, sadəcə xoşbəxt idik. İllər beləcə su kimi axıb gedirdi. Qısa müddət ərzində Elxan Azərbaycanda beynalxaq mükafatlar alan, musiqi sahəsində yeniliklər edən sənətşünasa çevrilmişdi. Azərbaycan musiqisi ilə İraq musiqisinin müqayisəsindən bəhs edən elmi iş üzərində çalışırdı. Bu səbəbdən uzun müddətə İraqa getməli oldu. 1985-1988-ci illər həyatımızı Bağdad və Bakı arasında olan məktublar dövrünə bölmək olar. Onsuz qalmaq bizə o qədər çətin gəlirdi ki... Ailə Elxanın məktubları ilə yaşayır, bu məktublardan güc alırdı. Onu da orada yaşadan Bakıdan gələn məktublar idi. 1988-ci ilin bir xoşbəxt günündə Elxan ailəsinin, övladlarının yanına qayıtdı. Azərbaycana qayıtdıqdan bir müddət sonra Konservatoriyada prorektor vəzifəsində çalışmağa başladı. Həmin vaxtlar mən də Konservatoriyada işləyirdim.
“Nəzəriyyəçilər” ailəsi
Qızlarımız böyüdü və hər ikisi nəzəriyyəçi olmaq qərarına gəldi. Dördümüzün də nəzəriyyəçi olmağımız ailəmizə “nəzəriyyəçilər” adını qazandırmışdı. Qızlar atalarını o qədər sevirdilər ki... Atadan daha artıq. Bir-birimizə normal ailələrdə olduğundan daha çox bağlı idik. Gün gəldi, uşaqlar ailə qurdu, öz yuvalarına köçdülər. Elxan balalarına qarşı çox qayğıkeş ata olub. Elxan zəng edər, uşaqları başına yığar, amma beş dəqiqə bizimlə oturduqdan sonra, öz yazılarının yanına gedərdi. Bu adam bütün günü elmlə məşğul idi. Yataq otağımızda onun hələ də orada qalan bir yazı masası var, həmişə onun üstündə əlyazmaları, kitabları olardı. Bəzən yemək yeyəndə, bəzən oturduğumuz anda qəflətən qalxıb həmin masaya tərəf gedərdi.
Axı bizim hələ arzularımız, ümidlərimiz var idi...
Ömrümüzün ən xoşbəxt anlarına xəstəliklər kölgə salmağa başladı. İlk əvvəl mənim səhhətimdə problemlər yarandı. Mədəmdən və ürəyimdən əməliyyat keçirdim. Bu əməliyyatlar zamanı Elxan o qədər stress, narahatlıq keçirdi ki, özü tamam yadından çıxdı. Problemlər onun başını elə qatmışdı ki, 2000-ci ildə müayinədən keçəndə məlum oldu ki, Elxanda xərçəng xəstəliyi varmış. Çox gecikmişdik... Mən özüm əməliyyatdan təzə çıxmışdım. Amma müayinə üçün Rusiyaya gedən Elxanı tək qoya bilməzdim. Axı mən ona tək həyat yoldaşı deyildim... dostu, həmdəm idim... Müayinədən sonra həkim mənə dedi ki, Elxanın təxminən altı ay ömrü qalıb... Bu xəbərə mənim xəstə ürəyim necə dözdü bilmirəm... Əlimdən heç nə gəlmirdi... Tək əlacım, bu mənfur xəstəliyi onun özündən gizlətmək idi. Ömrüm boyu Elxana yalan deməmişdim, amma ölüm ayağında həqiqəti ondan bir sirr kimi gizlətdim. Bu xəbərdən hali olmayan tək Elxan deyildi. Hər kəsdən, qızlarımdan, yaxınlarımdan da gizlətmişdim. Bu acı xəbəri bir mən, bir həkim, bir də Allah bilirdi... Aylarla müayinəyə getdik. Yoxlamadan sonra həkimin yanına ilk olaraq mən girirdim, nəticəni ətraflı şəkildə öyrənəndən, həkimlə müzakirə aparandan sonra əsl nəticəni saxtalaşdırıb, Elxana saxta nəticəni göstərirdik. O qədər həssas insan idi ki,bu xəbərə dözə bilməzdi. Axı bizim hələ arzularımız, ümidlərimiz var idi (gözləri dolur)... İstər mən xəstələnim, istər uşaqlar Elxan həmişə deyirdi ki, mənim ailəmə gələn dərd-bəla mənə gəlsin. Xəstəliyi çox ağırlaşanda, dedim : “Elxan gördün neynədin?” Mənə dedi ki, sizə gələcək bəlaları yenə özümə arzulayıram.... Mən təsəvvür etmirdim ki, Elxandan sonra necə yaşamaq olar? Ondan sonra yaşamağa utanırdım... Bir gün qızlarıma baxdım və düşündüm ki, onlar atalarını itirməklə sanki qolsuz, qanadsız qalıblar, balalarımın bu anında mənim eqoizmə qapılmağa haqqım yoxdur... Bizim bir bağ evimiz var, o bağda çiçəyindən tutmuş ağacınacan hamısı Elxanın əlindən su içib. Qərara gəldim ki, bir də o bağa getməyim, oranı satım. Amma əlim gəlmədi... İndi tez-tez ora gedirəm, mənə elə gəlir ki, Elxanın xatirəsi oradadır. Mən onsuz deyiləm, o mənim qəlbimdə, uşaqlarımın gözündə, evimin hər bucağındadır. Həyatdayamsa, nəsə edirəmsə yalnız onun xatirinə... Allahın Elxana yazdığı ömür qısa oldu, amma mənim ömrümdə nə qədər ki, nəfəsim gedib-gəlir, o da yaşayacaq...
Məhəbbət HACIYEVA
Firəngiz AĞALAR
İdeya müəllifi Tofiq Abdin