525.Az

Sən yaxşı adam deyilsən... - Gülay Tahirlinin yazısı


 

Sən yaxşı adam deyilsən... - <b style="color:red">Gülay Tahirlinin yazısı </b>

Görəsən, nə qədər insan özünü yaxşı adam olduğuna inandırıb?  Kiməsə zərərin toxunmursa, oğurluq etmirsənsə, kiminləsə dava-dalaşın yoxdursa, yalan danışmırsansa... deməli, sən yaxşı adamsan?! Yox, səni aldadıblar! Bəzi anlayışlar kimi bunu da yanlış öyrədiblər.

Yaxşı adam olmaq pis nələrsə etməmək  yox, hər fürsətdə yaxşı şeylər etməyi bacarmaqdır.

Qatil olmaq üçün gərək mütləq kimisə o dünyaya göndərəsən? Bu dünyada başqalarına cəhənnəmi yaşadanlar niyə hələ də özlərini yaxşı adam hesab edirlər?

Susmaq, bir kənara çəkilmək sadəcə, eqoistcəsinə özünü müdafiə etməkdir. Uşağını yolun ortasında döyən bir adamın yanından külək kimi ötüb keçə bilirsənsə, qanadı qırılmış quşların, ayağı sınmış itlərin yaralarını sarımırsansa, deməli, sənin o küləkdən heç bir fərqin yoxdur - insan olmağın dərinliyinə varmadan sən də onun kimi ötüb keçəcəksən...

Nə qədər adam tanıyıram, özünü elə xoşbəxt hiss edir ki... Deyir, evimdə yeməyim-içməyim var, uşaqlarım ac deyil, hər şey yaxşıdır, mən yaxşı adamam. Adam bunu deyir, amma həmin anda qapısının ağzında bir tikə çörəyə möhtac qalan, saatlarla o çörəyin yolunu gözləyən bir pişik yanıqlı-yanıqlı miyoldayır. Adam duymur onu... Sonra pişik yorulub gedəcək, həm də məyus-məyus, incik-incik... Köksündəki pişik ürəyi evindəki yemək bişən sobadan da çox yanacaq. Pişiklərin yaddaşı olmur, o, sabah bütün olanları unudacaq, yenə eyni ümidlə, eyni həvəslə gəlib o qapıda dayanacaq. Yenə eyni son... Ömür beləcə davam edəcək və o adam bir ömür özünü yaxşı adam zənn edəcək...

Tanımadığımız adamlar var, gündə, kim bilir, neçəsiylə qarşılaşırıq? Avtobusda, küçədə və s. O adamların arasında gözlərində uçurum daşıyanlar da var, çiyinlərində görünməz yüklə gəzənlər, ürəyindəki qırışlara çökənlər də, lap, Ramiz Rövşən deyən kimi, "içindən yıxılan" da... Bəlkə, onlar evlərində tapa bilmədiyi təbəssümü elə sənin çöhrəndə axtarırlar?

Ya da bir yeniyetmə qız - bəlkə, küsüb aynalardan, bəlkə, göz yaşları güzgülərin canına hopub? Sən ona bumbuz baxışlarla baxsan, o, daha bərk küsəcək və bu dəfə güzgülər sınacaq, qırılacaq...

Sən də orada-burada oturub özünə yaxşı adam deyəcəksən...

Bir nəfər həyətindəki bəzək ağaclarını kəsdi, ancaq meyvə verən ağacları saxladı. Kəsdiyi ağacların da yerinə meyvə ağacları əkdi. Ağacın özünə görə yox, meyvəsinə görə... Axı, ağac da canlıdır, hər halda onda da Tanrıdan nəsə var. Heç üzümün gövdəsini kəsiləndəgörmüsünüzmü? Mən görmüşəm uşaq vaxtı qapımızdakı üzüm kəsiləndə qucaqlayıb ağlamışdım, elə bilmişdim o da ağlayır. Bəlkə, doğrudan ağlayırmış, bəlkə elə, kəsiləndə bütün bitkilər, ağaclar ağlayır, biz isə sadəcə, üzümün göz yaşlarını görə bilirik...

İndi dünyanın hansısa bir yerində övladını boya-başa çatdıran, onu maddi cəhətdən hər şeylə təmin edən, amma bircə dəfə də övladının başını sığallamayan, onunla dost, sirdaş olmayan, bağrına basıb qucaqlamayan, övladına dərdini bölüşmək, başını rahatca dizinə qoyub ağlaya bilmək doğmalığı verə bilməyən bir ana, bir ata rahatlıqla deyir ki, mən yaxşı adamam...

Atalar sözlərimizdən, nənə-babalarımızdan eşitdiklərimizdən nəyin yaxşı, nəyin pis olduğunu öyrənmişik. Hamı bilir ki, qocalara hörmət etmək lazımdır, yalan danışmamaq, xəyanət etməmək və s. Yaxşı! Amma bundan başqa, eşqin də səsini duymaq lazımdır axı. Günəşə gülümsəməyi, çiçəklərə sevgiylə toxunmağı, bağrı çatlayan torpağı sulamağı kimsə öyrətmir, kimsə bizi buna məcbur etmir - bu duyğular eşqdən gəlir. Yaxşılıq təklikdə mövcud deyil, o, eşq və düşüncə ilə birləşməlidir.

Hüseyn Cavidin "Azər" poemasında bir epizod var: Kitabı oğurlanan qıza kitab almaq üçün pul verən Azər, ondan pul istəyən 13 yaşlı oğlanı danlayır, onu zəhmətə səsləyir. Deməli, yaxşı adam olmaq mərhəmətli olmaq demək deyil, düşüncəli olmaqdır, mərhəmətdən də, səxavətdən də, bəzən elə, əsərdə deyildiyi kimi, toqatdan da yerli-yerində istifadə etməyi bacarmaqdır.

Üzdə, demək olar, hamı yaxşı insandır, hamı elə görünür. Amma yaxşılıq daha dərinliklərdə, incəliklərdə, görünməzliklərdə gizlənib. Haqsız yerə kiminsə ürəyini yaralayıb axan qanını görməyə bilərsən, pəncərəndən ac gedən sərçələrin fəryadını duymaya bilərsən, evində səssiz-səssiz ağlayan uşaqdan xəbərsiz ola bilərsən, amma bu o demək deyil ki, sən qatil deyilsən, sən duyğusuz, haqsız deyilsən.

Bu səsləri ancaq içindəki eşqi duyduqdan sonra anlaya bilərsən - yaratdığın o yad obrazın eynəyini gözlərindən çıxarıb atdıqdan sonra... Yaxşı adam olmaq əməldən çox düşüncədən, düşüncədən də çox ruhdan qaynaqlanır. Biz özümüzü xatırlamağı bacarsaq, haradan gəldiyimizi, niyə gəldiyimizi anlasaq, içimizdəki o adsız duyğunu hiss edə bilsək, onda hər şey fərqli olardı. Bəlkə də, bütün pisliklər unutqanlıqdan yaranır - yəqin hardasa nəyisə unutmuşuq...

Əgər biz yer üzündə Tanrının zərrəsiyiksə, deməli, hər birimiz içimizdə bir Tanrı daşıyırıq. Bəlkə, elə Tanrı bizə güvənir, bəlkə başı çox qarışır, arada yorulur deyə, nələrisə məhz bizlərə həvalə edir?!

Biz eşqdən gəlmişik və o eşqi unutmağa, gizlətməyə haqqımız yoxdur. Eşq ilə dolu olan, eşqi xatırlayan adamın sevgisi, yaxşılığı fərq qoymadan hamıya qarşı yönəlir - ağaca da, çiçəyə də, lap belə, hər gün lənətlənib evlərimizdə öldürdürülən böcəyə də eşq bəxş etməyi bacarmalıyıq.

Yaxşılıqdan uzaq adamların ən böyük pisliyi ilk növbədə özlərinə dəyir: canlarının hüzuru olmur, dik dayanıb dəqiqələrlə güzgüyə baxa bilmirlər. Onlar fərqli görünür - baxışlarından kin, dodaqlarından sərtlik sezilir, çöhrəsindəki cizgilər getdikcə kobudlaşır, ürək daşlaşır, eşq isə... Eşq isə unudulur.

Bu dünyada hər gün bir az da çirkinləşən, əməlləri üzündə əks olunan, güzgülərdən qaçan Dorian Qreylər də var, hər şeyin hamıya aid olduğunu düşünüb qapısını gecə-gündüz açıq qoyan, hüzur içində uyuyan Miriel atalar da...

Bəşəriyyət, Hüseyn Cavidin "Ana" əsərindəki kimi, oğlunun qatilini bağışlayan, ona kömək edən ananın ürəyinə sahib olduğu zaman öz xilasını tapacaq. Bilirəm, o gün nə vaxtsa gələcək. Sadəcə, Eşqin səsini eşidək!..

Hə, bir də unutmadan:

Sən yaxşı adam deyilsən -
Geyinib xəz paltonu,
buz baxışlarınla
soyuqdan donan uşaqların
üzünə baxa bilirsənsə,
ancaq böyüklərlə
deyib-gülürsənsə...
Bilirsən, uşaqlar adamları
yaxşı tanıyır,
bəzən bir dəcəlliklə,
şuluqla sınayır.
Onlar səni sevmirlərsə,
sən yaxşı adam deyilsən!..

 





25.04.2020    çap et  çap et