525.Az

Böyük ağdamlı olmaq arzusu - Vüqar Tofiqli yazır


 

Böyük ağdamlı olmaq arzusu - <b style="color:red">Vüqar Tofiqli yazır </b>

Nizami Sadıqovun 70 illik yubileyinə 
 
Yaxın dostlarından biri məslislərdən birində Xalq şairimiz Musa Yaquba   giley-güzar edir ki, uzun illərdir dostluq edirik, niyə mənim də adımı heç olmasa bir şeirində çəkmirsən. Şair yerində qurcalaqlanıb belə cavab verir: “Çəkmişəm, ömür vəfa eləsə, bir də çəkərəm”. Şair bu cavabıyla dostunu əslində, yola verir. Təxminən on il birgə çalışdığım sevimli şairimizi həm də insan kimi yaxından tanıdığımdan bilirəm ki, bir çoxlarından fərqli olaraq o, şeiri ağlının diqtəsi ilə yox, ürəyinin səsi ilə yazır.

Mən də belə bir məktəb keçdiyimdən bu kiçik yazıda məhz sevimli şairimiz kimi ürəyimin səsini dinləyib bəzi məqamları qeyd etmək istərdim. Niyyətim son bir neçə ildə ən çox fikir mübadiləsi apardığım, qonşum olan bir insan haqqında ürək sözlərimi yazmaqdır. Həm də ona görə ki, o əziz insanın 70 illik yubileyidir.

Bəli, aprelin ayının 12-də onun 70 yaşı tamam olur. 25 ilə yaxın daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə çalışıb. Polkovnik rütbəsində təqaüdə çıxıb. Sonra beş ilə yaxın icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb – mənim üçün hər şeydən əziz olan Ağdam rayonuna rəhbərlik edib. Tanıyanlar yəqin bildi, Ağdam Rayon İcra hakimiyyətinin sabiq başçısı Nizami Sadıqov haqqında söz açacağam.

Bəli, söhbət sabiq məmurdan gedir. O məmurdan ki, vəzifəsini tərk etdikdən sonra çalışdığı rayonun əhalisinin ona olan hörməti, izzəti birə beş artıb. Bu gün o, məclislərə həmişəkindən daha ürəklə gedir, gənclərlə öz təcrübəsini paylaşır.

Təkrar olsa da deyəcəm, Ağdamının işğal altında olmayan hissəsinin dirçəlişi məhz onun rəhbərliyi dövründə başladı. O, dövlət başçsının onun qarşısında qoyduğu bütün tapşırıqları layiqincə yerinə yetirməklə rayona sakinlərinin dövlətə olan sevgisini artırmış oldu. Çalışdığı dövrdə çoxsaylı layihələrin icrasına rəhbərlik edən Nizami Sadıqovun ən yaddaqalan addımlarında biri də Ağdamın işğalının 20-ci ildönümündə onminlərlə insanın iştirak etdiyi yürüş idi.

Ağdamın tarixini dərindən bilən, habelə rayonda və şəhərin özündə formalaşan böyük ağdamlı fikrini geniş ictimai müzakirəyə çıxaran Nizami Sadıqov bu gün təqaüddədir. Ancaq Vətəninin bir parçası olan Ağdamının, habelə doğulub boya-başa çatdığı Sarıhacılı kəndinin erməni işğalı altında olması onu rahat yatmağa qoymur. Odur ki, harada olmasından asılı olmayaq doğma Ağdamının təbliği ilə bu gün də məşguldur. Nizamı müəllimin təşəbbüsü ilə aqdamlı.az saytı yaradılıb. Nizami müəllim Ağdam rayonuna rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi bütün layihələri məhz həmin sayta yerləşdirməklə təcrübəsini paylaşmış olur.

İndiki bir çox məmurlardan fərqli olaraq Nizami Sadıqovun ən ümdə cəhətlərindən biri də sözünün hökmünün olması və daima verdiyi sözü tutmasıdır.

Belə bir əziz gündə büyk el adamı, gözəl ailə başçısı Nizami Sadıqova nə arzu edərdim?

Nizami müəllimə ilk növbədə doğulduğu Sarhacılı kəndinin, böyük Ağdamının bərpasında yaxından iştirak etməsini arzulayıram. İnanıram ki, “biz birlikdə daha güclü olduğumuzdan” bir gün mütləq doğma torpaqlarımızı işğaldan azad edəcək, Ağdama böyük qayıdışla bağlı nəzərdə tutduğumuz bütün layihələrin icrasını gürçəkləşdirə biləcəyik!..

“525”dən: 70 illik yubileyi münsibəti ilə hörmətli Nizami Sadıqovu təbrik edir, yubilyara sağlam və mənalı ömür arzulayır, Ağdamla bağlı bütün azularının tezliklə reallaşmasını diləyirik.

 





11.04.2020    çap et  çap et