525.Az

İşləməyi problem edənlər - Rəşad Süleymanov yazır


 

İşləməyi problem edənlər - <b style="color:red"> Rəşad Süleymanov yazır</b>

Koronavirus pandemiyası ilə bağlı iş yerlərini itirən, işsiz vətəndaşlara 190 manat yardımın verilməsinə başlanıb. Yardım xəbəri yayılar-yayılmaz minlərlə vətəndaş ərizə yazıb müraciət eləyib. Buna sözüm yoxdur. Hər bir vətəndaş dövlətin yardımından bəhrələnmək istəyir. Müəyyən olunmuş kriteriyalara cavab verirsə, əlbəttə, dövlət yardım edəcək.

Kənd yerində yaşayan, adına pay torpağı olanlara yardımın verilməyəcəyi açıqlanandan sonra sosial şəbəkələrdə və mediada müzakirələr qızışıb. Bunu kəndliyə “haqsızlıq” kimi yozan ekspertləri imkan olanda kəndlərlə həqiqi tanışlığa dəvət edirəm. Subyektiv fikrimdir, millətə pul verdikcə, ələbaxımlılığa öyrənir. Ələbaxımlılıqsa tənbəllik yaradır, insan inkişafdan qalır.

Elə özümüzdən deyim. Kəndimizdə 10 min əhali var. Allaha şükür, torpağı məhsuldar, suyu bol. Adam var, 1 hektar həyətyanı sahəyə, hektarlarla pay torpağına sahibdir. Ötən gün marketdə 10 dəqiqənin içində 5-10 nəfərin “göyərti varmı” sualınını şahidi oldum. Kənd camaatının yarısı marketdən göyərti, tərəvəz, broyler toyuğu, broyler yumurtası alır. Niyə?

Bizim Qarabağın insanları zəhmətsevərdir, işləkdir, daşdan pul çıxarmağı bacarandır. Amma və lakin... Müharibədən sonra verilən müəyyən yardımlar, çörəkpulu, istehlak edilən elektrik enerjisinin və qazın pulunun bir hissəsinin dövlət tərəfindən kompensasiya olunması, son illər verilən ünvanlı sosial yardım camaatın böyük hissəsini ələbaxımlılığa öyrədib. Onlarla, yüzlərlə adam tanıyıram, təsərrüfatı ilə məşğul olmaq yerinə işi-peşəsi səhərdən-axşama çayxanalarda domino oynamaqdır. Dindirsən, siyasətdən, iqtisadiyyatın inkişafından nəzəriyyələr danışar, amma baxımsızlıqdan həyətini, pay torpağını ot-alaq basıb. İndi belə vəziyyətdə düşüb əl-ayağa ki, dolana bilmirəm.

Tərifləmək çıxmasın, atamın 67 yaşı var. Təqaüdə çıxanadək müəllim işləyib. Həyətimizdən tərəvəz, bostan, meyvə əskik olmayıb. Hətta qohum-əqrabaya da bolluca pay vermişik.

Kəndin çox üstünlükləri var. Həyətində öz ailənə bəs edəcək qədər məhsul yetişdirə bilərsən. Kənd təsərrüfatı ilə məşğul olanlar bir çox vergilərdən azad edilib. Kompensasiyalar verilir. Başqa nə lazımdır?
Karantin həyət-bacada təsərrüfatla məşğul olmağa şərait yaradıb. Evdə televizor qarşısında oturana, yaxud internetdə hansısa müğənninin dedi-qodu söhbətlərinə tamaşa edənədək o insanlar faydalı bir işlə məşğul ola bilməzlərmi?

Dövlət baba o 190 manatı imkansız, heç dolanışığı, işi olmayan vətəndaşına verməlidir. Hansı ki onun işləmək imkanı bu və ya digər formada yoxdur.

İndi 190 manata göz dikənlərin çoxu "ver yeyim, ört yatım" prinsipi ilə yaşayan insanlardır. Sabah karantin götürüləndən sonra yenə səsləri çayxanalardan gələcək.

İşləməklə bağlı söylənilən istənilən “şərait yoxdur” ifadəsi sadəcə, bəhanədir. Baxımsız torpaqları iş bacaran insanlar əvvəl icarə ilə, sonra da satın alıb istifadə edəcəklər. Necə ki, artıq bu proseslər başlayıb. Hətta şəhərdən gəlib, kiçik bir investisiya ilə rayonda kənd təsərrüfatı sahəsində biznes quranlar var. Vəzifəli şəxs görmüşəm, işdən sonra, yaxud bazar günləri ayağında uzunboğaz rezin çəkmə təsərrüfatında çalışır.

Yaxın bir dostum Sumqayıtdan köçdü rayona. Bir neçə ildir, yonca əkir. Torpağı da yox idi. Sağlığına qismət, işləməyən sakinlərin pay torpaqlarını icarəyə götürüb, işini qurub. İmkan versələr, ordunun qarşısındakı minalı neytral zonanı da şumlayıb əkər. Kəndə bələd olanlar bilir, bir yonca bağının qiyməti 4-5 manatdır. Niyə də yox?

Qarabağın əksər kəndlərində, o cümlədən bizdə oxumaq, təhsil almaq ənənədir. Qonşunun uşağı universitetə daxil olub, mənimki niyə olmasın? Bu rəqabət həqiqi mənada gözəldir. Hər il məktəbi bitirən 150-200 gəncdən 70-ə qədəri ali təhsil müəssisələrinə daxil olur. Bir neçə ildir, məzunların seçdikləri universitetlərə baxıram: İqtisad Universiteti, BDU, Tibb Universiteti, bir neçəsi də Neft Akademiyası. Ali təhsil müəssisələrini bitirənlərdən 70-80 faizi öz ixtisası üzrə iş tapa bilməyib geri – kəndə dönür. Diplomu sandıqda toz basır.

Görünən budur ki, kənd yerinə uyğun ixtisas seçimini heç kim etmək istəmir. Hamı rahat ofis işi barədə düşünür.

Son 10-15 ildə bu 10 minlik kənddən bir nəfərin də Kənd Təsərrüfatı Akademiyasına daxil olduğunu eşitmədim. Halbuki kənddə baytara, aqronoma böyük tələb duyulur. Kənddə iki nəfər yaşlı baytar var, nəinki öz kəndimizə, ətrafdakı bir neçə yaşayış məntəqələrinə də xidmət göstərirlər.

Bu yaxınlarda aqrar biznesi olan bir iş adamı deyir ki, 3500 manat aylıq maaş, qalma yeri, qidalanma təminatıyla aqronom gəzir, tapa bilmir. Amma mühasib elanına iki yer üçün yüzdən çox müraciət olub.
Eyni tendensiya gənclərə də aiddir. Gününü telefonla keçirən gənclərə tövsiyə edirəm ki, oyuna, kino seyrinə, İnstaqrama, Feysbuka ayırdıqları vaxtı sərf edib proqramlaşdırma öyrənsinlər, internet-bizneslə maraqlansınlar. Faydası yoxdur.

Karantindən əvvəl rayonda yaşayan bir gənclə söhbət edirdim. Hərbi xidməti bitirəndən sonra “e-ticarət”lə maraqlanıb. “Amazon”da, “E-bay”da və adını unutduğum bir neçə platformada dropshippinglə məşğuldur. Aylıq gəliri də kifayət edəcək səviyyədədir. Deyir ki, tanıdığım gənclər arasında “e-ticarət”i təşviq edirəm, hətta öyrətmək istəyirəm. Amma bir-iki nəfərdən başqa heç kim maraq göstərməyib. Halbuki, əllərində smartfon, atadan-anadan aldıqları beş-üç manatı kontura, internetə verib vaxtlarını mənasız yerə sərf edirlər. İnternet üzərindən sərmayə yatırmadan görüləsi belə işlər çoxdur. Sadəcə maraq, səbir və öyrənmək lazımdır.  

İndi işsizlik deyilən problem yoxdur. Sadəcə, işləməyi problem edənlər var.


Rəşad SÜLEYMANOV

 





16.04.2020    çap et  çap et