525.Az

Yuxu - Səxavət Tağların hekayəsi


 

Yuxu - <b style="color:red">Səxavət Tağların hekayəsi</b>

Yaz gecəsi. Ayın işığı hər tərəfə işıq saçırdı. Qulam pandemiya və onun karantin rejminin həyacanı ilə bağ-bağatının içindəydi. Çiçəkdə olan meyvə ağaclarını seyr edib, "evdəqal"a birmənalı qoşulmağı düşünürdü. Birdən çöl qapı döyüldü.

- Taq, taq...

Qulağını qapıya tutub, ani olaraq " Bu vaxtı kimdi?"- deyə, düşündü. Taqqıltı kəsmirdi.

- Aç qapını, aç...

- Kimdi?

- Aç, görəcəksən...

Gözlənilməz qonağa qapını açdı. Bu libasda, sir-sifətindən zəhrimar yağan adam görməmişdi, buruq saçlı.

- Eşidirəm.

- Bir bayıra çıxsana...

- Yox, mən bayıra çıxa bilmərəm. Korona adlı virus var, qorxuram! Bir də karantin...

... Nursuz, saçları buruq-buruq adam içəri keçdi. Salam deyib, əl uzatdı. Qulam sol əlini ürəyinin üstə qoyub, salamı aldı. Qonaq əlini aşağı saldı. Hiss etdi ki, Qulam ara məsafəsi saxlayır. Odur ki, qəzəbli halda:

- O dediyin koronavirus mənəm, əzrail qiyafəsində gəlmişəm- deyib, özünü təqdim etdi.

Qulamın canına üşütmə düşdü. İstədi evə qaçsın. Düşündü arxamca gəlib, övladlarıma da xətər yetirər. Odür ki, gücünü toplayıb:

- Həə, korona baba!- deyə bildi.

- Baba nədi? Baba qan qardaşlarım elu, nezle, pucavra, donuz, quş və at kiripləridir. Görmürsən, mən gəncəm, dünyaya meydan oxuyuram...

- Həə...

- Həylləmə.

Əzrail-korona bir az irəliləyib, Qulamın gül kollarının içinə keçdi. Gül-çiçəklərdən, göz oxşayan bağ-bağatdan məmnun oldu. Əl uzadıb bir gül üzdü və iyləyə-iyləyə:

- Bəh-bəh! Nə gözəl ətri var. Səni döşümdə dəyanətli dayandıran, antikorona təbliğatına aparan da elə bu gözəllikdir! Hamsını yox edəcəm!- deyib, gülü Qulama uzatdı. Qulam istədi alsın, ancaq...

- Ay gənc korona! Sizin qorxunuzdan hamıyla ara məsafəsi saxlayıram, heç kimin əlindən nəsə almıram, incimə...

Saata yaxın söhbət keçdi. Qulam karantin rejminin heç bir qaydasını pozmadı. Qonaq əsəbindən saralıb-solmuşdu, müvazinətini saxlaya bilmirdi. Yanını qapıdakı skamyaya qoyub " Mənə su, su verin!" dedi. Qulam su arxasınca getsə də qulağı onun mızıltısındaydı: " Bu hökumətin təbliğatı bizim qılıncımızdan itidir. Gör e, nə əl görüşdü, nə verdiyim gülü aldı, nə də yaxına gəldi..."

Qulam geri dönəndə əzrail- korona yerə sərilmişdi, gözləri bərəli, dişləri çöldə idi. İstədi 102-yə zəng vursun...

... Hövlanak yuxudan ayıldı. Qan-tər içində bunların korona qorxulu yuxu olduğunu görüb sevindi:

- Ay Allah özün xalqımıza kömək ol! - deyə, Ulu Tanrıdan imdad istədi.

 





13.04.2020    çap et  çap et