“Rusiya deputatlarının və ya digərlərinin harada nə deməsi bizim üçün heç bir əhəmiyyət daşımır və maraqlı da deyil”.
Bunu jurnalistlərlə söhbətində Prezident Administrasiyası (PA) rəhbərinin müavini və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bəzi Rusiya deputatlarının və tanınmış rus ekspertlərinin Azərbaycanı Gömrük İttifaqı ilə Avropa Birliyi arasında seçimə məcbur etməyə cəhd göstərmələrinə münasibətini bildirərkən dilə gətirib.
“Onlar yaxşı şey də desələr, pis şey də desələr, özləri bilirlər nə üçün deyirlər. Ancaq artıq 22 ildir Azərbaycan xarici siyasət kursunun ən mühüm tərəfi, cəhəti odur ki, bu siyasət kursu müstəqil xarici siyasət kursudur”-deyən PA rəsmisinin sözlərinə görə, bu günə kimi Azərbaycan artıq çox mərhələləri, indikindən də on qat ağır mərhələləri keçib və bütün mərhələlərdən də uğurla çıxa bilib:
“Eyni zamanda, indiyə qədər Azərbaycanın xarici siyasət kursu ilə bağlı nə ümummilli lider Heydər Əliyev, nə də indiki ölkə Prezidenti İlham Əliyevdə zərrə qədər olsun belə tərəddüd olmayıb. Bunu artıq Azərbaycanın da əhalisi çox yaxşı bilir, bunu elə artıq dünyanın hər yerində - Sakit okeandan tutmuş Atlantik okeana qədər hər yerdə də çox yaxşı bilirlər. Bununla belə, Azərbaycan Prezidenti özünün qarşısında əsas vəzifə kimi qoyduğu iş bu ölkəni, bu xalqı, bu dövləti elə istiqamətdə, elə formada, elə səviyyədə irəli aparmaqdır ki, onun gələcəyi daha yaxşı, daha uğurlu olsun. Əlbəttə, bu da o qədər asan deyil, əlbəttə, bu da çox çətindir. Ancaq yenə də qeyd edirəm ki, Azərbaycan ötən illərdə yeritdiyi müstəqil xarici siyasət kursu ilə bütün dövlətlərlə, o cümlədən, Avropa İttifaqı, ona üzv ölkələrlə çox uğurlu əməkdaşlıq nümunəsi ortaya qoyub və indi bu əməkdaşlıqda da heç bir problem, tərəddüd yoxdur”.
“Azərbaycan “Şəqr Tərəfdaşlığı”nın mühüm üzvlərindən biridir və bütün sahələrdə Avropa İttifaqı ilə çox uğurlu əməkdaşlıq edib”
“Vilnüs sammitinin “Şərq Tərəfdaşlığı” çərçivəsində fəaliyyət göstərən, Avropa İttifaqı ilə əməkdaşlıq edən dövlətlər üçün bunun çox böyük əhəmiyyəti var”. Bunu da jurnalistlərlə söhbətində N. Məmmədov dilə gətirib.
“Bildiyiniz kimi, ötən həftənin sonlarında- noyabrın 28-29-da Litvanın paytaxtı Vilnüs şəhərində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” layihəsi üzrə 3-cü sammiti keçirildi və təbii ki, bu sammiti çox mühüm hadisə etmək lazımdır”-deyən PA rəsmisinin bildirdiyinə görə, həmçinin, Vilnüs sammitini Avropa İttifaqının (Aİ) özünün həyatında çox mühüm hadisə hesab etmək olar
N. Məmmədov xatırladıb ki, sözügedən sammiti evsahibliyi edən Litvanın prezidenti aparıb və sammitdə də Aİ-nin, ümumən Avropanın bütün dövlətlərinin rəhbərləri iştirak ediblər: “Demək olar ki, “Şərq Tərəfdaşlığı” üzvü olan dövlətlərin rəhbərləri də hamısı orada idi. İndi sammitin siyasi təhlilini vermək istəmirəm, ancaq eyni zamanda, onu qeyd etmək istəyirəm, Vilnüs sammiti ən azı iki istiqamətdə Azərbaycan üçün də çox mühüm hadisə idi. Birincisi, Azərbaycan “Şəqr Tərəfdaşlığı”nın bu illər ərzində ən fəal, ən mühüm üzvlərindən biri olub və bütün sahələrdə Avropa İttifaqı ilə çox uğurlu əməkdaşlıq edib. Ümumiyyətlə, Azərbaycanın Avropanın özü, o cümlədən, Avropa İttifaqı və ora üzv olan dövlətlərlə həm ikitərəfli əməkdaşlığı, həm “Şərq Tərəfdaşlığı” çərçivəsində əməkdaşlığı bütün o dövlətlərin hamısından fərqlənir. Yəni, əhatəsinə dairəsinə, müəyyən sahələri etməsinə görə fərqlənir”. PA rəsmisinin dediyinə görə, enerji məsələsindən tutmuş Əfqanıstan, İraq məsələlərində, beynəlxalq terrorizmə qarşı mübarizə, mədəniyyət sahəsində, sərmayə qoyulmasında əməkdaşlığa qədər geniş spektrli əməkdaşlıq ortadadır: “Bütün bunların hamısını götürsək doğrudan da, ötən illər ərzində uğurlu bir əməkdaşlıq nümunəsi ortadadır. Özü də Azərbaycanı bu əməkdaşlıqda başqa dövlətlərdən fərqləndirən cəhət onun bütün bu əməkdaşlığı öz milli və dövlətçilik maraqlarına uyğun aparmasındadır. Bunun da müsbət tərəfi odur ki, bütün hallarda qarşı tərəf bunu başa düşə bilir”.
N.Məmmədov həmçinin deyib ki, Azərbaycan Prezidenti həm sammitin işində fəal iştirak etdi və sammit iştirakçıları da bunu çox isti qarşıladsılar, həm də sammit çərçivəsində keçirilən sənədlərin imzalanmasında, plenar iclasda çox fəal iştirak etdi: “Azərbaycan Prezidenti sammitdə geniş çıxış etdi və bu, əməkdaşlığın ruhunun özündə əks etdirən bir çıxış idi. Sənədlərin imzalanmasında isə Azərbaycanın çox gözəl bir təqdimatı oldu-bayraqla, şəkillə, musiqi ilə.
Eyni zamanda, bu sammitin əm mühüm cəhətlərindən biri də orada ikitərəfli görüşlərin keçirilməsi oldu. Belə ki, Azərbaycan Prezidenti sammitin gedişində 10-a yaxın görüş keçirdi və ən maraqlısı da o idi ki, bütün görüşlər məhz qarşı tərəfin arzusu, istəyi, təşəbbüsü ilə baş tutdu. Bir sözlə, Vilnüs sammitinin “Şərq Tərəfdaşlığı” çərçivəsində fəaliyyət göstərən, Avropa İttifaqı ilə əməkdaşlıq edən dövlətlər üçün çox böyük əhəmiyyəti oldu”.
“Referendum məsələsi cəfənfiyyatdır”
“Azərbaycan hakimiyyətinin Avrasiya İttifaqı ilə Avrointeqrasiya arasında seçim etmək üçün referendum keçirməyə hazırlaşması barədə müxalifət mətbuatında yazılanlar tam cəfəngiyatdır”. Bunu isə jurnalistlərlə söhbətində N. Məmmədov “525”-in müxbirinin sualına cavabında vurğulayıb.
Onun qeyd etdiyinə görə, Azərbaycan hakimiyyətində, hakim siyasi dairələrdə bununla bağlı hər hansı bir məsələ müzakirə olunmur və gündəmdə deyil:
“Düzünü desəm, bu məlumatı oxumamışam. Ancaq birmənalı olaraq qeyd etmək istəyirəm ki, bu barədə deyilənlər cəfəngiyat və olduqca gülməli bir məsələdir.
Görünür, müxalifət mətbuatı yenə belə bir cəfəng məlumatları yaymaqla növbəti məkrli məqsədlər güdür, haradansa aldıqları tapşırıqları icra edirlər. Ona görə bir daha vurğulamaq istəyirəm ki, belə bir məsələ ümumiyyətlə, yoxdur və deyilənlər qərəzdən, cəfəngiyatdan başqa bir şey deyil”. Bununla belə, N. Məmmədov qeyd edib ki, Azərbaycanın Avrointeqrasiyada heç bir problemi yoxdur:
“Bu günlərdə Vilnüs sammitində Azərbaycanın dövlət başçısı 10-a yaxın dövlətin başçısı və rəhbərləri ilə görüş keçirib. Həmin görüşlər də qarşı tərəfin istəyi ilə baş tutub. Bu görüşlər zamanı da həmin ölkələrin rəhbərləri Azərbaycanla əməkdaşlığı müsbət saydıqlarını və ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər”.
Kamil Həmzəoğlu
çap et