525.Az

Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirildi


 

Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirildi<b style="color:red"></b>

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda “Hərbi qulluqçuların statusu haqqında”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında” və “Elm haqqında” qanunlarda, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”də və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə sənəd (ikinci oxunuş) müzakirə edilib.

Komitə sədri Bəxtiyar Əliyev  adı çəkilən qanunlara təklif olunan dəyişikliklər haqqında məlumat verib. Bildirib ki, ölkəmizdə elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək, elmi tədqiqatların səviyyəsini yüksəltmək  məqsədi ilə Prezident İlham Əliyevin 2019-cu il 11 iyun tarixli fərmanı ilə “Elmi dərəcələrin verilmə qaydası” və “Elmi adların verilmə qaydası” haqqında  əsasnamələr  təsdiq  edilib. Fərmanda  elmi dərəcələr və adların verilmə qaydaları,  xarici ölkələrdə  verilmiş elmi dərəcə və adların nostrifikasiyası,   elmi dərəcədən və elmi addan məhrumetmə,  elmi dərəcə və adların bərpası  və digər  məsələlər öz əksini tapıb. Mövcud  layihə  yuxarıda  qeyd  olunan  Fərmanla əlaqədar hazırlanıb və müvafiq  qanunvericiliyə uyğunlaşdırmaq məqsədi daşıyır.

Komitə üzvləri Musa Qasımlı, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Etibar Əliyev, Kamilə Əliyeva, İsa Həbibbəyli, Afət Həsənova, Rəfael Hüseynov, Anar İsgəndərov, Pərvin  Kazımzadə, Eldar Quliyev, Müşfiq  Məmmədli, Ceyhun Məmmədov, Aqiyə Naxçıvanlı, Şahin Seyidzadə və Fatma Yıldırım iclasda  çıxış edərək  sənədlə bağlı fikirlərini bildiriblər.

İclasın sonunda qanun layihəsinin Milli Məclisin plenar  iclasına  tövsiyə edilməsi qərara alınıb. 

 





22.04.2020    çap et  çap et