525.Az

İnsanın ümidi özündən böyük... - Taleh Eminoğlunun yazısı


 

İnsanın ümidi özündən böyük... - <b style="color:red">Taleh Eminoğlunun yazısı </b>

İnsan ilk dəfə nə zaman ümid etməyə başlayıb? Ümidin bəşər tarixinin hansı mərhələsində meydana çıxdığını demək olduqca çətindir. Bəlkə də elə ilk dəfə ovunu əlindən qaçırtmış, nizəsinin ucunu yerə sürtə-sürtə mağarasına qayıdan əcdadımız sabah ocağının başına əlidolu qayıdacığa ümid etmişdi.

Kəllə sümüyü balacalaşıb, düşüncəsi böyüdükcə, insan, ümidi həyatının bütün sahələrinə köçürməyə başladı.

Sivilizasiyalar yarandıqca, mədəniyyət formalaşdıqca, cəmiyyətlər tərəqqi tapdıqca, nəyin doğru-nəyin yanlış olduğunu ayırd edən ümumi düşüncə formalaşdıqca, insanlar bu günə gəlib çıxmaq üçün çox şeylərini qurban verdikcə ümid də onlarla bərabər inkişaf yolu keçdi, böyüdü və simvollaşmağa başladı. İnsan üçün o qədər böyük və dərin məna kəsb etməyə başladı ki, ümidi, bir zamanlar tanrı hesab etdiyi, uğruna qurbanlar verdiyi Günəşlə eyniləşdirdi onu. Tədricən Günəş, işıq ümidin simvolu oldu. Bu eyni zamanda tanrını da ümidə bərabər tutmaq demək idi. Daha sonralar bu, dinlərin ümidə olan münasibətində də öz əksini tapdı: bir gün hər şey düzələcək, əbədi sülh və firavanlıq olacaq.

İnsan hisslərini sözlə ifadə etməyi öyrəndikcə, ümid, kölələri olan şairlərin qələmi ilə daha geniş miqyasda yayıldı. Sevgi oxu daşa dəyən, dünyadan giley-güzarı olan şairlər, çıxış yolunu yenə də ümid etməkdə, nə zamansa hər şeyin düzələcəyinə inanmaqda görürdülər.

Bu gün belə insanlar ən çətin anlarında "hər qaranlığın bir səhəri var" deyərək özlərinə və başqalarına təsəllli verməyə çalışırlar. Amma unudulan bir şey var ki, o səhərində ardınca yenə gecə, yenə qaranlıq gəlir. İnsan bunun fərqində olsa da, onun üçün əsas məsələ birinci qaranlığın öhdəsindən gəlməkdir. Amma bu vəziyyətdə problem həll olunmur, sadəcə gözardı edilir. Bu bir növ çətinliklə qarşılaşan zaman insanın yatmaq istəməsinə bənzəyir. Yuxu bir müddətlik də olsa çətinliyi unutdurur. Qəribədir ki, yuxunu qaranlıq kimi təqdim etsək, insan elə qaranlığa qaçmağı üstün tutur, nəinki işıqlı səhəri istəməyi.

Erix Fromm "İnqilabi ümid nədir?!" essesində ümidi insandan da böyük, daha nəhəng canlı kimi təqdim edir. Ümid insandan da canlıdır, çünki ölməkdə olan insan belə, yaşayacağına, sağalacağına ümid edir bəzən. Ümid onu özündə daşıyan insandan sonra itir - necə deyərlər, ümid sonda ölür. Ümidin insandan böyük olmasına daha bir təsdiq isə insanın öldükdən sonra yenə xoşbəxt sonluğa inanmaq istəməsidir. İnsanı əvvəlindən sonuna qədər təqib edən ümid onu öz nəhəngliyi içində itirir.

İnsan övladı bu nəhəngi daim özünə dost hesab edib. Lakin ümidin şirinliyinə aldanan insan ümidin ona düşmən olduğunun fərqində deyil.Yaxud da fərqində olsa belə bu  cür yaşamaq, nələrinsə düzələcəyinə inanmaq ona həyat adlı əzabı çəkməkdə kömək edir. Bu Frans Kafkanın "Məhkəmə" romanındakı faydasız gözləməkdən başqa bir şey deyil halbuki.

İnsan övladının bəşər səhnəsində göründüyü andan ən yaxşı bacardığı iş ümid etməkdir. "Öz ağlının məhsulu olan ümid olmasaydı insan onu başqa nə ilə əvəz edə bilərdi?" sualının cavabı isə insanı daxili rahatlıq tapmaq üçün ümidi həyatından çıxarmağa çağıran, o, gücsüzlüyün işarəsidir, biz isə düşündüyümüzdən daha güclüyük deyən Stoisizm fəlsəfə cərəyanında aşkardır.

 





17.03.2020    çap et  çap et