525.Az

Elnarə Tofiqqızının vəfat etdiyi klinikanın baş həkimi istefa verib


 

Elnarə Tofiqqızının vəfat etdiyi klinikanın baş həkimi istefa verib<b style="color:red"></b> Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının dünyasını dəyişdiyi “Medi Sina” klinikasının baş həkimi Abbas Bağırov klinikadakı işindən çıxıb.

Bunu Lent.az-a açıqlamasında zərərçəkənin hüquqlarını müdafiə edən hüquqşünas Səməd Vəkilov bildirib. Onun sözlərinə görə, Müvəkkil Hüquq Mərkəzində aparılan müstəqil təhqiqat klinikaya sorğu göndərərkən artıq A.Bağırovun orada işləmədiyi müəyyənləşib: “Ancaq onun vəzifəsindən istefa verməsi məsuliyyətdən qurtarması anlamı daşımır”.
 
S. Vəkilov istintaqa ilk vəsatətlərini təqdim etdiyini də vurğulayıb: “İş materialları ilə artıq tanışam və bir qrup şəxsin dindirilməsi ilə bağlı Nəsimi Rayon Prokurorluğunda yaradılan istintaq qrupunun rəhbəri Ələkbər Rzayevə vəsatət təqdim etmişəm. Hesab edirəm ki, istintaqın obyektiv aparılmasında həmin şəxslərin dindirilməsi mühüm əhəmiyyət kəsb edir”.
 
Xatırladaq ki, tənqidçi Elnarə Tofiqqızı bu il sentyabrın 20-də “Medi Sina” Tibb Mərkəzində əməliyyat zamanı həkim səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində
dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı cinayət işi qaldırılıb. İşin obyektiv araşdırılıb günahkarların cəzalandırılması üçün zərərçəkən ölkə başçısına və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib. Hazırda cinayət işinin istintaqı Baş prokuror Zakir Qaralovun nəzarətindədir.
 
 





04.12.2013    çap et  çap et