525.Az

COVID-19 insan hüceyrələrində gizli qala və yenidən aktivləşə bilər


 

COVID-19 insan hüceyrələrində gizli qala və yenidən aktivləşə bilər<b style="color:red"></b>

Cənubi Koreyada COVID-19 infeksiyasından tam müalicə almış 95 nəfərdə yenidən koronavirus aşkarlanıb.

AZƏRTAC Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Tədbirləri Mərkəzinin məlumatına istinadla xəbər verir ki, həmin şəxslərdən COVID-19 infeksiyasının müəyyən edilməsi üçün götürülmüş analizlərin cavabları müsbət olub. Səhiyyə qurumu bu cür halların qeydə alınmasının müalicəsi başa çatıb sağalan bütün şəxslərin yenidən virus testindən keçirilməsini aktuallaşdırdığını açıqlayıb.

Virusoloq və epidemioloqlar həmin insanlarda virusun yenidən aşkarlanmasının təkrar yoluxma və ya düzgün aparılmayan müalicədən deyil, bədəndə virusun fəallaşma ehtimalı ilə bağlı olduğunu söyləyirlər. Onlar COVID-19 virusunun orqanizmin müəyyən hüceyrələrində gizli qala və yenidən aktivləşərək tənəffüs orqanlarına hücum edə biləcəyini güman edirlər.

Qeyd edək ki, COVID-19 infeksiyasının meydana çıxdığı ilk vaxtlarda Cənubi Koreya yoluxanların sayına görə Çindən sonra ikinci idi. Amma sosial izolyasiya və xüsusən ölkənin test etmə imkanları sayəsində Cənubi Koreya virusun sürətlə yayılmasının qarşısını ala bilib. Son məlumata əsasən, ölkədə virusa yoluxanların ümumi sayı 10 min 480 nəfərdir. İndiyədək 7 mindən çox xəstə sağalaraq xəstəxananı tərk edib. Son 2 sutka ərzində yeni yoluxmaların sayı 30-dan aşağı olub. Halbuki fevral ayında bu rəqəm bəzən 900-ə çatırdı. Xaricdən virus axınının qarşısını almaq üçün aprelin 1-dən etibarən ölkəyə gələn bütün sərnişinlər 14 günlük məcburi karantinə cəlb olunur. Son 2 həftədə ölkədə qeydə alınmış 1000 yoluxma halının təxminən yarısı xarici mənşəlidir.

 





11.04.2020    çap et  çap et