525.Az

Gözün xəzinəsi- Füzuli şeirində gözlərin vəsfi silsiləsindən


 

Gözün xəzinəsi- <b style="color:red">Füzuli şeirində gözlərin vəsfi silsiləsindən</b>

Bakı Dövlət Universitetinin professoru,
Dyuk Universitetinin müsafir professoru 

Sufi poeziyasında geniş yayılmış deyimlərdən biri qüdsi hədislə bağlıdır: "Mən gizli bir xəzinə (kənz-i məxfi) idim. Tanınmaq istədim. İnsanları cinləri yaratdım ki, məni tanısınlar". Təbii ki, hədisdə İlahi substansiyanı bildirən xəzinə anlamı qaş-daşla bağlı assosiasiyalar yaratmışdır. Təsadüfi deyildir ki, İbn Ərəbi peyğəmbərdən bəhs etdiyi əsərini "Fusus əl-Hikəm" (Hikmət gövhərləri) adlandırmışdır.

Allahın özünü Kənz-i məxfi adlandırması Sufi şeirində xəzinə anlamı ilə bağlı olan dürr, gövhər, yaqut, ləl sairə kimi bənzətmələrə geniş meydan açdı. Gözəlin üz cizgiləri bu cür obrazların istifadəsi üçün çox münasib idi. İnci kimi göz yaşları, mirvariyə bənzər dişlər, lələ bənzər dodaqlar, yanaqlar bir sıra başqa bənzətmələr Gözəlin poetik vəsfində dönə-dönə müraciət edilən ənənəvi deyimlərə çevrildi. Kəsrəti bildirən göz-yaşları, dişlər s. müqabilində vahid bir gövhər anlamı da təkrarlanan obrazlardan oldu. Bu anlamın arxasında yaradılışla bağlı başqa bir sufi deyimi - Nur-i Məhəmməd dayanırdı.

Nadir gövhərlə bağlı obrazların qaynaqlar şəbəkəsi geniş olub, qədim miflərdən tutmuş qnostik təlimə, ənənəvi islam ədəbiyyatından tutmuş müxtəlif qeyri-ortodosk, o cümlədən, sufi düşüncəsinə xas deyimlərədək cürbəcür fikir laylarından bəhrələnmişdir. Yunan mifologiyasında mirvari sevgi ilahəsi Afroditanın adı ilə bağlıdır. Qnostisizmdə bu təlimin paraleli olaraq İlkin Mirvarini göstərə bilərik. Bu anlamla İlkin Ruh başa düşülmüşdür. Qnostiklərin bu ideyasının kökləri apostol Tomasın adına yazılan apokrifik incilindəki "Mirvari nəğməsi" əsərinə bağlanır. Qədim miflərdə nağıllarda xəzinələrin, qiymətli daş-qaşın ilan əjdahalar tərəfindən qorunması barədə rəvayətlər haqqında danışdığımız nəğmədə əks olunmuşdur; burada dənizin dərinliklərinə baş vurub əjdahanın ağzındakı nadir mirvariyə sahib durmaq əsl igidlik sayılır.

Qnostik ideyalardan bəhrələnmiş Sufi təlimində nadir gövhər anlamının xüsusi əhəmiyyətindən bəhs etməzdən öncə, ümumiyyətlə, islam ədəbiyyatında Nur-i Məhəmmədlə bağlı deyimləri xatırlatmaq istərdik. İslam ədəbiyyatında Məhəmmədin Allahın xəlq etdiyi ilkin gövhər olması ilə bağlı fikirlər həm ortodoks sünni, həm müxtəlif məzhəb təriqət ədəbiyyatında geniş əks olunmuşdur. Bir qayda olaraq Məhəmmədin ilkin substansiyasının digər peyğəmbərlərin zatından əvvəl yaranması göstərilir. Bu məsələ ilə bağlı çoxsaylı hədislərdə deyilir: "Mən yaradılış etibarilə peyğəmbərlərin birincisi, dünyaya göndərilmə baxımından axırıncısıyam." Bu mövzu bir Quran ayəsinin (Əhzab,7) şərhi ilə bağlı təfsir ədəbiyyatında geniş əks olunmuş, Məhəmmədin peyğəmbərlər arasında xüsusi məqamı dönə-dönə vurğulanmışdır. Sirə tabaqat ədəbiyyatında, hədislərdə tarix kitablarında bu məsələ ilə bağlı deyimləri dərindən araşdırmış Uri Rubin göstərir ki, Məhəmmədin nuru anlamı İslam ədəbiyyatında ilkin başlanğıcın material (nütfəvari) ruhi substansiyası olmaqla iki şəkildə təqdim olunmuşdur. İlk müsəlman mənbələrinə görə, Məhəmmədin ruhu nütfəvari substansiya şəklində onun dünyaya gəlməsindən çox əvvəl əcdadlarının bədənində daşınmış, Məhəmmədin cismani varlığında reallaşanadək nəsildən nəslə, atadan oğula keçmişdir. Sonradan hürufilər nütfə nöqtə sözlərinin ərəbcə yazılışındakı oxşarlıqdan çıxış edərək ilkin nütfə damlasını Allahın əmri ilə yaradılışın əsasında dayanan yazı qələmin ucundan süzülən ilk nöqtə ilə eyniləşdirmişlər.

İlkin nur, ilkin inci, ilkin gövhər konsepsiyası Qurani-Kərimin Əraf surəsinin 172 ayəsinin sufiyanə şərhi ilə bağlı daha da inkişaf etmişdir. Ayədə deyilir: Qiyamət günü, "Biz bunlardan xəbərsizik," -  deməməniz üçün, Rəbbin Adəm oğullarının belindən gələcək zürriyyətləri alıb onları özlərinə şahid tutdu dedi: "Mən sizin Rəbbiniz deyiləmmi?" Onlar da dedi: "Bəli,  Buna şəhadət veririk". Ayəni şərh edən ibn Abbasa görə, Allah Adəmi xəlq etdikdən sonra qiyamət gününədək onun nəslindən olan bütün insanların ruhunu bir yerə yığıb özünün onların Rəbbi kimi tanınması barədə onlardan əhd almış, həmin ruhlar hələ ruh halında olarkən Allahın onların Rəbbi olmasına "bəli" deməklə şəhadət etmişlər. Sufi deyiminə görə, "bəli" deməklə Adəm övladları Allaha olan əbədi bir eşqin ağırlığını daşımalı olmuşlar. Bir sıra rəvayətlərdə ilkin əhd-peyman Məhəmmədin ilkin substansiyası ilə əlaqələndirilir. İbn Sədin "Tabaqat" əsərində əks olunmuş xəbərə görə, Adəmin cismi palçıqdan hazırlandıqdan sonra ruh üfürməzdən əvvəl Məhəmməddən əhd alınmışdır. Peyğəmbərdən soruşanda ki, "Sən vaxt peyğəmbər oldun?" - O demişdir: "Adəm cisimlə ruh arasında olarkən mən artıq peyğəmbər idim". Məhəmmədin ilkin cövhəri işıq nurla əlaqələndirilərək, onun dünyaya gəlməsindən öncəki hadisələrlə bağlı anılır. İbn Hişamın "Siratun-Nəbi" əsərindən məlum olur ki, Peyğəmbərin atası Abdulla bu nütfəvari substansiyanı belində daşıyarkən onun alnında qəribə bir parıltı yaranmışdı. Bu parıltı qadınları cəlb edir, o dövrdə qiyafət (fizioqnomika) elmindən başı çıxan bu qadınlar həmin parıltının mahiyyətini bildiklərindən Abdulla ilə yaxınlıq edib peyğəmbər anası olmaq istəyirdilər. Amma Əminə ilə ailə qurduqdan sonra bu nur Əminənin bətninə düşdüyündən, Abdullanın alnındakı parıltı itmiş, qadınların ona meyli qalmamışdır. 

İlkin gövhərlə bağlı geniş yayılmış deyimlərdən biri Nur-i Məhəmmədin dünyanın yaradılmasında ilkin kosmoqonik başlanğıc kimi təqdim olunmasıdır.  Bu halda onun material hala gəlməsindən öncə uzun illər ruhani bir varlıq, nur, loqos kimi mövcud olması söylənilir. Bu ruhani varlıq illər boyu Allaha səcdə etmiş, sonra Allah həmin nurdan Adəmi xəlq etmişdir.

 Ibn Ərəbiyə görə, "qütb" sayılan müqəddəs sufilər məhz bu nurdan xəlq olunmuşlar. Burada maraqlı bir məqam kimi, göz yaşlarının inciyə bənzədilməsinin arxetipik köklərinin bu rəvayətlə bağlılığına toxunmaq istərdik. Rəvayət olunur ki, Allah Təala ilkin nurdan bir ovuc götürüb ona bir nəzər salmış, nur həya təri tökmüş hər tər damlasından bir peyğəmbər yaranmaqla yüz iyirmi dörd min peyğəmbər dünyaya gəlmişdir.

Xətainin Dəhnaməsində deyilir:

Nuri-nəbidən yaratdı qəndil,

Qıldı nəzər ona neçə min il.

Kəsb etdi kəmali ol nəzərdən,

Ol dürri pürr etdi bəhrü bərdən.

Su boldu həyadən ol cəvahir.

Dutdu qamu fövqü təxti vafir.

Yaratdı gögi tafindən anın,

Xəlq etdi yeri kəfindən anın.

Qüdrət qələmilə yazdı kafi,

Ol kafə ulaşdı nuni-safi.

Bəs gəldi vücudə kun fəkan həm.

Xətm oldu zəman ilə məkan həm.

 Klassik poeziyada qətrə-qətrə süzülən göz yaşlarının inciyə bənzəməsi təbii bənzərliklə yanaşı, həm bu deyimlərin onlar əsasında yaranmış bədii obrazların şair yaddaşında həkk olunmuş naxışlarından doğur. Konkret olaraq, Füzuli şerində dərd, kədər motivlərinin bolluğu da göz yaşı ilə bağlı obrazların xüsusi əhəmiyyət kəsb etməsini şərtləndirir. Müsəlman ədəbiyyatında Məhəmməd peyğəmbərin ağlaması ilə bağlı bəzi deyimlər var.  Füzulinin sıx bağlı olduğu şiə ədəbiyyatının əsas qayələrindən biri şəhid imamları ağlamaqdır. Sufizmdə ağlamaq xüsusi önəm kəsb etmişdir. Sufilər ağlamağın Qurani-Kərimdə mərifətlə, göz yaşları sayəsində haqqın sirlərini bilməklə (Maidə;83) bağlı olmasını əsas tutub ağlamaqla bağlı öz təlimlərini yaratmışlar. Annemari  Şimmelə görə, Şərqdə istifadə olunan mürəkkəbin su ilə yuyulması əməl kitabındakı günahların da göz yaşları ilə yuyula biləcəyi fikrini doğurduğundan, bəzi sufilər gecə-gündüz ağlayırmış. Onlar çox ağladıqları üçün "bəkkaun" (ağlayanlar) kimi tanınmışlar. Təsadüfi deyil ki, Sərrac Tusi ağlamağın on səkkiz növünü göstərmişdir. Bütün bu amillər öz-özlüyündə kədər şairi olan Füzuli şeirində göz yaşlarının əsrarəngiz vəsflərinə gətirib çıxarmışdır:

Gözlərimdən saçılan qətrey-i əşkim gühəri,

Ləblərindən tökülən löle-yi şəhvarə fəda.

Bu beytdə şair birinci ikinci misralar arasında bir-birinə yaxın iki istiarə (gözyaşı anlamında gövhər; söz anlamında şahlara layiq mirvari) işlətməklə fikir paralelizmi yaradır. Məcazi mənada şair sevgilinin sözünü, səsini eşitmək üçün göz yaşları axıdır. Şeirin irfani mənasında aşiqin kəsrətdən keçib vəhdətə çatmaq istəyi dayanır. Gözəlin ləbindən tökülən löley-i şəhvar ilahı kəlam - loqosdur. Buna çatmaq üçün aşiqin gözlərindən kəsrət anlamında olan yaşlar saçılır. Amma burada təcəlli anlamına yaxın "saçılır" sözünün işlənməsi ilə, sanki İnsan-Allah, Aşiq-Məşuq sərhədləri Füzuliyə xas bir tərzdə aradan qalxır. Aşiqin göz yaşlarını Məşuqun sözlərinə fəda etməsi ilə bu fərq yenidən nəzərə çarpır bu yaşlar "bəkkəun" sufilərin Haqqa qovuşmaq üçün axıtdığı yaşlara  bənzəyir. Başqa bir şeirə nəzər salaq:

Göz ki, peykanın qapub, göydən saçar hər yan sirişk,

Bir sədəfdir, qətrey-i barani eylər dürr-i nab.

Oldu əbr-i dud-i ahim pərdey-i ruxsar-i mah.

Ah kim, almaz cəmalından hənuz ol məh niqab.

Burada olduqca dinamik bir səhnə - döyüş səhnəsi canlanır. Gözün peykanı qapması təşxisdir. Burada müharibəyə aid "peykan" sözü ilə bağlı "qapmaq" sözünün işlənməsi yerinə düşüb döyüş səhnəsinə xas çevikliyi ifadə edir. Klassik türk şerində ox, yay, qılınc s. kimi döyüş silahlarının bədii təsvirə cəlb olunmasının müxtəlif səbəbləri vardır. Ümumiyyətlə, qədim zamanlardan döyüş alətlərinin insan həyatındakı mühüm yeri onlar ətrafında mistik-mifik rəvayətlər formalaşdırmışdır. Orta əsrlərdə isə türklərin tarix boyu döyüş sənətində mahirliyi, xəlifə Mötəsimin dövründən başlayaraq İslam məkanında türk qvardiyalarının aparıcı rolu, bu alətlərin insan həyatının ayrılmaz hissəsinə çevrilməsi bir sıra silahlara metoforik don geydirmişdir. Konkret olaraq, gözlə bağlı poetik mətnlərdə  ox, yay, qılınc s. silahların bədii vasitə kimi işlənməsi qaşların qaba-qauseyn (iki yay uzunluğu, Nəcm surəsi 17) kimi ənənəvi təsvirindən qaynaqlanır. Təbii ki, yay olan yerdə ox başqa silahlar da yada düşür. Ləff-ü nəşr sənəti ilə yuxarıdakı beytdə birinci misradakı gözün ikinci misradakı istiarəsi sədəf, göz yaşınınkı (sirişk) isə qətrey-i baran (yağış damlası) dürr-i nab (saf mirvari)-dir. Göz yaşının bolluğu onu yağış damcısına, şəffaflığı isə saf dürrə bənzədir. Mirvari sədəfə düşən hər hansı bir yad cisim, qum dənəsi sairədən yaranır. Amma görünür, Füzulinin zamanında mirvarinin sədəfə düşən su damlasından yaranması fikri olmuşdur ki, bu da ilkin cövhərin su (nütfə) ilə əlaqələndirilməsi ilə bağlı təsəvvürlərə uyğun deyimlər doğurmuşdur.

Füzuli şeirində göz yaşının təzadı kimi alışıb yanan ürəyin odu, alovu, tüstüsü tez-tez təsvir olunur. Göz, baxış, görmə ilahi manifestasiya ilə bağlıdırsa, alov, tüstü hicab anlamı ilə bağlıdır. (Musa peyğəmbərə görsənən yanar ağac kimi). Füzulinin bu şeirində aya bənzər Gözəli görməyin imkansızlığı, Onun öz niqabını açıb Camalını göstərməməsi anlamı ortaya gəlir. Birinci misradakı pərdə anlamı ilə ikinci misradakı niqab anlamları fikir assosiasiyası yaradır. Mübaliğəli bir tərzdə ayın üzünün aşiqin göz yaşları nəticəsində onun odlu ahının tüstüsü səbəbindən örtüldüyü bildirilir. Bu cür mübaliğələr aşiqin sevgisinin hədsizliyinə dəlalət edir.

Çeşmimi əşk ilə gənc-i dür-i məknun etdin,

Mərdüm-i çeşmimi ehsan ilə Qarun etdin. (Q.202)

Əgər göz yaşları dürdürsə, gözün xəzinə olması ağlabatandır. Xəzinələr isə adətən gizlin yerdə olur. "Gənc-i məxfi" ilə yuxarıda qeyd etdiyimiz sufi ədəbiyyatında geniş yayılmış "Mən gizli bir xəzinə idim" -  deyiminə işarə edilir.  Göründüyü kimi, yenə göz simvolizmi varlığın yaranma səbəbi ilə bağlı sufi təsəvvürləri ilə əlaqələndirilir. Xəzinə olan yerdə  Qurandakı hədsiz var dövlət sahibi Qarun obrazı yada düşür. Burada "mərdüm" sözünün həm bəbəkləri, həm insanı bildirməsi isə təşxis sənətinə qüvvət verir.

Dəmbədəm gər düşsə gözdən dürr-i əşkim, vəchi var,

Yaş uşaqlardır yetim, onlarda yox rəsm-i ədəb.

Cövrü könlümdür çəkən, gözdür görən rüxsarını,

Allah, Allah! Kam alan kimdir, çəkən kimdir təəb.

Beytin sətiraltı mənasında iki gözün valideyn (ata ana) kimi zənnini düşünə bilərik.  Göz yaşlarının gözdən ayrılıb düşməsi, yəni ayrılıq həsrəti ilə tökülən mirvariyə bənzər göz yaşları atasız-anasız qalan yetim uşaqlarla, yəni onların ədəbdən kənar qalması, sahibsiz olduqlarından özlərini islatması s. ilə bağlı assosiasiya yaradır. "Yetim" "yaş" sözlərinin ikili mənası ilə şeirdə eyham sənəti yaranır. "Yaş"ın ikili mənası məlumdur. "Yetim" isə ərəb dilində həm nadir mirvarini bildirir.  Sədəf içindəki mirvari dənizdə yarandığından onlar da yaş olur. "Yetim" sözü Məhəmməd peyğəmbər nadir mirvari ilə bağlı assosiasiyalar yaradır. Belə ki, Dürr-i yetim İslam ədəbiyyatında Məhəmməd peyğəmbərin epiteti kimi işlənir. Bununla onun həm yetim olması, həm nadir inci, varlığın başlanğıcında olan ilkin gövhər mahiyyəti nəzərdə tutulur. Şeirdə göz-könül qarşılaşması uğurla aparılır. "Göz gördü, könül sevdi" kimi bir fikri əsas tutan şair "kam almaq" "cövr çəkmək" kimi təzadlarla şeirin estetik dəyərini artırır.

Nəzr etmişəm fəraqinə kim, yox nihayəti,

Nəqd-i sirişkimi ki, tükənməz xəzinədir.

Aşiq Məşuqun fərağı müqabilində tükənməz xəzinəyə bənzəyən göz yaşlarını nəzir deyir. Yəni göz yaşı Gözələ qovuşmaq yolunda bir vasitədir. Bu anda "bəkkaun" (ağlayanlar) adlanan, əməl kitablarındakı günahlarının göz yaşları ilə yuyula biləcəyinə ümid edərək gecə-gündüz ağlayan sufilər yada düşür.  Göz yaşı dürr olaraq müxtəlif mənalara rəvac verir; yuxarıdakı şeirdə bu nəzir mənasında işlənir. Bəzən sərf edilən, yəni xərclənən gövhər fələkdən kam almaq  məqsədi güdür:

Əşk sərf eylər fələkdən kam hasil qılmağa,

Bu gühər qədrini bilməz didey-i pürnam hənuz.

 Şeirdən belə bir məna hasil olur ki, öz-özlüyündə gövhər olan göz yaşlarını fələkdən kam almaq üçün sərf edib axıdan göz didələri gövhərin qədrini bilmədiyindən belə edir. Yəni bu dünyadan kam almaq üçün ağlamağa dəyməz. Başqa bir şeirində şair fərqli bir mülahizə yürüdür. Fələkdən kam almağın yolunun ağlamaqdan (giryan olmaqdan) keçdiyini deyən şair sədəfə su düşməzsə, gövhər verməz fikri ilə göz yaşlarına haqq qazandırır:

Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan,

Sədəf su almayınca əbr-i nisandan gühər verməz.

Şeirdə sədəf (göz), gövhər(göz yaşı) kimi ənənəvi istiarələr işlənir.  Əbr-i nisan (yağışın göz yaşı) təşxis sənətidir. Füzuli şeirində dürr, mirvari anlamlarının dəniz sədəflə əlaqələndirilməsi təbii olub sədəfin məkanının dəniz olmasına əsaslandığı kimi, göz yaşlarının mübaliğəli bir tərzdə dənizə bənzədilməsi kimi ənənəvi obrazlardan da qaynaqlanır. Burada bir az öncə qeyd etdiyimiz ilkin gövhərin su dənizlə əlaqələndirilməsi kimi mifik deyimləri xatırlamaq da yerinə düşər:

Peykanları ilə doludur çeşm-i pürabım,

Ey bəhr! Sanırsan sənin ancaq gühərin var.

Burada gözlərin ağlamaqdan qızarması məşuqun atdığı qəmzə oxlarının (göz ətrafına düzülmüş kirpiklərin)  aşiqin gözlərinə düşüb onları yaralaması, qanatması kimi təsvir olunur. Çeşmi-pürab qızarmış gözlə yanaşı, "çeşmə" sözünün ikili mənasına istinadən qanlı suları olan bulağı da bildirilir.  Bulağa yaxın olan dəniz nadir gövhərlə bağlı anılır; yəni şair dənizə müraciətlə "yoxsa elə bilirsən ancaq sənin gövhərin var?" - deyə sorur bununla da bədii sual sənəti yaranmış olur. İrfani baxımdan şeirin birinci misrası vəhdət yolundakı çətinlikləri, bu dünyaya bağlılığı, cəmdə işlənən peykanlar anlamı ilə kəsrəti ifadə etdiyi halda, ikinci misrada gövhər sözünün anılması ilə vəhdətin özünə işarə edilir:

Giryey-i zar ilə xoşhalam ki, bəhr-i eşqdə,

Əşksiz göz bir sədəfdir lölö-i şəhvarsız. (Q.157)

Aşiqin başına gələn müsibətləri sevinclə qarşılaması, öz halından razı qalıb möhnətlərə dözməsi üzri qəzəldən gəlmə poetik ənənədir. Bu motiv Füzuli şeirinin əsas qayələrindən birini təşkil edir. Yuxarıdakı beyt bu motiv üzərində qurulub; gözə dəyər verən göz yaşlarıdır. Ağlamayan bir göz mirvarisi olmayan bir sədəf kimidir.

Qıldı şövqün, əşk ğəvvası gözüm mərdümlərin,

Ey dür-i tər,mənzilin guya bu dəryadır sənin.

Bu şeirdə təşxis sənəti ilə göz-insan obrazı canlanır. Aşiq eşqdən o qədər ağlayır ki, onun göz bəbəkləri göz yaşları içərisində üzən ğəvvasa bənzəyir. Bununla şair birbaşa olmasa da mübaliğə yaratmış olur; ğəvvaslar ancaq dənizə baş vurur. Deməli, göz yaşları dəniz kimi boldur. İkinci misrada şair yenicə yaranmış mirvariyə (dür-i tər) müraciət edir. Şeirin məzmunundan bununla göz bəbəklərinin nəzərdə tutduğu aydınlaşır. Mənzili dərya olan dür-i tər göz bəbəklərinin istiarəsidir.

Çeşm tar-i cismimə düzmüşdü əşkim gövhərin,

Ah kim, çərx üzmüş ol tarı, dağılmış gövhərim.

Bu bənzətmədə dinamika, hərəkət vardır. Göz öz incilərini (göz yaşlarını) sapa (aşiqin arıqlayıb sapa dönmüş bədəninə) düzür. Amma bu anda çərx gəlib həmin sapı qırdığından göz yaşları sapı qırılmış muncuqlar kimi dağılıb axmağa başlayır. Birinci misrada "ifrat fis-sifət" (konkret olaraq litota) poetik fiquru ilə aşiqin arıqlamış cismi gövhər düzülən sapa bənzədilir. İkinci misrada həmin sapın üzülüb qırılması səbəbindən gövhərlərin dağılıb səpələnməsi bildirilir. Burada şair təlil təxyili (xəyali izah) sənəti yaradaraq göz yaşlarının axma səbəbini "izah edir"; sən demə bu incilərin axmasının səbəbi onların düzüldüyü sapın (aşiqin cisminin) dəhr anlamına gələn çərx tərəfindən qırılmasıdır. Çərx mifik düşüncədə həm üzərinə sap dolanan cəhrəni bildirdiyindən poetik deyim çox uğurlu alınıb. Bu obraz qədim miflərdəki tale ilahələrinin-yunan moyralarının cəhrəsini yada salır. Şeirdə olduqca dinamik bir səhnə görsənir: antropomorfik göz incilərini sapa düzür, dəhr isə bu sapı qırır. Çərxin zalım, ziyankar obrazı Şərq ədəbiyyatında möhkəm ənənələrə malik olub həm Zərdüştliklə bağlı Zurvan tanrısından, həm klassik ərəb şeirindəki antropomorfik dəhr anlamından qaynaqlanır. Şərq poeziyasının bir növ obrazlar qaynağı olan İslamaqədərki ərəb şeirində dəhrin aşiqlərin (ruhunu) bir-birinə bağlayan sapı qırmasından bəhs edilir. Füzulidə dəhrin inci kimi düzülmüş göz yaşlarının sapını qırması da unikal bir obrazdır. 

Güli-i tər üzrə düşən şəbnəmə düşdü nəzərim,

Gözümü şövq-i cəmalında dürəfşan etdim.

Füzuli şeirində fikir paralelizmi mühüm yer tutur. Poetik deyimlərin əksəriyyəti bir-birinə yaxın anlamların qarşılaşdırılması əsasında qurulur. Bir-birinə bənzəyən tər göz yaşları da belə anlamlardandır. Aşiq Gözəlin gülə bənzər yanağı üzərinə düşən şəbnəmə nəzər salarkən Onun Camalına olan eşqdən gözlərindən dürr kimi yaşlar axıdır. Burada Allahın Ilkin Gövhərə olan feyz dolu baxışı Gövhərin cilvələnib tər damlaları saçması ilə bağlı yuxarıda andığımız rəvayətlərlə bağlı assosiasiyalar yaranır. Digər assosiativ obraz kimi Məhəmməd peyğəmbərin qızılgül üzərindəki şehə bənzər ətirli tər damcıları olması ilə bağlı geniş yayılmış deyimləri qeyd edə bilərik.

Göz tökər israf ilə xunabə ləlin guya,

Kim, cigər dağında ol ləlin bulubdur mədənin.

Bu şeirdə gözün sel kimi axıtdığı (israf ilə tökdüyü) inci deyil, ləldir. Ləl, yaqut qanlı göz yaşlarının istiarəsidir. Göz yaşlarının bolluğunu bildirmək üçün şair yenə təşxis sənəti ilə canlandırdığı Gözün eşqdən alışıb yanan qəlb anlamına gələn cigərdə ləl mədəni tapdığını bildirir. Yenə təlil təxyili  sənəti işlənir. Şair xəyali bir səhnə ilə göz yaşlarının axmasını "izah edir".  Dağ basılmış, icərisində mədən olan qəlb, könül isə yenə Quranla bağlı xəyali obrazları canlandırır. İlahi təcəllidən parçalanan dağ Əraf surəsində anılır (ayə 143). Dağ obrazının sətir altında gizlənməsi həm adətən dağlarda yerləşən mədən anlamı ilə düşünülür.

Füzuli göz yaşı ilə bağlı çeşidli mənalar yaradarkən eşq qəminin çoxluğundan göz yaşlarının quruması, qəlb daşlaşdığından gözlərin ağlaya bilməməsi mənasına da toxunur. İnsanlara tanış olan bu deyim İslam ədəbiyyatında da əks olunmuş, Quran oxuyarkən ağlayan insanları görən Əbu Bəkrin: "Bir zamanlar biz bu cür ağlayardıq. Sonra qəlblərimiz daşlaşdı"-söyləməsi geniş yayılmış bir deyim olmuşdur. Füzulidə bu mənanın əksinə nəzər salar:

Qurutmuş qaliba şövq odu Fərhadın gözü yaşın,

Ki, gər axsaydı ləl eylərdi bişək Bisutin daşın.

Göründüyü kimi, hər bir yaşı, suyu qurudan od olduğu kimi, Fərhadın göz yaşlarını qurudan da oddur - qəlbini yandıran eşq odu. Əgər bu od aşiqin - Fərhadın göz yaşlarını qurutmasaydı qanlı göz yaşları Bisutin dağını lələ çevirərdi, yəni qıp-qırmızı edərdi.

Gövhəridir eşq bəhrinin, Füzuli, ab-i çeşm,

Leyk bir gövhər ki, Lütf-i Həqq onadır müştəri. (Q.)

Ab-i çeşm göz yaşını bildirir. Şair göz yaşının eşq dənizində gövhər olduğunu bildirir. Bir az öncə qeyd etdiyimiz kimi, geniş yayılmış bir rəvayətə görə, Allah bütün məxluqatı bir dürrdən, gövhərdən yaratmışdır. Məhz buna görə , şair Lütf-i Həqqin bu gövhərə müştəri olduğunu, yəni ona lütf dolu nəzər saldığını bildirir. Bu şeir bir qədər əvvəl bəhs etdiyimiz Nur-i Məhəmmədlə bağlı fikirlərə, xüsusilə İlkin Gövhərin kosmoqonik mahiyyəti ilə bağlı deyimlərə çox uyğun gəlir.

Bütün bu obrazlar, çalarlı poetik ifadələr bir daha Füzuli sənətinin ecazkarlığından, onun şair təxəyyülünün intəhasızlığından xəbər verir.

 





05.12.2013    çap et  çap et