525.Az

Müəllim müstəsnalığı - Mübariz Ağalarlı yazır


 

ADPU-nun REKTORU, PROFESSOR CƏFƏR CƏFƏROVUN 60 YAŞI TAMAM OLUR

 Müəllim müstəsnalığı - <b style="color:red"> Mübariz Ağalarlı yazır</b>

Dahi Azərbaycan mütəfəkkiri Nəsrəddin Tusi yazırdı: “İnsanı kamilliyə çatdırmaq məqsədi daşıyan sənət dünya sənətlərinin ən şərəflisidir. Bu şərəfli sənət müəllimlik sənəti, müəllimlik peşəsidir”. Həqiqətən də, bütün tarixi zamanlarda və bu gün də müəllimlik peşəsinə sahib olmaq, sözün əsl mənasında müəllim adını daşımaq böyük məsuliyyət hissi yaradır. Gənc nəslin elmi-intellektual səviyyəsini inkişaf etdirmək, əsl vətənpərvər insan formalaşdırmaq müəllimdən yüksək intelekt və modern elmi dünyagörüşü tələb etməklə bərabər, xüsusi mənəvi keyfiyyətlər, vətənə və millətə, müqəddəs dəyərlərə sadiqlik tələb edir.

Sadalanan keyfiyyətlərə malik olan və təhsil sistemində özünəməxsus dəsti-xətti ilə seçilən görkəmli ziyalılarımızdan və dəyərli müəllimlərimizdən biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovdur.

Çin filosofu Lao-Tszı deyirdi ki, “minlərlə kilometrlik ən uzun yollar belə tək bir addımla başlayar”. 1993-cü ildə biz Universitet həyatına addımımızı atanda təsadüfdənmi, yoxsa xoşbəxtlikdənmi, ilk dəfə qarşımıza çıxan, xeyir-dua verən, auditoriyanın qapısını üzümüzə açan o zamanlar Bakı Dövlət Universitetinin Tarix fakültəsində dekan müavini işləyən Cəfər müəllim oldu.

Həmin illərdə Azərbaycan Respublikasının müstəqilliyinin əldə olunmasında tələbələrin rolu nə qədər önəmli idisə, Cəfər müəllim kimi insanların bu yöndəki fəaliyyəti tələbələrə örnək olmaqla ikiqat dəyərli idi. Bizim nəsil tələbə kontingentinin milli şüur səviyyəsinin formalaşmasında Cəfər müəllimin rolu müstəsna idi. Müstəqillik duyğusuna səhrada suya həsrət insanlar kimi təşnəli olan bizlərə Cəfər müəllim kimi şəxsiyyətlərin milli şüur və müstəqillik məfkurəsini aşılaması əbədi olaraq yaddaşımıza yazılan qəhrəmanlıq nümunəsi idi. 

O çətin və şərəfli universitet illərində Cəfər müəllim yaddaşımıza qayğıkeşlik simvolu, vətənpərvərlik nümunəsi, milli-demokratik dəyərlərin çarçısı, elm və təhsilin aşılayıcısı kimi həkk olunub.
Dahi şəxsiyyətlər həmişə vurğulayırlar ki, bir müəllim bir nəsil deməkdir. Məhz biz orta ziyalı nəslinin nümayəndələri olaraq milli-mənəvi dünyagörüşümüzün formalamasında və modern təhsil sisteminin mənimsənilməsində Cəfər müəllim kimi insanlara borcluyuq.

Həyat elə gətirdi ki, elm və təhsil sahəsinə istiqamət seçməyim uzun illərdən sonra mənə öz müəllimimlə eyni təhsil müəssisəsində işləmək imkanı qazandırdı. İlk öncə Cəfər müəllimin memarı olduğu Azərbaycan Turizm və Menecment Universitetində, hazırda isə rəhbərlik etdiyi Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim fəaliyyəti ilə məşğulam. Bu gün auditoriyada “Cəfər müəllim mənim ən dəyərli müəllimlərimdən biridir” ifadəsini qürurla deyə bilirəm. Cəfər müəllimin isə tərəddüd etmədən məni əhatəsindəki insanlara tələbəsi kimi təqdim etməsi mənim üçün tələbə-müəllim münasibətinin ən müqəddəs nümunəsidir.

Cəfər müəllimin Azərbaycan təhsil sisteminin inkişafında, modern təhsilin tətbiqində gördüyü işlər danılmazdır. Onun Azərbaycan Turizm və Menecment Universitetinə rəhbərlik etdiyi illərdə Universitet təhsil sisteminə gətirdiyi yeniliklər, bu gün rəhbərlik etdiyi Azərbaycan Dövlət Pedaqoji Universitetində həyata keçirdiyi pozitiv və fundamental islahatlar Azərbaycan təhsil sisteminə verilən ən dəyərli töhfələrdəndir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin bu gün dünya Univertsitetləri ilə elm və təhsil sahəsində əməkdaşlığının qurulmasında, Türk dövlətlərinin Ali təhsil ocaqları ilə qarşılıqlı əlaqələrinin güclənməsində və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində onun böyük əməyi olmuşdur.

Cəfər müəllimin ictimai fəaliyyətinə baxdıqda onun Azərbaycanda QHT sektorunun inkişafında göstərdiyi əhəmiyyətli xidmətlərin də şahidi oluruq. Onun xüsusilə elm və təhsil sahəsində həyata keçirilən layihələrdə rəhbərlik missiyası olduqca təqdirəlayıqdir.

Professor Cəfər Cəfərov eyni zamanda elmi müstəvidə də olduqca əhəmiyyətli tədqiqatlar aparmış və Müasir Azərbaycan tarixi, demokratikləşmə, mülki cəmiyyətin inkişafı, dövlət idarəçiliyi, turizmin inkişafı ilə bağlı onlarla elmi əsərin müəllifidir.

Cəfər müəllim eyni zamanda öz tələbələrinə və gələcək nəsillərə sadəlik və təvazökarlıq örnəyi olmuşdur. Onun istər müəllimlik həyatında, istərsə də rəhbərlik etdiyi qurumlarda kollektivlə ünsiyyəti, cəmiyyətə pozitiv münasibəti, demokratik düşüncə tərzi və idarəçilik sistemində demokratik dəyərlərə və hüququn aliliyinə önəm verməsi müasir təhsil sistemində parlaq nümunələrdən biridir.

Görkəmli filosof Sokratın dəyərli bir kəlamı vardır: Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllim əməyinə əsla dəyər verilə bilməz. Həqiqətən də, müəllim şəxsiyyətinə dəyər vermək olduqca çətindir. Müəllimlərimizin dəyərini biz ziyalıar elm-təhsil fəaliyyətinə başladıqdan sonra daha çox dərk edirik. Bəzən tələbələrimizin ərköyünlüyünün, davranışlarının bizi incitməsi tələbəlik illərində müəllimlərə etdiyimiz haqsızlıqları yada salır.

Təsadüfi deməyiblər ki, gələcək gənclərin, gənclər isə müəllimin əsəridir. Bu anlamda Cəfər müəllim kimi müəlliflərin yüzlərlə yaratdığı və bu gündə şərəflə, ləyaqətlə dövlətinə, millətinə xidmət edən kadrları – canlı əsərləri vardır. Biz Cəfər müəllimin yetirmələri olaraq onunla qürur duyur, elm və təhsil yolunda birgə addımlamağımızdan fəxarət hissi keçiririk.

Cəfər müəllim kimi dəyərli insanlar biz yetirmələri üçün dünən də, bu gün də, sabah da sadəlik, təvazökarlıq və əsl müəllim simvoludur. Tələbəlik həyatından üzü bəri xatirəmizdə yaşayan bu insanlıq örnəkləri bu günə qədər dəyişmədiyi kimi bundan sonra da daima yaddaşımızda sabit qalacaqdır. Çünki buna səbəb Cəfər müəllimin bütün xarakterik keyfiyyətlərinin daima sabit və dəyişməz olmasıdır.

Bu gün də Cəfər müəllimin rəhbərlik etdiyi Azərbaycan Dövlət Pedaqoji Universitetində müasir tələblərə cavab verən təhsil sisteminin formalaşması istiqamətində həyata keçirilən tədbirlərlə bərabər, tələbələrə azərbaycançılıq ideologiyasının elmi və konseptual şəkildə təbliğ olunması, milli-mənəvi dəyərlərin və vətənpərvərlik hisslərinin aşılanması istiqamətində davamlı işlər görülməkdədir.

Dəyərli müəllim, gözəl insan, əsl ziyalı, professor Cəfər Cəfərov, 60 illik yubileyiniz mübarək olsun. Sizə sağlam uzun ömür, idarəçilik fəaliyyətinizdə və yaradıcılığınızda yeni-yeni uğurlar arzulayıram.

 





20.04.2020    çap et  çap et