525.Az

Bir şairin hekayələri - Ramiz Göyüşov yazır


 

Bir şairin hekayələri - <b style="color:red">Ramiz Göyüşov yazır</b>

Şairləri tanımaq, professor Rüstəm Kamal demiş, ilğım kimi olur. Bilmirsən haçan tanış olmusan, hansı məclisdə və ya hansı şeiri vasitəsilə.

Bir də görürsən ki, artıq həmin şair sənin axtardığın və ya gözlədiyin söz adamı imiş. Adilə xanımla da mənim tanışlığım elə belə olub. Bu yaxınlarda Azərbaycan Radiosunda "Sözdən söz" verilişində Adilə xanımla mən verilişin müəllifi, çox maraqlı söz adamı Mahəddin Əsgərin ortaq qonağı olduq. 45 dəqiqəlik veriliş bir göz qırpımında bitdi. Hiss etdim ki, Adilə xanım demək istədiklərinin, oxumaq istədikləri şeirlərin çoxunu deyə bilmədi. Elə bil ki, efir üçün, poeziya həvəskarları üçün darıxmışdı. Verilişdən sonra ayaqüstü qısa söhbətimiz oldu.

Ayrılanda əlində özü ilə gətirdiyi, vərəqləri bir neçə yerindən qatlanmış kitabını istədim. Məmnuniyyətlə hədiyyə etdi. Dedim ki, ola bilər nə vaxtsa bu şeirlər haqda bir yazı yarandı. Adilə xanımın sifətində bir təbəssüm yarandı...

Adilə Nəzərin haqqında yazacağım şeirləri onun sayca 8-ci kitabında - "Topla məni ilahi" adlı kitabında toplanıb. Bu topluda onun müxtəlif vaxtlarda yazdığı seçilmiş şeirləri yer alıb.

Topluda yer almış şeirlərin hər birində poetik istedadla yanaşı, həm də güclü müşahidə və dərketmə istedadının izləri görünür.

Bəs şeir, söz nədir Adilə Nəzər üçün? Əslində, elə hər şeydir. Həyatının mənasıdır. Yaşamaq fəlsəfəsidir.

Elə sözdən doğulub Adilə Nəzər. Vaxt olub ki, sözə görə canını oda yaxıb, bəzən əl uzatmağa insan tapmayanda sözün ətəyindən yapışıb qalxıb. Bəzən dəniz kimi dalğalanıb, coşub, fırtına qoparıb, çəmən kimi saralıb, solub. Buludun yerinə dolub, şimşəyin yerinə çaxıb. Bəzən də uzaq səfərdən qayıdıb gələn gəmilər kimi sahilə yan alıb. Ancaq hər dəfə söz onun xilaskarı, nicat yeri olub, sözün qüdrətinə söykənib.

Sehr sözdə olur, sirr sözdə olur,
Ən qiymətli gövhər, dürr sözdə olur.
Bu qəfəs dünyada, hürr sözdə olur,
Sözə əsir düşüb, azad çıxmışam. 

Lakin söz hələ təklikdə şeir deyil, hikmət deyil. Sözün qüdrəti o zaman ali məqama çatır ki, özü ilə qoşa işlənir, yerində oturur, sənətkarın istedadı və qüdrəti sayəsində öz məqamına yüksəlir. Adilə Nəzərin şeirlərindəki kimi. 

Sığınıram qoynuna sözün, zülmət gecələr,
Gərəksiz söz söhbətlər əslini tapmayanda.
İlham pərilərinin pay verdiyi hecalar
Dünya boyda dərdimin birinə çatmayanda.

***

Dözməyəndə sarılıb gah gözümün yaşına,
Gah da qələm-kağıza, boşaldıb hiddətimi.
Dəli duyğularım da, çıxır ocaq başına,
Sığallayır, ovudur, soyudur şiddətimi. 

Adilə Nəzər üçün şeir yazmaq bir az tanrıyla ixtilat-dostluq yaratmaq iltifatıdır, bir az da özünüifadə. Şairlik sözə məftunluq, vurğunluq sənətidir. Tanrının lütfü ilə insanın yaratdığı ən şirin, ən ülvi nemətdir. İnsanın ən incə, ən məhrəm hisslərinin ifadə formasıdır. Həm də onun "ömrünü uzadan nəfəsdir". 

"Şeir nə vaxt gələcəyini xəbər eləmir,
Ya əlin qum saatına yetişməyəndə,
Ya da ülvi bir qovuşma sonrası gəlir...
Amma şeirdən əvvəl ağrısı gəlir,
Baş alıb gedən uzaqlar kimi
- gözlərini yorur, baxışlarını dumanlandırır”

- deyir Adilə Nəzər.

Şairlik onun həyat, yaşam tərzidir. O, şeirlə nəfəs alır, şeirlə yaşayır, həyatının mənasıdır, onunla həmsöhbətdir, sirdaşdır, dərdlərini, gileyini, şikayətini, elə həm də sevincini şeirlə bölüşür. Xatirələrini şeirə danışır. Elə şeir də ona xatirələr danışır.  

Bizli xatirəni yusan yağışda,
Yandırsan yay günü, dondursan qışda,
Göz yaddaşındakı solan naxışda,
Yuxu kimi saxla, məni unutma.

İtsə xəyalımın canlı rəngi də,
Qəfildən görərsən bir gün güzgüdə.
Ovcunu açanda, qırıq cizgidə
Tale xətti oxlar səni, unutma. 

Adilə xanımın yazdığı şeirlər onun özüdür, tərcümeyi halıdır, özünün əksidir və bir çox hallarda onun lirik qəhrəmanı da özüdür.

Oxucularla bir qənaətimi də bölüşmək istəyirəm. Şairlərin şeirləri dünyaya sanki oğlan, şairələrin şeirləri isə qız uşağı kimi gəlir. Bu mənada Adilə Nəzər də istisna təşkil etmir:

Gecənin qaranlığına
ağ yağışlar yağır yenə...
Ruhumla ağlım arası
bir təzə hiss can çəkişir, -
havalanır mən adında fağır yenə.
Canımda bir dəli qız var,
dilində bir dəli söz var -
... Duyğuların tərcümanı
bir gözəl şeir doğulur,
sevgi sevincə boğulur... 

Və qəribədir, şeirlər də ən çox gecələr doğulur. Şeir doğulanda "şair yaşayır gecələr".

Adilə Nəzərin yaradıcılığında dünyaya gələn şeirlər həm hecada, həm də sərbəst vəzndə gəlir.

O, sərbəst vəzndə yazdığı şeirləri oğlan, heca vəznində yazdığı şeirləri isə nizam-intizamlı, nazlı-qəmzəli qıza bənzədir. Belə məqamlarda o, sərbəst şeirlərini qış, heca şeirlərini isə yaz fəsli kimi görür. Görünür, atalar misalında "qışın oğlan çağı, yazın qız çağı" deyimi elə belə işlənməyib və Adilə xanımın da şeirlərinin formaca bənzətməsi etnik yaddaşdan gəlir. 

Sərbəst şeirlərim oğlum kimidir,
Heca şeirlərim qızımdır mənim.
Bütün şeirlərim özüm kimidir,
Elə qış içində yazımdır mənim. 

Fikrimcə, Adilə xanımın bu deyimləri istər poeziyasevərlər üçün, istərsə də ədəbiyyat biliciləri üçün maraqlıdır, bənzətmə orijinal olmaqla həm də təbiidir, müəllifin tapıntısıdır.

Adilə Nəzərin şeirlərində qəribə deyim tərzi, qeyri-adi ifadə formaları var. Məncə, bu ifadələr ustalıqla yanaşı, poetik fəhm və göydən gələn pıçıltılardır. Onun məcazları, təşbeh və istiarələri yalnız ona məxsusdur.

Uyub rəngli dünyanın bir yetim seygahına,
Baxdım bu gün qəlbimin açıq pəncərəsindən,
Ruhumla bədənimin müddətli nigahından... 

Belə deyimləri onun şeirlərində nə qədər desən nümunə gətirmək olar. Və indi oğulsan gəl bu bağlamaları aç.

Məhəbbət mövzusu poeziyamızda ən qədim mövzudur. Bəlkə elə bu mövzu yaradıb şeiri. Əgər məhəbbət olmasaydı, bəlkə də poeziya olmazdı. Araşdırmalar və müşahidələr göstərir ki, məhəbbət şeirləri şairlərin ilk şeirlərinin mövzusu olub. 

Bu baxımdan məhəbbət mövzusu poeziyamızın əzəli və əbədi mövzusu olaraq qalacaqdır. Məncə, bütün şairlərin şeir dili məhəbbət şeirləri ilə açılır.

Bir həqiqət də aydındır ki, dünyada nə qədər insan var, o qədər də məhəbbət var və bu hisslərin heç biri də eyni deyil. Bu baxımdan şairlərin məhəbbət mövzusunda yazdığı şeirlərin məzmunu da, ifadə formasıda fərqlidir. Adilə Nəzərdə də belədir. Fərqli, özünəməxsus hiss və poetik ifadə.

“Topla məni ilahi” kitabının “Hekayələrim” bölümündə şairənin əsasən sevgi, məhəbbət şeirləri yer alıb. Bu şeirlərin hər biri Adilə xanımın öz dünyasından xəbər verir. O dünyasından ki, orada onun bir özü var və bir də yalnız onun özünə məlum olan lirik qəhrəmanı. "Mənim hekayələrim taa oralardan başladı, uşaqlıq illərimdən. Hekayə dediyimə baxma, ən kiçiyi romana bənzər” deyən Adilə Nəzərin bu şeirlərinin hər biri bir neçə bənddən ibarət olmasına baxmayaraq, doğrudan da ən kiçiyi bir həyat hekayətidir.

Şeirlər dinir, danışır, onların dili var, səsi var. Sadəcə duymaq, eşitmək lazımdır: 

Danış baxışınla beləcə, adam,
Sevgini üzünə, gözünə toxu.
Kimə olmasının ziyanı yoxdur,
Ünvansız yazılmış bir şeir oxu.

***

Qoyma bu sevginin çırası sönə,
Burax sağı-solu, hər yanı mənəm.
Uzaq bir vaditək soyuyan, donan,
Ünvansız şeirinin ünvanı mənəm. 

Kitabın bu bölümündə sanki hər səhifədə bir bənövşə, nərgiz, yasəmən ətri var və həmin ətirlər həm də həmin səhifələrdə baş tutmayan sevgidən qoparaq, quruyub şeirlərin arasına tökülmüş ləçəklərin ətridir. 

Kitabın arasında bir xatirə zolağı
gördüm quru çiçəkdən,
çağladı göz bulağım.
Xəyallarım açıldı arı qonan gül kimi,
Külək dağıtdı məni sənə tərəf kül kimi. 

Belə göynərtili şeirlər bir deyil, beş deyil. Hamısında da müəllifin ürək çırpıntıları.

Hansı fəsildəsən de uyğun gəlim,
Daha səninkidir tutduğun əlim.
Titrəyir dodağım, söz tutmur dilim,
Sanki naz edirəm, naza xoş gəldin.  

Bəzən müəllifin qəhrəmanı onu duya bilməyəndə ismarıclar göndərir ki, bəlkə də bununla onun qəlbinə yol tapa bilə.  

Sənə bir şeir yazıram, - oxuyarsan həftə sonu,
Kəmşirin şərab dadında halına qatarsan onu.
Xatırlayarsan bir anlıq unutmadığın qadını,
Çatacaqdır qulağına, pıçıldayarsan adını...
... Sənə bir şeir yazıram, həm isti həm sərin olar,
Yorğun günlərində barı, dincəlməyə yerin olar...  

Bu poetik ifadələr nə qədər sakit, aramla səslənsə də, lirik qəhrəmanın məhəbbət simfoniyasının son akkordlarıdır, insanın ən incə duyğularının ifadə formasıdır.

Və o məchul aşiq Adilə xanımın lirik qəhrəmanını nə qədər incitsə də, bu sevgiyə nə qədər laqeyd qalsa da, o, öz sevgisinə sadiqdir: 

Aşkara görməsəm belə
yuxuda görüb gözləsəm.
Gündüz Günəş, gecə Ay tək
gözləsəm səni, gözləsəm...

Sonra qan-tərə boyanıb,
qəfil fikirdən oyanıb,
Gəlib qapına dayanıb,
bir də sızlasam-sızlasam... 

O tənha qadın inanır ki, öz aşiqinə olan məhəbbətində sadiqliyini, sevdiyini sübut edəcək və inandıracaq. 

Uzaq pəncərədə tənha bir qadın
Nə vaxtsa yuxuna qonaq olacaq.
Durub baxacaqsan xatirələrə,
Səsin titrəyəcək, gözün dolacaq.

***

Dönüb baxacaqsan qələm-kağıza,
Yumub tökəcəksən hey varaq-varaq.
Uzaq pəncərədə tənha bir qadın,
Sonadək şeirinə mövzu olacaq. 

Adilə Nəzərin məhəbbət şeirlərinin demək olar ki, hamısı xatirə notlarında əks olunur. Onların böyük əksəriyyətində yaşanmış bir məhəbbətin şirin xatirəsi var və bu xatirələr o qədər məhrəm, şirin və əzizdir ki, onu müəllifin qəhrəmanı dönə-dönə təkrar etməkdən usanmır.  

Dikilir uzaqlara
hər axşam baxışlarım...
Xəyalındı, şəklindi,
Duam və alqışlarım.

Yoxdu elə qüvvə ki,
məni səndən ayıra...
Səni xatırlayıram,
səni xatırlayıram.

***

Gözlərin bir ovuc ulduza dönüb,
Süzür pəncərədən məni hər axşam.
Qoxlayıb öpdüyün saçlarımı hey,
Sənin əllərinlə sığallayıram...

***

Xatirələr belə asan itməməli, ömrüm-günüm,
Hər tərəf yaşıllaşanda, çöl-çəmənlər allaşanda,
ya da soyuq havalarda birdən alışıb yananda
xatırla, xatırla məni... 

Belə nümunələrə müəllifin nisgilli nəğmələrinin az qala hər birində rast gəlirsən və müəllifin yaşantılarına təəccübünü gizlədə bilmirsən.

Adilə Nəzərin məhəbbət mövzusunda yazdığı şeirlərə həm də bir payız hakim kəsilib. Bir payız kədəri hopub onun şeirlərinə. Görünür, bu da müəllifin qəhrəmanının bir tale qismətidir və o, bu taleyi yaşamalı və həm də şeirlərində yaşatmalı imiş.

Payız hakim olub şeirlərimə,
Nə yazsam varaqda saralıb solur.
Elə düşünmə ki, səndən küsmüşəm,
Bəzən susqunluqlar həsrətdən olur.

***

Hələ tab edirəm bu ayrılığa,
Gecəni çəkirəm səhərlərimə.
Vaxt gələr, yazaram yazdan, hələ ki,
Payız hakim olub şeirlərimə...

Şairləri oxuduqca tanıyırsan, onları şeirlərindən duyursan, şeirlər müəllifin dünyasına səyahət etməyə çağırır səni, icazə verir və sən də onu kəşf etməyə başlayırsan, duyduğun kimi.

 





16.04.2020    çap et  çap et