525.Az

Rusiya-Türkiyə: strateji tərəfdaşlığın dərinliyi


 

Rusiya-Türkiyə: strateji tərəfdaşlığın dərinliyi<b style="color:red"></b>

Yaxın Şərqdə və İran istiqamətində yeni geosiyasi məqamların meydana çıxması Ankara-Moskva münasibətlərinin əhəmiyyətini daha da artırıb. Həmin kontekstdə baş nazir R.T.Ərdoğanın Sankt-Peterburqa son səfərində 5 sənədin imzalanması mühüm hadisə kimi qəbul edilir. Eyni zamanda, həmin ölkələr arasında münasibətlərin ziddiyyətli tərəflərinin də mövcudluğunu inkar etmək doğru olmazdı. Bunların fonunda Türkiyə ilə Rusiya arasındakı əlaqələrin taleyi düşündürücü görünür.

Sankt-Peterburq görüşünün geosiyasi aspektləri

Yaxın Şərqdə geosiyasi proseslərin dinamikasının yüksəlməsi fonunda Rusiya-Türkiyə münasibətləri maraq doğurur. Tarixdə Çar Rusiyası ilə Osmanlı Türkiyəsi arasında baş verən hadisələrin ziddiyyətli məqamları, şübhəsiz, yaddan çıxmayıb. Lakin bəşəriyyət yeni mərhələyə qədəm qoyub ki, burada hətta prinsipial geosiyasi problemlərin məzmununda dəyişikliklər müşahidə edilir. O cümlədən, son illər Ankara ilə Moskva arasında əməkdaşlıq daha sürətlə inkişaf etməkdədir. Ancaq burada hər şeyin hamar olduğunu da düşünmək yanlışlıq olardı.

Qlobal geosiyasətin ağırlıq mərkəzinin Şərqə doğru dəyişməsi ilə Türkiyə və Rusiyanın əhəmiyyəti yeni səviyyəyə qalxdı. Bu ölkələrin hər birinin dünya siyasətində öz rolu var. Rusiya SSRİ dağılandan sonra yenidən supergüc olmaq iddiasındadır. Türkiyə də dünya miqyasında söz sahibi olan regional lider dövlətə çevrilmək istiqamətində fəallıq göstərir. Onları birləşdirən məqamlar da mövcuddur. Avrasiyada yerləşmələri, Rusiya ərazisində çoxlu sayda türk xalqları nümayəndələrinin yaşaması və s. kimi faktorları nəzərə almamaq mümkün deyildir.

Bunlara son illər Rusiya və Türkiyədə baş verən daxili siyasi proseslərin göstərdiyi təsiri vurğulamaq lazımdır. Məsələ ondan ibarətdir ki, Ankara ilə Moskva arasında iqtisadiyyat, ticarət, turizm və mədəniyyət sahəsində ciddi dəyişikliklər baş verdi. İndi iki ölkə arasındakı ticarət dövriyyəsi 34 milyard ABŞ dolları həcmindədir. 2020-ci ilə qədər tərəflər bu rəqəmi 100 milyarda qaldırmaq əzmindədirlər (bax: Путин и Эрдоган обсудили газ, безопасность и туризм / "Российская газета", 22 noyabr 2013).

Baş nazir R.T.Ərdoğan Sankt-Peterburqa son səfəri zamanı Rusiyadan ölkəyə 4 milyon turistin gəldiyini vurğulayıb. Bu, Almaniyadan gələnlərdən sonra ikinci göstəricidir. Ərdoğan bu rəqəmin daha böyük olmasını və rusiyalı turistlərin sayının birinci yerə çıxmasını istədiklərini ayrıca söyləyib (bax: Евгения Новикова. Амбиции премьера Эрдогана реализуются в Питере / "Независимая газета", 22 noyabr 2013).

İki ölkə arasında nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında saziş mövcuddur. Moskva Türkiyə ərazisindən öz təbii enerji daşıyıcılarının nəql edilməsinə xüsusi əhəmiyyət verir. "Cənub axını" adlanan beynəlxalq layihə reallaşır. Hazırda iqtisadi-ticari əlaqələrin daha geniş miqyasda inkişaf etdirilməsi üzərində iş aparılır. Təsadüfi deyil ki, Rusiya prezidenti Sankt-Peterburq görüşündə əməkdaşlığın strateji məzmun kəsb etdiyini vurğulayıb.

Bunların fonunda Rusiya-Türkiyə münasibətlərinin geosiyasi aspekti daha əhəmiyyətli görünür. Bu sahədə isə fikir ayrılığı az deyil. İlk növbədə Yaxın Şərqdə cərəyan edən proseslərə Ankara ilə Moskva fərqli bucaq altında baxırlar (bax: Başbakan Erdoğan ve Putin basın toplantısı düzenledi / "Zaman", 22 noyabr 2013). Onun mərkəzində Suriya məsələsi durur. Ankara B.Əsədin hakimiyyətdən getməsini arzulayır. Moskva isə hər hansı dəyişikliyin B.Əsədin də iştirak etdiyi seçki yolu ilə həll edilməsinin tərəfdarıdır.

Əməkdaşlığın sərhədləri

Sirr deyil ki, rəsmi Dəməşqi ən çox dəstəkləyən məhz Kremldir. Prezident V.Putin Suriyaya hərbi müdaxilənin qarşısının alınmasında həlledici rol oynadı. Türkiyə isə Suriya müxalifətinə dəstək verir. Bu səbəbdən Ankara ilə Moskvanın Suriyada faktiki olaraq əks cəbhələrdə olduğunu qəbul etmək lazımdır.

KİV-in yaydığı məlumatlara görə, son Sankt-Peterburq görüşündə də Rusiya ilə Türkiyə arasında Suriya məsələsinə dair fikir ayrılığı aradan qalxmayıb (bax: Habibe Özdal. Başbakan’ın Rusya Ziyareti: Öne Çıkanlar / "Uluslararası Stratejik Araştırmalar Kurumu", 22 noyabr 2013).

Bəzi ekspertlərin fikrincə, Cənubi Qafqaz və Mərkəzi Asiya məsələlərində də Rusiya ilə Türkiyə fərqli mövqelər tuturlar (bax: Станислав Тарасов. Путин-Эрдоган: для кого тактика становится стратегией / "İarex.ru", 22 noyabr 2013). Bu aspektdə tərəflər arasında mübarizənin davam edəcəyi proqnozlaşdırılır.

Moskva heç bir halda Cənubi Qafqazda Ankaranın liderliyini qəbul etməyəcək. Mərkəzi Asiya məsələsində də vəziyyət aydındır. Son illər Rusiya oradan Türkiyənin sıxışdırılması üçün xeyli işlər görüb. Onu da demək gərəkdir ki, həmin regionda Çin və Hindistanın da maraqlarını nəzərə almaq lazımdır.

Bunlardan başqa, ekspertlər Ankara-Moskva əlaqələrinin taleyində Vaşinqtonun rolunu ayrıca vurğulayırlar. İndi belə bir rəy mövcuddur ki, Türkiyə Amerikanı Rusiya ilə münasibətlərinə cəlb edir (bax: Игорь Мурадян. Анкара втягивает в турецко-российские отношения США / "Lragir.am", 24 noyabr 2013).

Çünki Vaşinqtonun Avrasiya məkanında böyük geosiyasi maraqları var. ABŞ Rusiya ilə Türkiyə arasında son zamanlar müşahidə edilən əməkdaşlığa laqeyd qala bilməz. Həmin aspektdə Amerikanın Ankaranın manevr imkanlarını məhdudlaşdırmağa çalışdığı qeyd edilir.

Bu fikirlərin reallığı nə dərəcədə əks etdirdiyini indi demək çətindir. Onlara obyektiv qiyməti zaman verəcəkdir. Lakin buradan görünür ki, Ankara ilə Moskva arasındakı münasibətlər qlobal miqyasda getdikcə daha çox əhəmiyyət kəsb edir. Ekspertlərin qənaətinə görə, Kreml Türkiyə ilə strateji əməkdaşlıqda maraqlıdır. Bunun əsas səbəbi Moskvanın qlobal miqyasda öz geosiyasi nüfuzunu daha da artırmaq niyyətindədir. Eyni zamanda, başqa bir məqamı da unutmaq olmaz.

Məlumdur ki, Avropa İttifaqı Türkiyəni 50 ildir ki, üzvlüyə qəbul etmir. Müxtəlif bəhanələrlə məsələnin həlli uzadılır. Ankara artıq vəziyyətin bu cür qalmasını istəmir. Bu səbəbdən Sankt-Peterburqda R.T.Ərdoğanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olmaq istədiklərini bir daha vurğulaması təsadüfi deyil. Özü də bu məsələni baş nazir Ukraynanın Avropa İttifaqı ilə assosiativ üzvlüyü ilə əlaqədar verilən suala cavabda açıqlayıb (bax: Erdoğan 'Şanghay' isteğini yeniden dile getirdi / "Hurriyet", 22 noyabr 2013).

Həmin məqam ekspertlərdə belə bir qənaət yaradıb ki, Türkiyə geosiyasi istiqamətini dəyişir. O, artıq Avrasiya ölkələri ilə əməkdaşlığa üstünlük verir. Bununla yanaşı, Ankaranın sadəcə manevr etdiyi fikrini söyləyənlər də vardır. Konkret olaraq, Türkiyə öz oyununu aparır. Onun məqsədi dünya miqyasında söz sahibi olduğunu və müstəqil qərarlar qəbul etdiyini təsdiqləməkdən ibarətdir.

Bu kimi fikirlərin fonunda Türkiyənin Gömrük İttifaqına daxil olması haqqında müəyyən fikirlərin söylənməsi maraqlıdır. Görünür, bəzi dairələr həmin qurumun geosiyasi cəlbediciliyini göstərmək üçün belə danışırlar. Reallıqda Ankaranın Gömrük İttifaqına üzv olmaq istəyinin mövcudluğu ciddi şübhə doğurur. R.T.Ərdoğan yalnız ŞƏT-dən danışıb. Dolayısı ilə də Gömrük İttifaqı məsələsinə də münasibət bildirib.

Buradan belə nəticə çıxarmaq olar ki, Türkiyə-Rusiya münasibətləri artıq qlobal miqyasda daha çox geosiyasi əhəmiyyət kəsb edir. Hər iki tərəf bunun mənasını dərk edir. Belə güman etmək olar ki, Ankara ilə Moskva əməkdaşlıqlarını daha da genişləndirəcəklər. Bu zaman bəzi erməni ekspertlərin iddia etdiyi kimi, Kremlin Türkiyəyə Ermənistan məsələsində təzyiqlər göstərəcəyi inandırıcı görünmür. Çünki söhbət Cənubi Qafqazın kiçik bir ölkəsinin səviyyəsindən bir neçə dəfə yüksək olan miqyasda geosiyasi proseslərdən gedir.

Bunlarla yanaşı, Rusiya-Türkiyə münasibətlərinin müəyyən bir həddə qədər dərinləşə biləcəyini vurğulamağa ehtiyac vardır. Burada İran, Suriya, Səudiyyə Ərəbistanı, Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələri faktorunu da yaddan çıxarmaq olmaz. Həmin kontekstdə Avrasiya məkanında geosiyasi mübarizənin dinamikasının yüksək olacağını proqnozlaşdırmaq mümkündür.

Newtimes.az

 





02.12.2013    çap et  çap et