525.Az

Qəlbindəki virusla savaş! - Mina Rəşid


 

Qəlbindəki virusla savaş! - <b style="color:red">Mina Rəşid</b>

Əvvəlcə düşündüm ki, uzaq ölkədə yayılan virusun bizə gəlib çatmağı müşkül məsələdi. Amma günlər keçdikcə gördümyox, xəbərlər böyüyür. Bir az da keçəndən sonra gördüm yox e, nənəm demiş, bu xına o xınadan deyil...Virus dünyanı alıb cənginə...

Məktəblər bağlandı, insanlarla ünsiyyət azaldı, gündəlik vərdişlərimiz, işlərimiz dəyişdi. Bütün günü evdə qalıb, ruhdan düşməyə başladım... Amma belə davam edə bilməzdi... Yaşamaq naminə, həyat uğrunda mübarizəyə qoşuldum... Neyləməli, nə etməli ki, bu virus bəlasından salamat qurtarasan? Hər kəs öz ailəsinin qeydinə qalır, uşaqlarını qoruyursan... Bayaqdan başqa arzular uğrunda çarpışırdın, indi virusa qarşı vuruşursan...

Deyirəm, əslində insanın qəlbində də, xeyli viruslar var. Məncə, bunların ən güclüsü paxıllıqdı. Hələ bu virusun müalicəsi tapılmayıb. Çünki bu, xəstənin özündən asılıdır...Xəstə sözünü burada dırnaq arasına almağa ehtiyac görmədim. Ondan ki, ən böyük, sağalmaz xəstəliklər insanın qəlbində, onun ruhunda olur...Yoxsa dünya nələr görməyib? Vəba, taun, son illər quş qripi, donuz qripi... Amma indi bunların heç biri gündəmdə deyil... Paxıllıq isə dünya yaranandan insan qəlbinə toxum kimi düşüb, sanki... Kimi o toxumu bəsləyib Qabil kimi ancaq özünə zülm eləyər, kimi də o toxumu qəlbində cücərməyə, barınmağa meydan verməyib Habil kimi səadətin qapısına yaxınlaşar...  

Odur ki, bu virusdan ancaq özünyaxa qurtara bilərsən... Özü də bu yoluxucu virusdur. Övladına da keçə bilər. Axı uşaq böyüdükcə valideynlərini təqlid edir...

Paxıllıqdan qəlbində elə bir kin yaranır ki, tutalım, illərlə qapısını açmadığın qohumunun ancaq yasına gedirsən... Sevincinə heç vaxt şərik olmadığın insanı o dünyaya xüsusi bir həyəcanla yola salmağa tələsirsən... Düşünmək istəmirsən ki, hər kəs kimi bir gün sən də, bu dünyaya əlvida edəcəksən...  Özünlə mübarizə aparmadıqca qəlbindəki virusu öldürə bilmirsən. Çünki onunla koronavirusla mübarizə apardığın kimi mübarizə aparmırsan...

 





19.03.2020    çap et  çap et