525.Az
Dilə, sənətə bağlı tarix...
...Yaz-yay aylarında dağ-aran həyatı yaşayan kəndimizin qış fəslində də özünəməxsus yaşam tərzi var. Yaz-payız aylarında qırxılıb yuyulmuş yunu cəhrədə əyirib ip düzəldir qadınlar. Cəhrənin də ki öz xüsusi nizamı var. Cəhrənin başı top adlanan təkər formasında olur. Onun təkərə birləşdirilən qollarına qulp deyilir. Qolla qulpu biri-birinə birləşdirən ağaca ox deyilir. Aşağı ətrafında baldır adlanan hissəyə dəmirdən hazırlanan iy keçirilir. Qırla və ya mumla xüsusi yağlanmış ipə kiriş deyilir. Kiriş topdan keçərək iyə dolanır. İyin birinci baldırdan keçən hissəsinə göndən düzəldilmiş qulaqcıq keçirilir. Qulaqcığın əsas funksiyası iyin baldırda möhkəm durmasını təmin etməkdir. Hə... yadıma düşmüşkən, bir məsələni də deyim. Cəhrə yerindən tərpənməsin deyə baldırla qolu birləşdirən alt ağacının üstünə yarıdəyirmi, yarıyastı göy-qara daş qoyurlar və adına cəhrə daşı deyirlər. Çopur, köntöy və yekəqarın kişiləri kənd arvadları cəhrə daşına oxşadırlar. Yeri gəlmişkən qeyd edək ki, yun əyrilib ip olmazdan öncə daraqda daranaraq piltə-piltə bir yerə yığılır. Pilə kimi yumşaq piltələr dağılıb bir-birinə qarışmasın deyə əlçim-əlçim olan piltələrin üstünə ya ləpik daş, ya da kərpic qoyulur. Darağın forması da belədir: üçbucaq şəklində bərkidilən taxtanın ucuna dəmir dişlər keçirilir. Qadınlar dizlərinin arasına aldıqları daraqda yuyulmuş yunu darayaraq piltə halına salırlar. Daha sonra qadınlar həmin piltəni yanlarına yığaraq bir əliylə cəhrənin qulpunu fırladır, digər əliyləsə piltəni iyə dolayırlar. Hər iki əli hərəkətdə olan qadın sanki oturduğu yerdə rəqs edir. Hətta kəndimizdə belə bir deyim var: pendir sıxmaq-can çıxmaq, yun əyirmək-oynamaq. Bu deyim analıq yanında olan qıza aiddir. Qısaca bu hadisə belə olub. Analıq aranda bütün işləri ögey qızına tapşırıb doğma qızını yaylağa aparır. Üstəlik ögey qıza tapşırır ki, el dağdan gələnə kimi yaz yununu yu, dara, əyir. Yaylaqdakı ailəsinə baş çəkməyə gedən qonşu qızın əziyyətini yana-yana analığa danışanda analıq deyir: Sən də nə əziyyət-əziyyət salıbsan. Mənim yazıq qızımın yaylaqda pendir sıxmaqdan canı çıxıb, o da aranda oynaya-oynaya yun əyirir. Pendir sıxmaqla cəhrə əyirmək haqda deyim beləcə yaranıb.
İyə dolanan piltələrə düyçə deyirlər. Daraqda daranan yunun hamısı düyçə şəklinə düşəndən sonra həmin düyçələr yumaqlanaraq yumaq halına salınır. Daha sonra bardaş qurub yerdən əyləşən qadınlar həmin yumaqları dizlərinə alt-üst keçirərək kələf halına gətirirlər. Yalnız bundan sonra sonuncu mərhələ-iplərin boyanma mərhələsi başlayır. Əvvəllər ipləri dağ otlarından, müxtəlif bitkilərdən alınan rənglərlə boyayardılar. Yadımdadı qara rəng almaq üçün qarınənə deyilən çiçəkli otla Məşədi bulağının palçığını bir-birinə qataraq bir neçə gün ağzını bağlayıb saxlayardılar. Sonra isə poqqur-poqqur qaynayan qazanda kələflə birgə qaynadardılar. Qırmızı rəngi dağın güneyində bitən hansısa otla başqa bir bitkinin kökündən hazırlayardılar. Və bu rənglər illər keçsə də öz rəngini itirməz, əksinə, yuyulduqca daha da təravətli görsənərdi. İndi isə bazardan alınan vağam deyilən rəngə az miqdarda kislota atmaqla boyayırlar ipləri. Və vağamla boyanan ip birinci yumadan sonra parıltısını xeyli itirir. Hər qadın ip boyaya bilmir. Bunun üçün kənddə boyaqçılıq edən xüsusi qadınlar vardı.
Burda bir haşiyə çıxaraq danışım ki, uşaq vaxtı yaşlılardan yun əyirməklə bağlı belə bir rəvayət də eşitmişdim. Sonralar bu rəvayətə mən heç yanda rast gəlmədim. Kəndin qulağında yaşayan bir qarının tənbəl bir qızı varmış. Bu qızın işi-peşəsi yeyib yatmaq imiş. Bir gün yaxın kənddən xəsis bir sövdəgər evin yanından keçəndə görür ki, qız “Yarımçığımı ver” deyib ağlayır. Sövdəgər qarıdan qızın niyə ağladığını soruşur. Qarı işin üstü açılmasın deyə sövdəgəri başından eləmək üçün deyir. Əşşi, fikir vermə. Bu qız hər gün səkkiz para çörək yeyir, səkkiz də düyçə düyçələyir. İndi səkkiz para çörəyini yeyib, yeddi düyçə düyçələyib. Yun qurtarıb, bu yerə batmış da mənlə dava edir ki, gərək yediyim qədər işləyəm ki, halallıq olsun. Ona görə ağlayır. Sövdəgər barmağını dişləyir. Öz-özünə fikirləşir ki, elə mən axtardığım buymuş. Bütün günü otursun evdə yun darasın, əyirsin, düyçə-yumaq eləsin, mən də getdiyim yerlərdə satıb pula çevirim. Əlqərəz, sövdəgər qarıyla danışıb qızı özünə arvad edir. Birneçə gündən sonra sövdəgər bir pud yun alıb arvadına deyir: “Sabah mən yoldaşlarımla üç günlük səfərə çıxıram. Mən qayıdana kimi bu yunu əyirib düyçələ”. Səhər sövdəgər yoldaşlarıyla öz alverlərinin ardınca gedir. Qız tənbəl-tənbəl yerindən qalxıb gərnəşir, əlinə keçəndən yeyib toqqanın altını bərkidir. Bir cəhrəyə baxır, bir çölə baxır və bir bayatı çağırır:
Dilimin andı cəhrə,
Ayağımın bəndi cəhrə.
Vuraydım sındıraydım,
Gəzəydim kəndi cəhrə.
Sonra arxasını cəhrəyə çevirib yatır. Səhəri gün də əlini heç nəyə vurmur. Qız çörəyini yeyib uzanır və onu yenə yuxu tutur. Bu tərəfdən ana qızının tənbəlliyini bilir. Qızı yatan vaxt sakitcə evə gəlib yır-yığış edir, cəhrəni qurub ipi əyirir, gəldiyi kimi də sakitcə çıxıb gedir. Qız yuxudan ayılanda gözlərinə inanmır. Ev silinib-süpürülüb, hər yan gümüşə dönüb. Yun da əyrilib, düyçələr yan-yana yığılıb. Elə bu vaxt sövdəgər gəlir. Evə göz gəzdirib ürəyində sevinir, amma üstünü vurmur. Gecəni səhər edirlər, Sövdəgər görüləsi işlərini görür, nə alasıdı alır, nə verəsidi verir, bazardan bir pud yun alıb, yenə səfərə çıxır. Qız bir cəhrəyə, bir yuna baxıb bayatı çağırır:
Cəhrəmin qulpu palıddı,
Əyirməmişəm qalıbdı.
Külbaş kişi bazardan,
Bir pud yenə alıbdı.
Yenə başını atıb yatır. Anası gəlib evi təmizləyir, yunu əyirib, gəldiyi kimi də səssizcə evinə dönür. Sövdəgər səfərdən qayıdıb hər şeyin qaydasında olduğunu görüb, sevinir. Üçüncü dəfə yenə bir pud yun alıb səfərə çıxır. Ana xəstələndiyindən bu səfər qızına kömək edə bilmir. Sövdəgərin gəlməsinə az qalmış qız başılovlu özünü anasının üstünə salır. Anası səbrli və tədbirli qadınıydı. Oydu ki, üzünü qızına tutub deyir, get bir dozanqurdu tut gətir. Onu bankanın altına qoy. Ərin gələndə başla ağlamağa. Soruşacaq ki, niyə ağlayırsan? Onda deyərsən ki, halallıq bizə vergiynəndi. Bu dozanqurdu mənim xalamdı. Mənə baş çəkməyə gəlmişdi. Birdən dozanqurduna döndü. Bu da ona işarədi ki, halallığımın sonunda mən də dozanqurduna dönəcəm. Ona görə ağlayıram. Qız anası deyən kimi də edir. Sən demə bu sövdəgər rəhimli və qəlbində Allah xofu olan adam imiş. Tez qıza deyir: Daha sənə yun əyirtdirmərəm ki, sən də dozanqurdu olasan, görünür Allah məni sənin qarşına çıxarıb ki, səni dozanqurdu olmaqdan xilas edim. Beləcə ananın tədbiri qızını töhmətdən xilas edir.
...Qayıdaq mövzumuza. Artıq uzun qış gecələrini qısaltmaq üçün Hana qurmağın vaxtıdı. Hana da müxtəlif hissələrdən ibarətdi. Yan ağacları, yuxarı və aşağı oxlar, alt ağacı, vərəngələ, en dəmiri, küjü ağacı, qılıc. Bu hissələrin hərəsinin hanada öz funksiyası var. Onların içində ən maraqlısı vərəngələdi. Fikrimcə, bu ad varan gələn, yəni gedən-gələn olmalıdı. Borçalda, eləcə də Qərb zonasında “varıf getmək” ifadəsi bu gün də işlədilir. Türkiyə türkcəsində də bu ifadə eyni mənada işlədilir. Əsas funksiyası aşağı-yuxarı getməklə kələfin ipinin əriş arasından rahat keçməsini təmin etməkdir. Qılıc isə hananı ötürmək üçün işlədilən ağaca deyilir. En dəmiri xalının hanada yığılmasının qarşısını alır. Ucları dəmir olsa da əsasən itburnu çubuğuna bərkidilir. El arasında en dəmiriylə bağlı bir inanc da yaşamaqdadır. Xalı hanadan kəsilən günü körpə bir oğlan uşağı at kimi en dəmiri keçirilən çubuğu minir və qohum-əqrəba hamilə olan qadına arzu tutur. Oğlanın ilk qarşısına çıxan kişi olsa gəlinin oğlu, qadın çıxarsa qızı olacağına inanılır. Hətta belə bir bayatı da söylənilir:
En dəmirin minmişəm,
Yolda oğlan görmüşəm.
Fatma, oğlun olacaq,
Hanayla sınamışam.
Bundan başqa hananın ilmələrini vurmaq, onları döyüb bərkitmək üçün kirkit və həvədən istifadə edilir. Cüyürün qabaq ayağından düzəldilən kirkidlə işləməyi qadınlar daha çox sevirlər. Həvə ağacdan düzəldilir və kirkidə nisbətdə xeyli böyük və ağır olur. Xalı-xalçanı ötürmək üçün cavan və qüvvətli qadınlar həvəni var gücləriylə xalçanın toxunan yerinə vurub hananın o yanına ötürürlər. Hana qurulan evdə əgər hansısa oğlanın sevdiyi qız olardısa bunu qıza bildirmək üçün ordakı vəziyyətə uyğun bayatı söylərdilər:
Qulağının tanası var,
Qurulub hanası var.
Qurban olum yarıma,
Söz qanan anası var.
Beləcə xalı toxunub qurtarandan sonra hanadan kəsilər, eyvandan asılıb havaya verilərdi. Bu da xalının necə toxunmasının nümayişilə yanaşı həm də kəsiləndən sonra qayçıyla vurulan xovların qalıq-quluğunun xalıdan təmizlənməsini təmin edərdi. Sonra evin divarına bərkidilən hananın yan ağacları sökülər və xalı toxumaq üçün hana növbəsində duran digər evə daşınardı.
02.12.2013
çap et