525.Az

İcbari tibbi sığorta haqları ilə bağlı güzəştlərin müddəti artırıldı


 

İcbari tibbi sığorta haqları ilə bağlı güzəştlərin müddəti artırıldı<b style="color:red"></b>

Muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Milli Məclis və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslərin icbari tibbi sığorta haqlarının məbləğinə nəzərdə tutulan güzəştlərin müddəti artırılıb.

APA-nın məlumatına görə, bu, “Tibbi sığorta” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, indiyə qədər bu şəxslərin nəzərdə tutulan əməkhaqqının 8000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2021-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq ediləcəkdi.

Dəyişikliyə əsasən, bu müddət 2022-ci il yanvarın 1-dək uzadılıb. Başqa sözlə, muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Milli Məclis və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslərin nəzərdə tutulan əməkhaqqının 8000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq ediləcək.

Qeyd edək ki, “Tibbi sığorta” haqqında qanuna əsasən, muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə - sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilib.

 





27.03.2020    çap et  çap et