525.Az

Qorxmaqdan qorxmaq - Fidan Malik yazır


 

Qorxmaqdan qorxmaq - <b style="color:red"> Fidan Malik yazır</b>

Son zamanlar elə hey nədənsə qorxuram. Hətta, qorxuram deməkdən qorxuram.  Çünki qorxumu etiraf etsəm, daha da çox qorxudulmaqdan qorxuram. Qocaların gözündəki qorxudan qorxuram. Onlara baxıb qocalmaqdan qorxuram. Onlar kimi çölə çıxsam, məni də iri xortumlu qorxunun aparacağından qorxuram. Onların gözlərindəki çarəsizlikdən qorxuram. Onlar kimi evdə qalsam, evdəkilərin məndən, qocalığımdan daha çox bezəcəklərindən qorxuram. Ya da tək-tənha oturub kiminsə köməyə gələcəyinə möhtac olmaqdan qorxuram. Sonra dükanın qabağında xırt-xuruş satan nənə düşür yadıma. Bir də daynacaqda “bir abbası verin” deyən nənə. Bir də iri torbalar daşıyan qoca görünən adam var. Görəsən onlar... Yox-yox! Deyəsən, onları düşünməkdən qorxuram.

Əvvəllər heç qorxmazdım. Amma indi aptekin önündən keçəndə də qorxuram. Bilmirəm, üstündəki piyalədəki ilandanmı qorxuram, yoxsa xəstələnmək qorxusundanmı qorxuram. Bir az da deyəsən immunitet çatışmazlığı məsələsindən qorxuram. Bu qorxuya görə, dükanlarda ərzağın qurtaracağından qorxuram. Çörəklərin torba-torba alınıb sonra zibilliyə atılmasından qorxuram.

İnsanların insancıl olmaq həvəsindən qorxuram. Əslində, bu gözəl bir haldır. Amma bu insanpərvərliyin də ara düzələndən sonra bitəcəyindən qorxuram. Yaxşılıq etməkdən qorxuram. Edib yanlış anlaşılmaqdan qorxuram. Köməyə həqiqətən ehtiyacı olanın ehtiyacı olmayandan ayırd edilməməsindən qorxuram.
Vəziyyətin lap əvvəlində mənə elə gəlirdi ki, səma, ağaclar, otlar, quşlar bizim yoxluğumuzdan boynu bükük qalıblar. Amma gün keçdikcə səssizliyə, təmizliyə alışan təbiətin halından məmnun olmasından qorxuram. Çünki halından məmnun olarsa, insan övladını bir daha öz məkanına qəbul etmək istəməməsindən qorxuram.



Azanın səssizliyinə alışmaqdan qorxuram. Dinin çox təbliğ olunduğu bu dövrdə həqiqi iman yoluna çıxan insanların üç yol ayrıcında qalıb, kəndin yolunu tapmamasından qorxuram.

Müəllimlərin virtual aləmə alışmasından qorxuram. Şagirdlərin də bunun üçün əllərindən gələni etməsindən qorxuram. Çünki deyəsən, hər iki tərəf üçün əsas məsələ “45 dəqiqə”nin tamamlanmasıdır.

Bir də bu günümüzün fədakar insanlarından olan tibb işçiləri var. Əslində, onlardan da qorxuram. Daha doğrusu, məhz canını fəda edən həkimlərin, tibb bacılarının, ümumiyyətlə, tibb işçilərinin kölgəsində digərlərinin qızınmasından qorxuram.

Sizi bilmirəm, amma mən icazə almaqdan da qorxuram. İcazəm olduğu halda formalılardan da qorxuram. Ya da ki, cərimədən...

Bir də uzun zamandır, “qaynar, rəngarəng” həyat tərzi ucbatından bir-birinə yadlaşmış ev əhli olanları da düşünmədən dura bilmirəm. Otaqdan otağa da “sms”lə xəbər göndərən zamanın insanı olmaq çox çətindir. Birdən-birə bu qədər vaxt bir məkanı paylaşa bilməmələrindən qorxuram. Qapılar tam açılan kimi bir daha görüşməmək üzrə bir-birilərindən uzaqlaşmaq istəyəcəklərindən qorxuram. Çünki bu günün insanları bir-birini dinləmək, başa düşməyə çalışmaq kimi insani keyfiyyətlər olduğunu unudub. Ailənin ağbirçəyi, ağsaqqalı, müdrik insanları olduğunu unudub. Bəlkə onlara artıq ehtiyac yoxdur?.. Necə də olsa onların yerinə düşünəcək, qərar verəcək, problemlərini çözəcək psixoloqlar var. Əslində problem psixoloqlara getməkdə deyil. Onlar öz işlərini görür. Əsl qorxduğum əslində bu gün həmin ağsaqqalların sayının azalması, ya da heç olmaması səbəbindən, ailələrin problemlərinin kənara çıxarılmasıdır. Odur ki, bir azdan xaricdəki kimi bizdə də hər ailənin ağsaqqalı əvəzinə bir psixoloqunun olmasının bir dəbdəbə, pristij halına gələ biləcəyindən qorxuram.

Sizi bilmirəm, amma mən havadakı bu sükutdan da qorxuram. Eyvana çıxıb təmiz havanı udmaqdan qorxuram. Yazın sonuna gəlib, ətrini uda bilməməkdən, Andersenin “Düyməciyi” kimi günəşi bir daha görə bilməməkdən qorxuram.



Nə yalan deyim, bu qorxulara alışmaqdan da qorxuram. Bəzən düşünürəm ki, görəsən nənəm sağ olsaydı, balacalıqdakı kimi məni bağrına basıb bildiyi kəlamları oxusaydı, bu qorxuları canımdan çıxara bilərdimi?.. Nə yaman çox qorxularım var imiş... Yox-Yox! Mən ən yaxşısı qorxularımı içimdə saxlayım. Çünki bədbinləşməkdən qorxuram. Yanlış anlaşılmaqdan qorxuram. Kim bilir, bəlkə də, dənizin üzünə çıxa bilmək üçün çırpınmağı durdurmaq lazımdır. Necə deyərlər, qorxunun əcələ faydası olmaz.

Nədənsə amerikalı yazıçı Rey Bredberinin “Zəncirotu şərabı” əsərindən bu cümlələr yadıma düşdü: “Mən qorxmuram. Bu qədər uzun müddət yaşayanda çox şeyi itirirsən. O cümlədən qorxu hissini”.

İnsanlıq üçün hər cəhətdən - istər maddi, istər mənəvi baxımdan - sınaq müddəti olan bu çətin dövrdə nəyi itirsək də, bircə sevdiklərimizi, bir də “Pandora dolçamızın” dibindəki ümidimizi itirməyək. Odur ki, bizi bizdən qoruyacaq tək silah ətrafımızdakı sevdiklərimiz, yaradana olan ümid və insan olaraq birliyimiz, tək xilasımız isə insanın bu dünyanın yaradıcısının olmadığını, onun əsil sahibi olduğunu dərk edə bilməmizdir.

 





23.04.2020    çap et  çap et