Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax rayon Xaldan kənd uşaq musiqi məktəbi mövcud pandemiya ilə əlaqədar dövlətin “evdə qal” çağırışına öz töhfələrini verməkdədir.
Direktor Rəfail Məmmədovun rəhbərliyi ilə tədris hissə müdiri Elanə Nəcəfova, məktəbin qabaqcıl müəllimləri Minarə Yunusova, Ülviyyə Kərimova və İradə Cəfərova bu günlərdə həm müxtəlif videoçarxlar hazırlayaraq Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin layihələrinə dəstək olur, həm də dərsləri onlayn rejimdə davam etdirirlər.
525.az-a açıqlama verən Elanə Nəcəfova deyib ki, məktəb rəhbərliyi və müəllim kollektivi sosial izolyasiya layihələrindən kənarda qalmamağa, müxtəlif videoçarxlar hazırlayaraq həm şagirdlərinin, həm də sosial şəbəkədəki izləyicilərinin evdə keçirtiyi günləri maraqlı etməyə, eyni zamanda, yaşlı və aztəminatlı ailələri diqqətdən kənarda qoymamağa çalışır.
“Mədəniyyət” kanalı ilə Mədəniyyət Nazirliyinin birgə “Bizi birləşdirən mədəniyyət” layihəsi çərşivəsində Qara Qarayev və Fikrət Əmirov həftəsi elan edilib. Hazırda Xaldan kənd uşaq məktəbi də bu bəstəkarlarla bağlı maraqlı videoçarxlar hazırlayır.
Sosial şəbəkələrdə məktəbin hazırladığı bir videoçarx isə daha çox diqqət görüb. “Evdəqal” videosunda musiqi məktəbinin fəal şagirdlərindən olan Tamara, Ülviyyə, Nərmin, Leyla, Mələk, Sevda, İradə, Fatimə hərəsi öz evində müxtəlif rəqslər edirlər. Bu rəqslər həm Azərbaycan, həm də dünya xalqlarının (qaraçı, ispan, özbək, hind və s.) rəqsləridir. Sonra isə həmin şagirdlər hər biri yenə öz evində əllərində “evdə qal” çağırışı yazılmış vərəqlərlə birgə “Yallı” rəqsini oynayırlar. Bu zaman videonu hazırlayan məktəbin fortepiano müəllimi Ülviyyə Kərimova Azərbaycanın ən qədim rəqslərindən olan “Yallı”nın tarixi haqqında məlumat verir. Sonda isə hər kəsi bir olub, birlik olub, dövlətin “evdə qal” çağırışına əməl etməyə çağırırlar: “Yallı” əl-ələ verib, bir olmaq, birlik olmaq mənasını daşıyır. Bu gün biz əl-ələ verə bilməsək də, əminəm ki, gələcəkdə birlik rəmzi olan “Yallı”nı sizlərlə birlikdə rəqs edəcəyik. Evdə qalaq, sağlam olaq!”
Şahanə MÜŞFİQ
çap et