525.Az

Tanınmış alimdən Azərbaycan ictimaiyyətinə məktub


 

Tanınmış alimdən Azərbaycan ictimaiyyətinə məktub<b style="color:red"></b>

Əziz həmvətənlərim!

Bu məktubu  bir həftəliyə  gəldiyim, lakin uçuşların dayandırılması ilə əlaqədar az qala bir aydır ki, məcburən  qaldığım bir Avropa ölkəsindən yazıram. Ölkəmizdəki yaranmış vəziyyəti, dövlətimiz tərəfindən görülən genişmiqyaslı tədbirləri televiziya kanallarından, kütləvi informasiya vasitələrindən, xüsusən “525-ci qəzet”in saytından hər zaman  izləyirəm. Əlbəttə, uzun illər yüksək diplomatik vəzifələrdə dövlətimizə qulluq edən bir vətəndaş olaraq bu ağır günlərdə ölkəmizdə olmağı çox istərdim.  Əminəm ki, mənim kimi müxtəlif xarici ölkələrdən səbirsizliklə geri qayıtmağı gözləyən  yüzlərlə vətəndaşımızın, soydşımızın ürəyi, bu gün ulu öndər Heydər Əliyevin ifadə etdiyi kimi, Vətənlə bir döyünür.

Məlumdur ki, bütün bəşəriyyət kimi, xalqımız da öz tarixinin çətin sınaq dövrünü yaşayır. Lakin bu çətinliklər eyni zamanda vətəndaşlarımızın belə bir inamını bir daha təsdiqlədi ki, dövlətimiz hər zaman olduğu kimi, bu  ağır günlərdə də hər bir vətəndaşımızın yanındadır, uşağın da, qocanın da, işsizin də, sahibkarın da, xəstənin də, sağlamın da. Müşahidələrimə əsaslanaraq qətiyyətlə deyə bilərəm ki, dövlətimizin həyata keçirdiyi tədbirlərin miqyası, əhatəliliyi, ardıcıllığı, sosial mahiyyəti qabaqcıl Avropa olkələrində bu sahədə görülən işlərdən xeyli dərəcədə üstündür. Lakin, burada insanların qoyulan məhdudiyyət qaydalarına yüksək məsuliyyətlə yanaşmaları, özünütədric və sosial məsafə saxlamaları diqqəti cəlb edir və bunlar xüsusi nəzarətçilər olmadan həyata keçirilir.

Düşünürəm ki, belə bir böhranlı məqamda bütün dünyanı həyəcanda saxlayan pandemiyaya qarşı  mübarizədə dövlətimizə, müvafiq dövlət qurumlarına bütün xalqın könül və iş birliyi ilə, qoyulan məhdudiyyət qaydalarına dəqiq əməl etməklə, fərdi və kollektif intizam nümayiş etdirməklə yardımçı ola bilərik.

Şübhəsiz ki, ölkəmizdə indiyə qədər koronavirusla mübarizədə həyata keçirilən önləyici fəaliyyətlər, vaxtında tətbiq edilən karantin tədbirləri, yoluxmaların müəyyən edilməsi və müalicəsi, müayinə və müalicə vasitələrinin, zəruri tibbi cihaz və avadanlıqların  xarici ölkələrdən alınıb gətirilməsi, on minlərlə şəxsin testlərdən keçirilməsi, bunlarla yanaşı, ölkəmizin iqtisadiyyatına dəyən zərər və itkilərin qarşılanması, əhalinin sosial müdafiəsi tədbirləri dövlətimizin külli miqdarda vəsait sərf etməsinə səbəb olmuşdur və bu xərclər günbəgün artmaqdadır. Belə bir şəraitdə vətəndaşımızın da dövlətə dəstək göstərməsinə təbii ehtiyac vardır. Ölkənin müdrik rəhbəri, eyni zamanda xalqın sadə və təvazökar xidmətçisi olduğunu hər zaman isbatlayan, ilk gündən dövlət qurumlarını səfərbər edərək yaxınlaşan fəlakətə qarşı səmərəli qabaqlayıcı tədbirlərin görülməsinə rəhbərlik edən  Azərbaycan Prezidenti cənab İlham Əliyevin  parlaq nümunə göstərib bir illik əmək haqqını Koronavirusla mübarizəyə Dəstək Fonduna keçirməsi imkanlı-imkansız bütün vətəndaşlarımızı riqqətə gətirdi. Qısa müddətdə , istər ünvanlı, istərsə də anonim şəkildə edilən ianələrin miqdarı yüz milyon manatı  ötüb keçdi və bu məbləğ hər gün artmaqdadır. Dəstək Fonduna toplanan yalnızca böyük bir maliyyə vəsaiti kimi görünməməlidir. Bu, daha çox xalqımızın dövlət başçısına yüksək inamının, ölkəmizin təhlükəsizliyi naminə daxili birlik və həmrəyliyin parlaq təzahürüdür. Fonda bir manatdan başlamış  bir milyon manatadək ianə keçirən vətəndaşlarımız, soydaşlarımız bu fəlakətlə ümumxalq mübarizəsində az da olsa,  paylarının olmasını istəyirlər.

Mən əminəm ki, dövlətimizin həyata keçirdiyi sistemli, ardıcıl və qətiyyətli tədbirlər nəticəsində, fədakar həkimlərimizin, cəsur polislərimizin, həyat üçün zəruri xidmət sahələrinin çalışqan işçilərinin, xarici ölkələrdə çətin şəraitdə soyaşlarımızın qayğısına qalan və peşə vəzifələrini vicdanla yerinə yetirən diplomatlarımızın, bir sözlə bu mübarizədə hər hansı şəkildə iştirak edən, maddi ya mənəvi dəstək verən hər kəsin zəhməti öz bəhrəsini verəcəkdir və ölkəmiz bu fəlakətdən daha az itki ilə qurtaracaqdır.

Dövlətimizin bu pandemiyaya qarşı mübarizə üçün heç nəyi əsirgəmədiyinə əmin olduğumu vurğulamaqla yanaşı, düşünürəm ki, Dəstək Fonduna bağışlar davam etməlidir. Biz Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, söz yox ki, bir çox dövlət qurumları ilə müqayisədə nisbətən az əmək haqqı alanlar sırasındayıq, lakin bu o anlama gəlməməlidir ki, on iki minlik böyük bir kollektiv bu milli əhəmiyyətli mübarizədən  kənarda qala bilər. Əksinə, elmi işçinin efirdə və mətbuatda səsləndirdiyi hər bir fikir və çağırış, halal zəhmət haqqından etdiyi hər bir miqdar ianə daha çox dəyərə malikdir. Mən xaricdə olsam da, bu mübarizədə  azacıq payım olsun deyə  əmək haqqı kartımdan bir aylıq maaşımı Dəstək Fondunun hesabına keçirdim. Əminəm ki, yüzlərlə AMEA əməkdaşı artıq ianələr etmişdir, etməyənlər də imkanları daxilində öz töhfələrini əsirgəməyəcəklər. Üstəlik, unutmayaq ki, bizim sağlamlığımızın qayğısına qalan dövlətimiz  aprel ayında işə çıxmadan bütün AMEA əməkdaşlarına tam əmək haqqı almaq imkanı yaratmışdır. Bu ağır və məsuliyyətli vaxtda bütün xalqımıza sağlıqlı həyat, dövlətimizə bundan sonra da davamlı inkişaf və yüksəliş arzulayıram.

Dərin hörmətlə

Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, Fövqəladə və səlahiyyətli səfir

 

 

 





16.04.2020    çap et  çap et