525.Az

Türkçülük tarixinə sanballı töhfə


 

Türkçülük tarixinə sanballı töhfə<b style="color:red"></b>

Əslində, bu nəşrdən kim nə yazırsa-yazsın, “Ön söz”ün müəllifi millət vəkili kimi sadə, təvazökar olduğu qədər də elmdə aktuallığı və nəhəngliyi ilə seçilən akademik Nizami Cəfərovun professor Cəlal Qasımovun yeni çapdan çıxmış “Birinci Türkoloji Qurultay: şahidlər və şəhidlər” kitabı haqqında yazdıqlarının yerini verə bilməyəcək. Çünki, qeyd olunduğu kimi hörmətli akademikin yazdıqları kitaba ön söz “Ön söz” olaraq, ilk növbədə artıq bu sanballı nəşri dərin məzmunlu ifadə təqdimatına və deməli ayrılmaz tərkib hissəsinə çevrilib.

Akademik professor Cəlal Qasımovun çoxsaylı ardıcıl və məqsədyönlü tədqiqatlarının şah əsəri (təkcə irihəcmliyinə görə yox – M.C) olan bu kitaba yüksək dəyər verməklə, eyni zamanda Türk dünyasının qədimdən-qədim və müasirdən-müasir tarixinin öyrənilməsinə bir dövlət və elm xadimi kimi böyük diqqətini və hədsiz marağını ifadə edir.

“Birinci Türkoloji Qurultay: şahidlər və şəhidlər”!... İlk baxışdan elə görünə bilər ki, bəlkə də bu kitaba mövzusundan və məzmunundan doğan başqa, indiyədək işlənməmiş daha cəlbedici ad seçmək də mümkün idi. Daha doğrusu, başqa müəllif bu istəkdə bir az da israrlı olardı. Bu da Calal Qasımovu çox yaxından tanıyan, hələ gənc elmlər namizədi (C.Qasımov nəzərdə tutulur – M.C) olarkən yaradıcılıq sahəsinin bəzi məqamlarında (həm də arxiv qovluqlarında) maraqları üst-üstə düşən bir diqqətli oxucu qənaətidir. Ancaq bu qənaət elə nəşrin ilk səhifələrindəcə cəfakeş tədqiqatçı əməyi sayəsində üzə çıxan, səni canınla-qanınla, coşan ruhunla faktdan-fakta, sübutdan-sübuta, sənəddən-sənədə, fotodan-fotoya... dartan, bütün vucudunla o ənginliyə daşıyan elmi-nəzəri yanaşmalar fonunda heçə və puça dönür. Düşünürsən ki, müəllifin ad seçimi məhz bu məzmunlu, bu mövzulu nəşrin ən dolğun ifadə tərzidir.

Professor Cəlal Qasımov kitabın mövzuca təsnifatını 6 fəslə bölərək, həcmcə (735 səh.) və məzmunca ilk baxışdan oxucuya ağır gələn nəşrdə kitabçılıq ənənəsinə sadiq qalmağı bacarır. Ola bilsin ki, bəzi oxucular bunun fərqinə varmasınlar! Ancaq bu qədər gərgin işin müqabilində bu həcmcə sanballı, vəzncə ondan da sanballı, eyni zamanda ağrısı-acısı ilə çox ağır bir kitabın belə mahiyyətli həlli, bir daha vurğulanmalıdır ki, yalnız  və yalnız gərgin tədqiqatçı əməyinin və mövzuya alimanə yanaşmanın, məzmunu dərindən düşüncə tərzi ilə yozumunun və düzümünün bəhrəsi ola bilər.

Yeni və maraqlı nəşr qurultayın 80 və 90 illik yubileyi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə oxucuya təqdim olunur. Bu tərtibat müasir dövlət quruculuğunda türkçülük tariximizə ən yüksək səviyyədə diqqət və qayğının ifadəsi kimi öz əksini tapır. Akademik Muxtar İmanovun redaktorluğu, akademik Nizami Cəfərovun və Akademiyanın müxbir üzvü Kamran Əliyevin rəyləri ilə işıq üzü görən bu maraqlı nəşr təkcə Azərbaycan ədəbiyyatında deyil, bütün türk dünyası tarixində ən sanballı tədqiqat əsərləri sırasında durmağa layiqdir.

Görkəmli akademik Nizami Cəfərovun “Ön söz”ü kitabın zəngin məzmun və məna xəzinəsinə zərgər dəqiqliyi ilə hazırlanmış söz açarı rolunu oynayır. Müəllifin səmimi, hərdən çılğın və dolğun hisslər üzərində qurduğu “Oxucu ilə mütəqbil dialoqu” da, əminliklə demək olar ki, oxucunun bu mövzuya ruhən köklənməsinə və qəlbən bağlanmasına zəmin yaradır. Kitabda professor Cəlal Qasımov Birinci Türkoloji Qurultay haqqında görkəmli dövlət və elm xadimi akademik İsa Həbibbəylinin maraqlı tədqiqatlarından sitat gətirərək, eyni zamanda tarixi paralellik və müqayisələr zəminində özünəqədərki araşdırmalara yüksək dəyər verir.

Kitabda türkçülüyə və turançılığa dair yüzlərlə ədəbiyyatdan, arxiv və internet materiallarından mənbə kimi istifadə edilməsi buna əyani sübutdur. Cəlal Qasımov bu gün yaradılmış geniş və hərtərəfli elmi mühitdən dayanıb dünənki şəraitdə hər səhifəsi daşdan çıxan araşdırmalara təvazokarlıqla yanaşaraq, yaradıcı insana və onun zəhmətinə anlaşıqlı münasibət aşılayır, monoqrafiyasında indiyədək qazanılanlardan qənimət, qiymətli mənbə kimi yararlanmaqla istifadə edir. Lakin bu zaman heç kimi təkrarlamır, özünəməxsus maraqlı fikir və mülahizələri elmi mühitə təqdim edir.

Sözsüz ki, 100 ildən o yana keçmişimizi dəqiqliklə araşdırmaq tədqiqatçıdan səbr və dözüm, qətiyyətlilik və prinsipiallıq, ardıcıllıq və məqsədyönlülük tələb edir və bu mənada uğur qazanan alimlərimiz az deyil. Məncə, professor Cəlal Qasımovu bir çox alim həmkarlarından fərqləndirən ən mühüm cəhət onu birbaşa uğurlu nəticəyə hesablanmış yola, müəyyən ideyanın müsbət həllinə doğru can atmaqdan daha çox sakitcə başını aşağı salıb keçmişimizin, tariximizin qırx qapı arxasında gizli qalan qaranlıq səhifələrinə işıq salmaq istəyidir. O, toz basmış arxiv qovluqlarında gözünə dəyən, əlinə düşən bütün fakt və sübutları təmkinlə toplamağı, ən başlıcası isə məntiqlə düşüncə süzgəcindən keçirməyi, oxucusuna yerində və məqamında təqdim etməyi bacarır. Məhz bu səbəbdəndir ki, Cəlal müəllimin bir kitabının tamamında artıq digərinin ideya təməli qoyulur. Ən başlıcası isə o, ilk növbədə vətəndaşlıq mövqeyindən çıxış edən bir ziyalı alim kimi öz işini, akademik Nizami Cəfərovun təbirincə desək, ləyaqətlə, vicdanla görməyə alışıb. Çoxları üçün bəlağətli görünə biləcək bu ifadələr, bütün məsuliyyətimlə vurğulaya bilərəm ki, Cəlal Qasımovun hələ kənd orta məktəbində sevimli ədəbiyyat fənnini tədris elədiyi illərdən (ondan əvvəlinə də şübhəm yoxdur - M.C ) həyat tərzinə çevrilib. 25 ildən artıq təhlükəsizlik orqanları kimi ciddi strukturda mühüm vəzifələrdə səmərəli fəaliyyəti (yüksək hərbi rütbə ilə yanaşı əldə etdiyi uğurlara görə mundirinin sinəsini tam örtən orden-medallarının sayından da çox müəllifi olduğu elmi kitablar, həmmüəllifliyi, tərtibçiliyi, redaktorluğu ilə işıq üzü görən sanballı məxfi və qeyri-məxfi qrifli tədris vəsaitləri, monoqrafiyalar, fəxri əməkdar müəllimi adını alması) onun dövlətçilik ənənələrinə sadiq bir vətəndaş kimi formalaşması ilə yanaşı, həm də elmi axtarışlarında sistemli, dəqiq ölçülü-biçili, xəttli və istiqamətli işləməyə qadir bir alim kimi yetişməyində də, sözsüz ki,  mühüm rol oynamışdır. Fikrimə yekun vuraraq bu qənaətə tam əminliyimi ifadə edirəm ki, əsil vətəndaş olmadan, tapşırılan və yaxud cavabdehlik daşıdığın sahədə millətə, xalqa, dövlətə sədaqətlə xidmət etmədən hansı sahədə çalışmağından asılı olmayaraq, uğurlarına qazandıqlarının işığından daha çox kölgəsi düşəcək, çəkdiyin zəhmətin faydası quruşa dəyməyəcək.

Bütün türk dünyası, bütövlükdə beynəlxalq elm üçün maraqlı olan “Birinci Türkoloji Qurultay: şahidlər və şəhidlər” kitabında bu mühüm tarixi hadisənin bütün detallarını dərindən araşdıran və onu tam dolğunluğu ilə oxucularına çatdıran müəllif əsasən zəngin arxiv materiallarına, indiyədək üzə çıxmayan sənəd və sübutlara istinad edir. C.Qasımov Bakı şəhərində 1926-cı il fevralın 26-dan martın 6-dək baş tutan Qurultayın materiallarını tədqiq etməzdən əvvəl qurultaya qədərki hazırlıq prossesinə tarixi qiymət verir. Bu prossesdə digər təşkilati məsələlərlə yanaşı ən mühüm vəzifə kimi əlifba məsələsi önə çəkilir, ilk növbədə isə türkdilli xalqların Füzulidən Axundzadəyə qədər “əlifba uğrunda mücadilə” mərhələsi nəzərdən keçirilir. Bu mülahizələrində müəllif ərəb əlifbasının çətinliyinə eyham vuran dahi Məhəmməd Füzulinin bir beytini təqdim edərək, əsrlərlə ədəbi dili ana dilinin forma və bədii məziyyətlərinə uyğun gəlməyən söz xiridarlarına müəyyən mənada haqq qazandırmış olur. Cəlal Qasımov əlifba mücadiləsində Mirzə Fətəli Axundzadənin, Məhəmmədağa Şahtaxtlının, Bəkir Çobanzadənin, Abdulla Tağızadənin, Səmədbəy Ağamalıoğlunun gərgin çalışmalarına dair misallar gətirir, Firudinbəy Köçərlinin, Cəlil Məmmədquluzadənin, Ömər Faiq Nemanzadənin və başqalarının bu barədə fikir və mülahizələrini diqqətə çatdırır.

Əsrlərlə davam edən əlifba mücadiləsi nəhayət, çar Rusiyasının süqutundan sonra 1924-cü ildə S.Ağamalıoğlunun rəhbərliyilə müvafiq Komissiyanın yaradılması ilə, bütün keşməkeşləri müqabilində belə uğurlu sayılacaq ilk yolun uğurlu cığırına düşə bilir. Komissiyaya Səmədbəy Ağamalıoğlu, Cəlil Məmmədquluzadə, Vəli Xuluflu, Xalid Səid Xocayev daxil edilir və onlar əlifba məsələsinin müzakirəsi ilə bağlı görüşlər keçirirlər. Yeni əlifbanın tərəfdarları və əleyhdarları ilə qızğın mübahisəli tədbirlərdən biri də Krımda baş tutur. Təkcə bu fakt sübut edir ki, ancaq əlifba məsələsi deyil, həm də türkçülük missiyası ideya olaraq nə dərəcədə yüksək səviyyədə qarşıya qoyulmuşdu. Və bu prosses qırmızı inqilabçıların, özəyini Rusiya Dumasından alan bolşeviklərin yeni qurduqları sovetlər birliyində baş verirdi. Üstündən bir əsrə yaxın vaxt keçdikdən sonra tarix sübut edir ki, imperiya xisləti heç bir vəchlə öz iyrənc siyasətindən əl çəkmir. İstər Qurultay materiallarında məruzə və çıxışlardan gətirilən sitatlarda, istər Qurultayın işinə kənar müdaxilələrlə bağlı mülahizələrdə, istərsə də şahidlik və şəhidlik edən yüzlərlə arxiv sənədlərinin surətlərində biz bu iyrəncliyin ən qatı və qəddar üzünü, qara məzmunlu qırmızı sifətini görürük!

Adətən hər bir kitabın, bədii əsərin kulminasiya nöqtəsi yaradıcı adamın təxəyyülü ilə həmin nəşrin sonluğunda  baş tutmalıdır. Tragik-dramatik hadisələrin bədii həllində bu cözüm daha təsirli, daha cəlbedici sayılır. Lakin tariximiz üçün çox mühüm bir hadisədən bəhs edən professor Cəlal Qasımov əvvəlcədən düşünülmüş süjet xətti ilə gedə bilmir, daha doğrusu getmək istəmir. Çünki, indiyədək elmi dövriyyədən kənarda o qədər yığışıb qalmış faktlar var ki, hər bir məqamında yerini tutmalıdır. Diqqət yetirək: tədbirə dəvət olunan 131 nəfərin respublikalar üzrə siyahısı açıqlanır və qeyri-türklərin sayı heç də az deyil. Çıxış və məruzələrin mövzu üzrə təsnifatı da türk alimlərinin heç də çoxluq təşkil etmədiyini göstərir. Dünya xalqlarının, o cümlədən türk xalqları ədəbiyyatının və tarixinin, milli-mədəni irsinin araşdırılmasında misilsiz xidmətləri olan bütün cəfakeş insanların ruhları qarşısında baş əyərək, bunun bir tərəfdən xoş bir hal kimi də qəbul olunmasını məqbul sayıram. Hər hansı bir elm və ya sənəd, fəaliyyət sahəsi təcridolunmada məhvə məhkumdur, bu aydındır. Ancaq gəlin baxaq görək akademik V.V.Bartoldun “Müasir vəziyyət və türk xalqları tarixinin araşdırılmasının ən yaxın vəzifələri”, İ.Borozdinin “Tatar mədəniyyəti sahəsində ən yeni kəşflər”, A.A.Müllerin (alman əsilli) “Türk xalqlarının təsviri sənəti haqqında”, S.İ.Rudenkonun “Türk xalqları etnoqrafiyasının öyrənilməsinin müasir vəziyyəti və ən yaxın vəzifələri”, Artur-Zifeldin “Türk dillərində elmi terminologiyanın yaranması prinsipləri haqqında”.... və s. məruzələri müqabilində oyrat tayfasından olan türk kökəmli Şabaşkin nəyi etiraf edir: “...yalnız bu yaxınlarda ali təhsil müəssisində təhsil alarkən öyrəndim ki, mən türkəm.”

Kitabın ön səhifələrində, Qurultayın ilk günlərində əksini tapan bu acı həqiqət bu cür acı etiraflarla dolu monoqrafiyanın olmasa da, türkçülük faciəsinin kulminasiya nöqtəsi deyilmi?!.. Yakut, altay, kalmık, çuvaş və s. tayfaların nümayəndələri də eyni aqibətin qurbanı olmalarında rus çarizmini qınaq obyektinə çevirilər. Tutarlı elmi mənbələrə, o sıradan hörmətli Cəlal müəllimin repressiyaya dair kitablarında və məqalələrində çözülən yüzlərlə insan taleyinə dair bilgilərimlə mən bu iddianın tam və qəti əleyhinəyəm. İstilalar, irticalar, faciələr, dəhşətlər və vəhşətlər içində əzilməyə məhkum Azərbaycan xalqı, həm də mənəvi  iztirabların betərindən betərini yaşasa da əcdadlarımızın əxlaqı dəyərlərini, milli-mədəni irsini, adət-ənənəsini, şifahi və yazılı ədəbiyyatını, tarixini, deməli kimliyini və mənliyini qoruyub saxlaya bilmişdir. Sovet sosializmi (totalitarizmi daha doğru səslənir – M.C) dövrünü də bura əlavə etsək, bu millətin başına nə qədər oyun açıblar ki, kimliyini unutsun, mənliyini qurban versin. Təsirsiz ötüşməyib, ancaq zəngin irsi dəyərləri nəsildən-nəsilə ötürməyi bacarıb mənim ölməz xalqım!  Əlbəttə, itkilərimiz də az deyil, ən azı bu kitabdakı insan taleləri...

Şabaşkinin və onun kimi digər ölkələrdən olan türksoyluların isə cəmi 50-100 illik tarixləri dönəmində adını və zatını unutmaqları nə dərəcədə inandırıcıdır?!...

Belə bir deyim var ki, sən övladına sahib durmayanda, tərbiyə verməyəndə, ona kimsə yiyə durur, onun tərbiyəsi ilə yad, çox zaman da mənfi ünsürlər məşğul olur. Milli dəyərlər də belədir. Tarixinə, mədəniyyətinə, incəsənətinə pul xərcləməyəndə, o pulu başqası xərcləyib, səni özününkündən mərhum edir. Əslində, bəlkə də bu qurultaya yad görünə biləcək bəzi saçmalamalar Cəlal müəllimin eyhamında çox tutarlı cavabını və təhlilini tapır. Söhbət Ermənistan nümayəndəsi Raciya Açaryandan gedir. Ermənistandan Bala Əfəndiyev adlı nümayəndə dura-dura daşnak fikirli erməni R.Açaryan soyadına sadiq qalaraq müəmmalı qıfıllbəndlərini elə həmin müəmmalı şəkildə də açmağa çəhd göstərir. “1021-ci ildə (dəqiqliyə bax-M,C) türklər ilk dəfə Ermənistana (?...-M.C) qədəm qoydular və qısa bir müddət ərzində bütün ölkəni ələ keçirib, qərbə doğru irəlilədilər. O dövrdən indiyədək doqquz əsr ərzində ermənilərlə müxtəlif türk-tatar tayfaları (səlcuqlar, tatarlar, türkmənlər, özbəklər, azərbaycanlılar və osmanlılar)... məncə, ardı hamıya məlumdur.

Məruzədən gətirilən digər bir sitat isə gülüş və ikrah hissi doğurur, erməni abırsızlığını tam çılpaqlığı ilə bir daha büruzə verir: “Kopenhagen alimlərindən prof. Olqe Pedersen və Vyana alimi Krelits-Orenfenqorst güman edirlər ki, türklər və tatarlar bir qrup sözü ən qədim zamanlarda ermənilərdən iqtibas ediblər, lakin mən burada bu məsələyə toxunmayacağam”.

Professor Cəlal Qasımov erməni yalanına dair bu günümüzədək davam edən konkret misallar gətirərək onları tutarlı dəlillərlə təkzib edir, həm də çox düzgün olaraq daşnak xislətinin ifşası üçün dünya tanınmışlarının bu millətin həyasızlığını, əxlaqsızlığını, riyakarlığını, ələbaxımlığını, kəmfürsətliyini, qaniçənliyini “vəsf” edən sitatlarından yox, məhz N.Təhməzyan, M.Şahinyan, Q.Ağayan, A.Babaxanyan, Q.Tarverdyan, M.Abeqyan kimi erməni əsilli məşhurları mənbə kimi göstərir. Bu soyadlardakı türk çalarları əslində bu cür erməni sayıqlamalarına təkzibolunmaz cavab olmalıdır.

Qurultaydakı məruzəsində Türk dünyasına böyük rəğbətini əks etdirən S.İ.Rudenko bildirirdi ki, türklərin əsas dini olan İslam ənənələrində türkçülüyün mahiyyəti o qədər də dərindən açıla bilməz, yalnız çox az türk tayfaları həqiqətən türklərə mənsub saymalı olduğumuz dinlərin bəzi cəhətlərini qoruyub saxlamışlar. Alim təəssüf edirdi ki, türklərə aid poleontoloji tədqiqatlar rüşeym halındadır.

Haşiyə çıxaraq onu qeyd etməliyəm ki, bu fikri Quranın tərcüməsi və ümumiyyətlə islam dini ilə məşğul olan bir sıra, xüsusən qeyri-islam ölkələrinin araşdırmaçıları da təsdiqləyirlər. Onlar iddia edirlər ki, islam dininin əsas kitabı olan Qurani-Kərim çoxlu fikirlərin təkrarlanması, tədqiqat üçün mürəkkəb, ayələrdə məna çalarlarının yalnız müəyyən sferada anlaşıla biləcək dildə və üslubda yazılması ilə bərabər, həm də bu dini qəbul edən xalqların özündən əvvəl mövcud olmuş milli-mənəvi, mədəni irsini kölgədə qoymuş oldu. Əlbəttə, bu, əsasən Avropa alimlərinin qənaətidir. Məncə, bu qənaət oradan qaynaqlanır ki, islamşünas alimlər dünyaya yaymaq istədikləri ən son səmavi kitabın, yüksək əxlaqi-mənəvi keyfiyyətləri, dünyəvi dəyərləri özündə ehtiva edən Quran ayələrinin bütün bəşər övladı tərəfindən dərk edilməsi üçün kifayət qədər səy göstərmirlər, bir az da dərinə getsək fəaliyyətsizdirlər. Məncə, 100 illik tariximizdə ən böyük şərəf duya biləcəyimiz hadisələrdən olan Birinci Türkoloji Qurultayın da aqibəti oxşardır.

Yaxud, türk xalqlarının təsviri sənəti sahəsinə toxunan alman əsilli alim A.A.Miller türk ornomentlərini, təsviri incəsənət nümunələrini şedevr adlandıraraq, eyni zamanda bu zəngin irsin lazımınca tədqiq olunmadığına təəssüflənir, xalqların öz milli-mənəvi dəyərlərinə sahib olmalarının vacibliyini bildirir. “Ornomental baxımdan türk dünyasının təsviri sənəti bizi zənginliyi və rəngarəngliyi ilə heyran edir”.

Bu və digər məruzələrdə, çıxışlarda türkçülüyün tarixi köklərinin dərinliyini, zənginliyini ürəkgenişliyi ilə nəzərə çarpdıran tədqiqatçılar xalqları, ziyalıları bu irsin qorunmasına, öyrənilməsinə, daha dərindən təbliğ və tətbiq edilməsinə çağırır. Çox maraqlıdır ki, Qurultayda bu çağırışlar əsasən qeyri-türk millətlərin təmsilçilərindən eşidilir!?....

Qurultayda ən çox mübahisə doğuran gözlənildiyi kimi, əlifba məsələsi oldu. Ərəb əlifbasının saxlanılması tərəfdarları hesab edirdilər ki, yenisinə keçid tarixdən, keçmişdən uzaqlaşmaq olardı, minillik yazı nümunələrinin öyrənilməsində problemlər yaradardı. Monoqrafiya müəllifinin hər bir detala aydınlıq gətirən faktlarla və şərhlərlə tanışlığı oxucunun öhdəsinə buraxaraq bu fikrimi açıqlamaq istəyirəm ki, kütləvi savadsızlıq, hər kənddə molla yanında, ya şəriət məktəbində bəzən şallaq gücünə (əlbəttə o vaxtın ziyalılarına dərin hörmət və ehtiram ifadəsi ilə) bir məktub oxuyanın yetişdiyi zamanda bu cür iddianı əsassız və bəhanə də  adlandırmaq olar. Qızğın müzakirələr zamanı hətta əlifbanın dəyişdirilməsinin çox vaxt və xərc apara biləcəyi fikrini əsaslandırmaq istəyənlər də vardı. Belələrinə cavab kimi, Soltan Məcid Əfəndiyev öz çıxışında dövrünün ən latınpərəstlərindən biri olan Mirzə Mülküm Xanın hesablamalarını əsas götürərək bildirir ki, “İran, Əfqanıstan və b. ölkələrin ədəbiyyatının yenidən çap etməkdən ötrü bircə zirehli gəminin inşası qədər xərc lazımdır”. Bu gün  demək mümkün deyil ki, o vaxt bir zirehli gəmi neçəyə başa gəlirdi, ancaq türkdilli xalqların zəngin ədəbiyyatının hərtərəfli öyrənilməsi və yenidən çap olunması işini də bu qədər ucuz tutmaq olmaz. Məncə, humanizmə və insanpərvərliyə, sülhə və həmrəyliyə söykənən türkdilli xalqların milli-mənəvi irsi dəyərincə təbliğ olunsaydı, bəlkə də heç zirehli gəmilərə, dünyanı silah bazarına, barıt çəlləyinə çevirən irticaçılara yer qalmazdı.

Əlifba məsələsində islahatçılar isə ərəb əlifbasının saxlanılmasını, lakin bəzi dəyişiklərin olunması ideyasından çıxış edirdilər. Əsasən Özbəkistandan və Tatarıstandan olan nümayəndələr öz variantlarını müqabil hesab edirdilər.

Ən çox fikirlər isə latın qrafikasının tətbiqi məsələsinin tərəfdarları olan latınçılardan gəlirdi. Qurultayda əsasən Azərbaycan nümayəndə heyətinin bir çox üzvü latın qrafikasının qəbulunu məqbul sayırdılar və fikirlərini onunla əsaslandırırdılar ki, türk xalqlarının ortaq dildə anlaşılmasında və ədəbi əlaqələrinin möhkəmlənməsində  latın əlifbası mühüm vasitə ola bilər. 12-ci iclasda çıxış edən Qaraçaylı İslam qürurla bildirirdi ki, “Qaraçaylar Qurultayın qarşısında duran ən mühüm vəzifəni özləri üçün artıq həll ediblər. Xalqımızı uzun əsrlər boyu qul vəziyyətində, biabırçı əsarətdə saxlayan, boyunduruq altında inləməyə vadar edən, quruluşu müşaiyət edən əlifbaya bizdə yer yoxdur. Bizdə yeni, başqa bünövrə, yeni əsaslar üzərində qurulmuş əlifba olmalıdır. Fikrimizcə, belə əlifba burada təklif olunan latın əlifbası, daha doğrusu latın əlifba sistemidir”.

Qurultayda çıxış edən Kalmık vilayətinin nümayəndəsi Kosiyev Xonin Kosiyeviç isə kiril əlifbasının tərəfdarı olduğunu bildirir və əlbəttə onun səsinə səs verənlər də az olmur. Bütövlükdə on gün davam edən Qurrltayın gedişində 17 iclasdan 3-ü məhz əlifba məsələsinə həsr olunur ki, bu iclaslar həm də ən qızğın müzakirələr və mübahislər doğurması ilə tarixə yazılır. Qurultayın qəbul etdiyi 9 qətnamədən biri də ərəb əlifbasının islah olunması və yeni türk əlifbasının (latın qrafikalı) qəbul edilməsi haqqındadır. Maraqlıdır, latın qrafikasının üstünlüyünü geniş şərh edən qətnamənin ilk bəndindəcə bunun hər bir türk-tatar respublikasının, vilayətinin və xalqının işi olduğu bildirilsə də, ikinci bəndində yeni qurulmuş 15 respublikasından ibarət SSRİ-nin 13 vilayət və ya respublikasında  “qəti olaraq” həyata keçirilməsini “geniş bir hərəkat kimi qəbul edir” və Azərbaycanın, eləcə də digər respublikaların metodik təcrübəsindən bəhrələnməyi tövsiyə edir.

Ümumən, Qurultayda qəbul olunmuş və kitabda “müəllifin müdaxiləsi olmadan” sənəd kimi əksini tapan 9 qətnamənin hamısında 37-yə aparan yolun çığırları aydın sezilir. Müxtəlif millətləri silah gücünə bir yerə yığıb hökumət quran, narazı təbəqəninin mühacirətdə və qaçaqlıqda hələ ümidlərlə dolaşdığı bir ölkədə müxtəlif millətlərin düşünən beyinlərinin toplaşdığı Birinci Türkoloji Qurultayda aparılan bu müzakirələr və qəbul olunan yekun QƏTNAMƏLƏR öz-özlüyündə 37-ci il repressiyanın QƏTLLƏRinə gətirib çıxarmalı idi. Yaddaşım məni aldatmırsa, Cəlal Qasımov “Ədəbi məhkəmələr” kitabında 37 qurbanları olan Azərbaycanın görkəmli oğulları, ədəbiyyat xadimlərimiz, ziyalılarımız haqqında yazılarda onların günahsız kimi qələmə verilməsi əleyhinə çıxaraq, irtica maşınının işə salındığı, cismani və mənəvi nə varsa həş şeyin amansızlıqla məhv edildiyi bir mühitdə “günahsız” qalmağın özünü ən böyük günah adlandırıb. Türkolji Qurultayın tarixi rollunu yüksək qiymətləndirən  C.Qasımov, bolşeviklərin tədbirə mane olmamasını, əksinə bəzi məsələlərdə mərkəzin “canıyananlıq” göstərməsini türk ideyalarına və milli düşüncəlilərə qurulmuş tələ adlandırır. O, bu fikrini onunla sübut edir ki, Qurultayın bu qədər geniş tərkibli və məzmunlu keçirilməsinə hərtərəfli imkan yaradan mərkəzin məqsədi də məhz bu fikirli adamların bir yerə cəmləşməsi olmuşdur. Tam doğru fikir olması ehtimalı ilə yanaşı, həm də digər amillərin də əlavəsinə ehtiyac duyulan bir mükalimədir.

Diqqətlə fikir verək: marksist-leninçi ideologiyanın şirin vədləri ilə millətləri bir mərkəzdə birləşdirərək vahid SSRİ dövləti quranlar hələ heç də hamını inandıra bilməmişdilər ki, yolları və məqsədləri nədir. Əksinə atdıqları səhv addımlarla bəzilərinin (o cümlədən, bu respublikalardan birini quran və başında duran Nəriman Nərimanovun – M.C.) proletariatın xoşbəxt gələcəyinə inamını qırmışdılar və qırmaqda davam edirdilər. Hələ qırmızılar Vladimir İliçin əsərlərində tövsiyə olunduğu kimi cəmiyyətin 60 faizindən çoxunu təşkil edən yoxsul təbəqə ilə fəhlə-kəndli dilində danışmağa, hətta görüşməyə üstü-büşı mazutlu fəhlələrlə əl tutub görüşməkdə, ucqarlardan gəlmiş kəndli nümayəndələrə qəbul vaxtı ayırmaqda maraqlı idilər. Hələ dağ-daşa çəkilmiş çoxsaylı narazı mübarizlərlə haqq-hesab başa çatmamışdı, əhalini dolandıran bəylərə, xanlara, mülkədarlara, sahibkarlara qolçomaq damğası vurulmamışdı, az-çox insanları oxumağa sövq edən mollaxanalara, şəriət məktəblərinə lağ olunmurdu, əhali arasında hörmətə layiq və sahib olan seyidlər,  məşədilər, kərbəlalar, axundlar, hacılar sinfi düşmən elan olunmamışdı. Bütün bunları etmək ən tez zamanda elə bu birliyin özünün süqutuna gətirib çıxara bilərdi. 300 illik romanovlar sülaləsinə qalib gələn, o boyda Nikolay hökumətini devirən bolşevikləri mübarizlikdə zəif sanmaq olmaz. O ideologiyanın ki başında hökmranlıqda bir addım irəli atıb, iki addım geri durmağı bacaran, qısa bir zaman kəsiyində 55 cildlik siyasi kursu ortalığa qoyan bir rəhbər dururdu və o hakimiyyət ki, milyonlarla insanı süngüsündən keçirməyi bacarmışdı, qocasına, qadınına, körpəsinə belə rəhm eləməmişdi və sonradan 70 illik bir epoxanı az qala dünyaya hökm oxumağı bacaran hegemona çevrilmişdi, tarixin 100 illik dönəmindən sonra onun zəifliyində nə isə axtarmaq məntiqəuyğun deyil.

Məxfiçiliyi şöbə rəisi L.P.Beriyaya tapşırılmış qurumun Qurultaya müdaxiləsinə Ruhulla Axundovun “...təklif edirəm ki, Fövqəladə Komissiyaya tapşırılsın ki, lazım olmayan yerə burnunu soxmasın və Mərkəzi Komitəyə vəz oxumasın” cavabı bu mənada diqqətdən qaçmamalıdır. Qurultayda həddindən artıq sərt səslənən bu tələb onu deməyə əsas verir ki, hələ bu hökumət öz vətəndaşının üstünə yerimək üçün çox güc toplamalı və ciddi hazırlıq işləri görməli idi. Ziyalılığa qarşı cahillik, mədəniyyətə qarşı tərbiyəsizlik, humanizmə qarşı zor, fakta qarşı iftira, mərdanəliyə qarşı rəzillik, vətənpərvərliyə qarşı daşnak-bolşevik despotizmi və s., və i.a. çıxarmaq üçün vaxt qazanmalı idi.

Məhz bu mənada müəllif çox düzgün olaraq Birinci Türkologiya Qurultaya yandırılan yaşıl işığı, bolşevik ideoloqlarının tezislərində səsləndirdikləri kimi, onun işinə dövlət qayğısını məkrli siyasi oyun və tələ adlandırır. Təəssüf ki, o dövrün ən böyük türkoloqları, ən vətənpərvər ziyalıları, milliyyətindən və  kimliyindən asılı olmayaraq türk milli-mənəvi irsinin, elm və mədəniyyətinin, ədəbiyyat və tarixinin, bütövçülükdə türk-turan dünyasının ən güclü insanları bu tələyə düşdürər. Lakin onların əsasını qoyub yüksək intuzazmla və prinsipiallıqla davam etdirdikləri türkçülük ideologiyası qısa bir zamanda elə bir vüsət aldı ki, 1929-cu ildə SSRİ MK İcraiyyə Komitəsi bir çox respublika və vilayətlərdə latın qrafikasının keçirilməsinə dair qərar qəbul etdi. İcraiyyə Komitəsinin bu qərarının icrası üçün isə çox zamana gərək yox idi. Çünki cəfakeş alimlərimiz bu yolda elə fəallıqla çalışmışdılar ki... sonradan artıq yuxarıda göstərilən bütün maneələri həll etmiş bolşeviklər onları cəzalandırmaya bilməzdi. Qırmızı terror qatarı hərəkətə keçəndə ilk sərnişinlər sırasında məhz latın əlifbasının tərəfdarları və türkçülüyün ən böyük tədqiqatçıları Zifeld Artur Rudolfoviç, Abdulla Tağızadə, Bəkir Çobanzadə, Vəli Xuluflu, Xalid Səid Xocayev, Əziz Qabuydullin, Cavid Hüseyn, Əlibəy Hüseynzadə və minlərlə ziyalımız yer aldılar. Qurultayın yeganə qadın nümayəndəsi ən qatı kommunist Ayna Sultanovanın isə nəsli tamamilə məhv edildi. Qırmızı terror özündən başqa rəngi həzm edə bilməzdi. İnqilabın beşiyi sayılan Rusiyada ağlara düşmən çıxdıqı kimi dünyanın qeyri fikirli düşüncəlilərini də qara kabusa bürüdü. Lakin bütün kabusların yalnız cismani məhvə gücü çatır. Tarixlərin sınaqlarından çıxmış, sağlam düşüncələrdən qaynaqlanaraq mənəvi dünyamızdan süzüb gələn ideyalar ölməzdir. İmperiya oyunları qarşısında cəmi 10 il tab gətirmiş, dəyişdirilməsi bir az da bizi yaddaşımızdan, kökümüzdən, şəcərəmizdən uzaq salmağa hesablanmış latın qrafikası yenidən dilimizin və ruhumuzun aynasına çevrildi. Bu gün o mücahidlərimizin apardığı gərgin və yorulmaz elmi tədqiqatların, qanları-canları bahasına başa gələn ideya mübarizələrinin nəticəsidir ki, müasir Azərbaycan Respublikasının yeni nəsli “Ana dili” bayramı qeyd edilən, “Ana dili” abidəsi ucaldılan nadir ölkələrdən birində yaşayır və yaradır. Ən qədim milli-mənəvi dəyərlərini, adət-ənənələrini, tarixini və ədəbiyyatını özündə ehtiva etməyə qadir latın əlifbasında yazıb oxuyur. Elə professor Cəlal Qasımovun türk dünyasına, türkçülük tarixinə layiqli töhfə olan latın qrafikası ilə Azərbaycan dilində yazılmış “Birinci Türkoloji Qurultay:şahidlər və şəhidlər” kitabı kimi!       

Mahir CAVADLI

 





24.04.2020    çap et  çap et