525.Az

Fərid Şəfiyev: “Karantin rejiminin aradan qaldırılması dövlətdən yox, bizdən asılıdır"


 

Fərid Şəfiyev: “Karantin rejiminin aradan qaldırılması dövlətdən yox, bizdən asılıdır"<b style="color:red"></b>

Koronavirusun (COVİD-19) qlobal şəkildə yayılması prosesi davam etməkdədir. Virusun yayılmasının qarşısını almaq məqsədilə ölkələr müxtəlif sahələrdə qadağalar tətbiq etmək məcburiyyətində qalır. Bu isə qlobal şəkildə iqtisadi aktivliyi zəiflədərək ümumi iqtisadi artım göstəricilərinin pisləşməsinə və geo-siyasi vəziyyətin gərginləşməsinə yol açmış olur.

Bunu 525-açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) sədr Fərid Şəfiyev deyib. O bildirib ki, Azərbaycan da bir sıra digər ölkələrinin təcrübəsindən istifadə edərək, oxşar tədbirlər görür.  Dövlətimiz koronavirus xəstəliyinin ölkəmizdə yayılmasını önləmək üçün bütün mümkün tibbi-sanitar və ictimai təhlükəsizlik tədbirlərini həyata keçirir: “İqtisadi sahədə isə Prezident və hökumət tərəfindən vacib tədbirlər həyata keçirilir.  Bu gün koronavirus pandemiyasının daha geniş şəkildə yayılmaması üçün xüsusi karantin rejimi tətbiq edili. Düşünürəm ki, hökumət tərəfindən elan olunan qaydalara hamımız riayət etməliyik. Nizam-intizam bələ böhran hallarında son dərəcə vacibdir. Təbii ki, pozulma halları qəbuledilməzdir. Karantin rejiminin aradan qaldırılması dövlətdən yox, bizdən asılıdır. Qaydalara riayət etsək, yoluxma hallarını azaltsaq, vəziyyətin yaxşılaşdırılmasına səbəb olarıq”.

F.Şəfiyev qeyd edib ki, rəhbəri olduğu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin heyyəti  Nazirlər Kabinetinin 20 mart tarixli qərarı ilə  martın 29-dan etibarən bir ay müddətinə məzuniyyətə buraxılıb. Hazırda onlayn formada işlər davam etdirilir, dövlət qurumlar üçün müvafiq arayışlar hazırlanır, ictimaiyyət üçün məqalələr dərc olunur.  Onun sözlərinə görə, hər kəs kimi o da özünütəcrid çağırışlarına əməl edir: “Müvafiq qaydalara əməl edirəm, işi əsasən evdən davam edirəm. İndi yaradıcılığa və ədəbiyyat oxumağa daha imkan var. Onlayn elmi təmasları davam etdirirəm. Bir çox beyin mərkəzləri belə üslublara keçiblər. Ən əsas səbirli olmaq, öz və yaxınlarımızın sağlamlığını qorumaq lazımdır”.  

F.Şəfiyev COVİD-19 pandemiyasının bitməsindən sonra dünya düzəninin necə dəyişəcəyi və normal həyata qayıdışa dair fikirlərini də bildirib. Onun sözlərinə görə, COVID-19 pandemiyası dünyada böhran yaratdığı bir vaxtda çox sayda ekspertlər ölkələrin və digər aktorların davranışlarında dəyişikliklərin olacağını proqnozlaşdırırlar. Bəziləri ölkələr arasında sərhədlərin bağlanması ilə qloballaşma təhlükəsinə dair xəbərdarlıq edir, digərlər ksenofobiya, milliyyətçilik və rasizmin yeni dalğasının baş qaldıracağı ehtimalını irəli sürürlər. Həmçinin qlobal böhran fonunda böyük güclər arasında rəqabətin artacağı yönündə proqnozlar da var. Lakin dünyanın beynəlxalq əlaqələr sistemində hər hansı köklü dəyişiklər baş verməyəcək: “COVİD-19 infeksiyası ilə 1918-1919-cu illərdə yayılmış İspan qripi pandemiyasının müqayisəli təhlilini aparır. Bu pandemiyadan sonra bir sıra ölkələrin milli səhiyyə sisteminin yenidən qurulmasına baxmayaraq beynəlxalq münasibətlər sistemində əsaslı dəyişiklik müşahidə olunmadı. Dünya BMT-nin sələfi olan Millətlər Liqasının yaranmasına və dağılmasına şahid oldu. 1939-1945-ci illərdə daha bir dünya müharibəsi baş verdi. I Dünya Müharibəsi İspan qripinə nisbətən beynəlxalq münasibətlərdə daha çox dəyişiklik yaratdı. Koronavirusdan sonrakı dövrdə bəzi ölkələrdə baş qaldıracaq iqtisadi böhran yeni regional münaqişələrə səbəb ola bilər. Lakin bəşəriyyət bu virus və ya digər yoluxma nəticəsində ərzaq çatışmazlığı ilə qarşılaşmadığı müddətdə dünya ciddi şəkildə dəyişməyəcək. Ölkələrin bu pandemiya ilə necə mübarizəsinə dair bir sıra müzakirələr aparılır. Bəzi ekspertlər dünyanın gələcəkdə də bu kimi viruslarla qarşılaşa biləcəyini əsas tutaraq  COVİD -19 pandemiyasından sonra  hansı nəticələrin çıxarılmalı olduğuna diqqət çəkir. Görünür, bu böhran xüsusilə virusun ilkin dövrlərində informasiya çatışmazlığı səbəbindən daha da şiddətlənib. Böyük dövlətlər resursların səfərbər olunması və pandemiyanın və iqtisadi böhranın nəticələrinin yüngülləşdirilməsi baxımından daha çox təminatlıdır. Eyni zamanda yüksək səviyyədə səhiyyə sistemi əhalinin daha yaxşı tibbi imkanlardan yararlanması üçün vacibdir”.

F.Şəfiyev hesab edir ki, bu pandemiyadan sonra cəmiyyətlərin “yeni normalar”a keçməsi ilə “normal həyata qayıdış” prosesi başlayacaq. Əksər ölkələrdə siyasi düzən və beynəlxalq əlaqələrin hazırki forması olduğu kimi qalacaq. Eyni zamanda bəzi ölkələr öz səhiyyə sistemlərini və fövqəladə hadisələrə reaksiya imkanlarını daha da təkmilləşdirəcəklər. Təhsil və biznes mühitində onlayn platformalardan istifadə daha da artırılacaq: “BMT, o cümlədən Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı qlobal böhranlar dövründə daha vacib qurumlara çevrilir. Beynəlxalq səhiyyə orqanları, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatının işi, o cümlədən milli səhiyyə sistemləri daha da gücləndirilməlidir. COVİD-19 pandemiyası bioloji müharibənin baş verəcəyi ilə bağlı müzakirələrə yol açıb. Lakin bu ideyalar yeni deyil. Bioloji silahlar I Dünya Müharibəsindən sona qadağan edilib. Bu qadağa 1972 və 1993-cü illərdə  bu silahların istehsalı və tədarükünün kriminallaşdırılmasına dair qanunlarla daha da gücləndirilib. COVİD-19-un yayılması onu göstərdi ki, bioloji silah heç bir ölkəyə güzəştə getməz və hətta silahı buraxan ölkəni də yoluxdurar”.

Fərid Şəfiyev vurğulayıb ki, bütün hallarda dünya gözlənilən iqtisadi böhranın simasında COVİD-19-un təsirlərini hiss edəcək, lakin bəşəriyyət bu problemlə əvvəllər də qarşılaşıb. Dünya liderləri milliyyətçiliyin növbəti dünya müharibəsinə yol aça biləcəyi səviyyəyə çatmasının qarşısını alacağı təqdirdə bu problem idarə oluna bilər.

S.QARAYEVA

 

 





11.04.2020    çap et  çap et